Milli musiqi ifaçılığının Arifi

post-img

Azərbaycanın mədəni ictimaiyyəti, sənətsevərlər görkəmli xanəndə və pedaqoq, Xalq artisti, professor Arif Babayevin anadan olmasının 85 illiyini sevgi-sayğı ilə qeyd edirlər. Keçirilən yubiley mərasimlərində, çoxsaylı təbriklərdə, media materiallarında ünlü sənətkarın xalq və bəstəkar mahnılarının, milli muğamların ifasında və yeni nəslə ötürülməsində çoxillik xidmətləri qədirbilənliklə vurğulanır, ustadın ünvanına səmimi  təbriklər, xoş arzular səslənir.
Arif Babayev 1938-ci ilin  20 fevral Ağdamda anadan olub. İlk sənət addımlarını Ağdam Dövlət Dram Teatrında atıb. 1960-cı ildən başlayaraq, Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ixtisas təhsili aldıqdan sonra Dövlət Filarmoniyasında,  Opera və Balet Teatrında çalışıb. İstedadlı sənətkar Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaradıb. Arif Babayev XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin yetirdiyi istedadlı xanəndə kimi tanınıb. Onun yaradıcılığında “Şur”, “Seygah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Onun ifasında səslənmiş muğam dəstgahları lentə alınaraq AzTR Fondunda saxlanır.
Arif Babayev muğam operalarında Məcnun, Kərəm (“Leyli-Məcnun”, “Əsli və Kərəm “), Aşıq Qərib (“Aşıq Qərib”), Camal (“Gəlin qayası”) rollarını məharətlə oynayıb.
O, ustad müsiqi pedaqoqu kimi Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasına muğam müəllimim olub. Xalq artisti, professor Arif Babayev Milli Konnservatoriyanın muğam kafedrasının müdiridir. Eyni zamanda Xəzər Universitetində də muğam dərsi verir.
Arif müəllim danışır ki, bir dəfə tanış səs eşidib, ayaq saxlayıb. Eşitdiyi ifanı əvvəlcə özününkü sayıb. Diqqət eləyəndə görüb ki, ifa tərzi onundur, oxuyan başqasıdır. O, özü də ustad muğam ifaçılarını belə incəliklə izləmiş, onlardan çox şey öyrənmişdi.
Bir xanəndə kimi Arif Babayevin istedadı çox tez parlamışdı. Ağdamda və Bakıda konsertləri böyük uğurla keçmçişdi. Nə idi bu uğurun səbəbi? Gənc müğənninin bu qədər tez şöhrətlənməsi nə ilə bağlı idi? Nə üçün tamaşaçılar, dinləyicilər onun konsertlərinə bu qədər maraq göstərirdilər?
Səbəb çox idi. Artıq görkəmli muğam ifaçıları yaşa dolmuşdular və Arif Babayev də belə bir vaxtda sənət meydanına çıxmışdı. Yox, səbəb təkcə bu deyildi. Səbəblərdən, bəlkə də, ən birincisi Arif Babayevin fitrətən xanəndə olması idi. Onun boy-buxunu, oturuşu-duruşu və bu kimi müsbət keyfiyyətlərinin zirvəsi olan şirindən şirin səsi idi. Təbiət  Arifə səs verəndə ondan heç nəyi əsirgəməmişdi. Səsi zilli, bəmli vermişdi. Bir də Arifin sənətkar kimi xoşbəxtliyi onda idi ki, əlinə qaval aldığı gündən öz yolu, öz nəfəsi, öz guşəxanlığı, öz dəst-xətti var idi. O, bir xanəndə kimi yaşlı sənətkarların sənətindən çox şey öyrənmişdi, amma səsi, ifası onların təkrarı deyildi. Bu səsin öz axar-baxarı, qövsi-quzehi, öz gülşəni, öz çeşməsi var idi.
Xanəndə ilk öncə muğamat və xalq mahnılarının mahir ifaçısıdır. Bu da çox təbiidir. Yaxından tanıyanlar bililər ki, onun təbiəti də, istedadı da xalq ruhuna köklənibdir. Hələ sovetlər dövründə, televiziya və radionun bunca inkişaf etmədiyi çağlarda Arif Babayevin səsi radiodan eşidiləndə yoldan keçənlərin ayaq saxlayıb onun səsinə necə aludəliklə qulaq asmalarının şahidi olmuşam. Tanıyan, tanımayan da Arifdən, onun məlahətli səsindən danışardı. O günlərdən illər keçib, çox dəyərlər dəyişib, yaş üstünə yaş gəlib, amma Arifin səsi dəyişməyib, ona olan xalq məhəbbəti tükənməyib.
