“Qarabağnamə” – kitabdan ekrana

post-img

Sənədli filmləri dünyaya açılan pəncərə adlandırırlar. Sənədli film informasiya vasitəsi deyil, konkret bir sujetə tabe olan, dərin ictimai məzmunlu ekran əsəridir. Bu mənada “Qarabağnamə” televiziya sənədli filmi faktların kino dili ilə ifadəsi baxımından bərabər orijinal kompozisiyaya malik, təkrar olsa da, dərin ictimai məzmunlu sənət əsəridir.


Filmin əvvəlində qədim torpağımızda doğan Günəşin təsviri müstəqil Azərbaycanın xoşbəxt sabahının rəmzi ifadəsidir. Bu kadrlardan sonra “Qarabağnamə. Tarixin səhifələri” kitabında çap olunmuş qədim tarixi abidələr, göz oxşayan mənzərələr, tarixi şəxsiyyətlərin və müasirlərimizin portretləri, tarixi faktlara istinadən üç dildə yazılanlar diktorun kadrarxası söhbətləri əsnasında ekranda ­canlandırılarkən ümumən Azərbaycan adlı gözəl məmləkətimiz üçün qürur hissi duyursan.
Filmə baxarkən Xalq rəssamı A. Hüseynovun kitabın yaranma tarixçəsi, ideyası haqqında düşüncələri sənətkarın Vətən sevgisindən irəli gəlir. Onun qravüra janrında işlədiyi qrafik lövhələrə baxdıqca, sanki, əsrarəngiz Qarabağa səyahətə çıxırsan.
Rəssam bu silsilə əsərlər üzərində işləyərkən Qarabağ hələ erməni faşistləri tərəfindən təmizlənməmişdi. Bu dəyərli əsərlər Qarabağın azad olunması arzusu ilə yaranmışdı. Kitabın II nəşri çapa hazırlanarkən artıq rəssamın arzusu gerçəkləşmiş və rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı yağı düşməndən azad etmişdi. Bu möhtəşəm Qələbədən ruhlanan rəssam yeni silsilə Zəfər plakatlarını yaratdı. Kitaba daxil olan Zəfər plakatları filmdə xronikal-sənədli kadrlar vasitəsilə canlandırılmış, “Biz qalibik” plakatındakı Ali Baş Komandanın dəmir yumruğunun ölkəmizin, xalqımızın dinc və xoşbəxt həyatının qarantı olduğu bir daha nümayiş etdirilmişdir.
Ulu öndər Heydər Əliyev xronikal-sənədli filmlərin təbliğat baxımından mühüm əhəmiyyətini qeyd edərkən demişdir: “Sənədli kino kütlələrin maariflənməsinə təsir göstərən vasitədir, kütləvi informasiya vasitələri və təbliğatı sistemimizin ayrılmaz və mühüm hissəsidir”.
“Qarabağnamə” sənədli filminin təbliğatının əhəmiyyətini nəzərə alaraq onun bütün Azərbaycan səfirliklərinə və diaspor təşkilatlarına göndərilməsi məqsədəuyğundur. Eyni zamanda, orta məktəblərdə tarix dərslərində əyani vasitə kimi istifadə olunması günümüzün vacib məsələlərindən biridir.


Aydın KAZIMZADƏ, 
Əməkdar incəsənət xadimi, kino tədqiqatçısı

Mədəniyyət