Qonaqlı-qaralı Kukla Teatrı

post-img

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi ilə əlaqədar “Kukla teatrları həftəsi” öz işinə başlayıb. 

Ötən gün baş tutan açılış mərasimi balaca teatrsevərlər üçün nəzərdə tutulmuş  maraqlı tamaşalarla yadda qaldı. Uşaqların ən sevimli tamaşaları olan “Ağca və yeddi cırtdan”, “Üç donuz balası”, “Qırmızıpapaq”, “Gözəl və bədheybət” böyük şövqlə teatrın səhnəsində nümayiş olundu. 

Sonra, Gəncə Dövlət Kukla Teatrının aktyor heyətinin ifasında görkəmli şair, dramaturq Rəsul Rzanın “Ana Qaz” şeirinə həsr olunmuş tamaşa təqdim olundu.

Pantomim quruluşda hazırlanmış səhnə əsəri bir ananın faciəsindən bəhs edir. Ana qazın balaları bir-bir məhv olur. Yeddi baladan biri də salamat qalmır. Birini ev yiyəsi qonaq gələndə kəsir, o birini dəli bir külək yıxıb su quyusuna salır, digərini isə... Beləcə, Ana qaz faciəvi şəkildə balalarını itirir. Bu təsirli səhnənin fonunda “Ana qaz” şeirindən bir parça səslənir: 

Balaları yox olandan bəri

gecələr tez-tez

qaz yuxudan ayılırdı,

baxırdı o yan-bu yana.

Bəlkə balasından biri qalıb.

Bəlkə quyuya düşən diri qalıb?

Kim bilir, bəlkə “qa-qa” deyəndə,

qaz ağlayırdı gecələr.

Kim bilir, bəlkə

adam dili bilsəydi,

ömrü boyu

ağı deyərdi:

“Cücələr, ay cücələr,

Cücələr, ay cücələr!..”

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Şamil Məmmədli, xareoqraf, Əməkdar artist Fərmail Paşayev, quruluşçu rəssamı Məhəmməd Hacıyevdir. Səhnə əsərini Gəncə Dövlət Kukla Teatrının aktyorları Zülfiyyə Əliyeva, Səməd Xanəhmədov, Məhəmməd Hacıyev, Nahidə Namazova , Nərmin Şərifova ifa edirlər.

Tamaşadan sonra Azərbaycan dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə Gəncə Dövlət Kukla teatrının rəhbəri Fərmail Paşayevi teatrın adından mükafatla təltif etdi. 

Qeyd edək ki, “Kukla teatrları həftəsi” Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə 13-17 iyun tarixlərində “açıq qapı” formatında reallaşacaq. Ölkəmizdə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılıq əlaqələrini daha da genişləndirmək, təcrübə mübadiləsinə nail olmaq, qarşılıqlı səfərlərin yeni mərhələsinə keçmək və bölgə teatrlarının yaradıcılıq imkanlarını paytaxt teatrsevərlərinə təqdim etmək məqsədi ilə ölkənin bütün kukla teatrları bir səhnədə toplaşacaq.

Tamaşa nümayişləri ilə yanaşı, həftə çərçivəsində müasir uşaq ədəbiyyatı, kukla teatrları və onun çağdaş inkişaf tendensiyaları, eləcə də teatr-tamaşaçı əlaqələri ilə bağlı müzakirələr də təşkil olunacaq.

Fidan HÜQUQQIZI,

Elşən Ağalarov (foto),

“Xalq qəzeti”































Mədəniyyət