“Oxuyur Arif Babayev!”. Elə bil yaddaşımız diktorun bu elanına bənddir, o saat yaddaşımızın “səs mücrüsü”nün “qızıl qapağı” açılır, gözəgörünməz “səs patefonumuz”un valı fırlanır və biz Arif Babayevin ifasında muğamlara, təsniflərə, el mahnılarına qulaq asırıq. İnsan yaddaşı artıq “yük” götürmür. O, hər xanəndənin səsini öz “mücrüsünə” qəbul eləmir.
Xanəndənin səsi ürəyimizin ən dərin hisslərinə toxunur. Çünki Arif Babayev “Segah” nəfəsli xanəndədir. O, nə oxuyur-oxusun, “Segah”dan ilmələr atmağı, naxışlar vurmağı, avaz, nəfəs işlətməyi sevir. Ümumiyyətlə, bir xanəndə kimi Arifin “Segah” muğamına münasibətini bilmək maraqlıdır. Xanəndə deyir ki, kim “Segah” muğamını oxuya bilir, mən onu xanəndə sayıram. Muğamların hamısı üçün səs lazımdır, amma hər səslə “Mirzə Hüseyn segahı”nı oxumaq olmaz.
Mahir ifaçı nə oxuyubsa, ürəkdən oxuyub. Müğənninin respublika televiziya və radiosunun fonotekasında saxlanan muğam ifalarına, təsnif, el nəğmələrinə qulaq asanda onun səsi, nəfəsi bizə bahar çiçəkləri kimi təzə-tər gəlir. Xanəndənin ifasında dönə-dönə qulaq asdığımız muğamları, təsnifləri təkrar-təkrar dinləməkdən usanmırıq. Görünür, muğamda və bu muğamatı bütün əlvanlığı və dərinliyi ilə bizə çatdıran sənətkarın səsindədir bu hikmət.
Muğam, mahnı, təsnif ifaçısı kimi Arif Babayev klassik xənəndəlik sənətimizin ən layiqli davamçılarındandır. Zaman-zaman oxunan, büllurlaşan, yaddaşlara həkk olunan el nəğmələrinin ifasında təzə nəfəs, şirin xırdalıqlar, yeni ovqat gətirmək hər xanəndəyə nəsib olmur. Arif Babayev həmişə ürəyinə yatan xalq mahnılarını seçib oxuyur. “Yar bizə qonaq gələcək”, “Apardı sellər Saranı”, “Yaxan düymələ”, “Qəmərim”... kimi mahnılar onun ifasında daha şux, daha oynaq, daha yaddaqalandır.
Arif Babayev Fransada, İsveçrədə, İtaliyada, Danimarkada, ABŞ-da, Türkiyədə, İranda, Livanda, Ərəb ölkələrində və daha neçə-neçə xarici ölkələrdə xalq musiqimizin təbliğatçısı olub.
Arifin səsi adamı çıraq pərvanəni özünə çəkən kimi çəkir. O, nə qədər zildən oxuyur-oxusun, səsi zərrəcə adamın əsəblərini qıcıqlandırmır. Elə bil, zərif bir pıçıltıya qulaq asırsan. O, oxuduqca, sanki, sakit-sakit qar yağır və o qar bizim ruhumuza qəribə bir bəyazlıq gətirir.
Arif Babayevin sənət ömrü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçib. O, 1966-cı ildən 2006-cı ilə kimi Opera və Balet Teatrının solisti olmuşdur. Arif Babayev məhz bir aktyor-müğənni kimi bu qocaman sənət məbədində püxtələşib. O, Məcnun obrazının mahir ifaçısı kimi həmişə tamaşaçıların, musiqiçilərin diqqətini cəlb edib. Məcnun onun ifasında lirik, zərif düşüncəli bir aşiqdir. Hər dəfə Arif Babayevin ifasında Məcnunun ariyalarını dinləyəndə qəlbimiz riqqətə gəlir. Çünki Arif Babayevin səsi böyük filosof aşiqin iç dünyasının ən incə, bakir duyğularını bizə bütün əlvanlığı, bütün gözəlliyi ilə çatdırır. Bu mənada, Arif Babayevin Məcnunu yaşarıdır,  yaddaqalandır. İstedadlı bir opera müğənnisi kimi Arif Babayevin Məcnun obrazına məhəbbəti sonsuzdur. 
Bu gün Arif Babayev sənətinin fövqündədir. Adı, şöhrəti ölkəmizin sərhədlərini çoxdan aşıb. O, professor elmi adını almış ilk muğam ifaçısıdır, həm də pedaqoq-xanəndədir. İstedadlı gənclərimizin əksəriyyəti onun tələbəsi olmağa can atır. Bütün bunlar həm də Arif Babayevin səsinə, onun ifaçılıq üslubuna sevgidən irəli gəlir. Bu barədə söz düşəndə Arif müəllim deyir ki, hər bir sənətkar öz bildiyini gənc nəslə öyrətməlidir. Bu, onun borcudur. Tələbəmin uğuru bir müəllim kimi həm də mənim uğurumdur.
Cəsarətlə demək olar ki, bu gün Arif Babayev təkcə doğma Azərbaycanımızın deyil, böyük türk dünyasının, bütün Şərqin sevilib seçilən xanəndəsidir.


Mustafa ÇƏMƏNLİ, 
Əməkdar mədəniyyət işçisi



Mədəniyyət