“M. Teatr”da “Məhşər günü”

post-img

17-19 fevral tarixlərində müstəqil “M.Teatr” – Mənim teatrım-ın səhnəsində müasir gürcü yazarı Gela Dumbadzenin "Gecə qonağı" əsəri əsasında hazırlanmış "Məhşər günü"  tamaşasının premyerası olub.
Bir bölümlü əcəl oyunu kimi hazırlanan “Məhşər günü” tamaşası uğurlu karyera qurmuş, bu yolda bir sıra  mənəvi dəyərlərini itirmiş və ölümə məhkum edilmiş, istedadlı, təcrübəli dövlət müşavirindən bəhs edir. O, hər şeydən bezir, gərəksiz biri olduğunu anlayır və özünü öldürmək qərarına gəlir. Odur ki, tapança ilə rus ruletkasını vasitə seçərək həyatı ilə oyuna başlayır.  Hər bir yeni cəhdində gülləyə tuş gəlməyən qəhrəman itirdiyi sevgilisini, ustadını,  dostunu xatırlayıb onlara layiq olmadığını anlayır və israrla amansız oyununa davam edir. Bir sözlə, içində kök salmış laqeydliyi, təkəbbürü, xudbinliyi tədricən məhv edib əvəzində sevgi, savab kimi mənəvi keyfiyyətləri dirçəltməyi bacarır.  Nəhayət, anlayır ki, bu mənəvi keyfiyyətlər insan həyatında əvəzi olmayan dəyərlər və həqiqətlərdir.
Səhnə əsərində rolları xalq artisti Vidadi Həsənov, gənc ­aktyorlar– Şahanə Yusifova, Tohid Əzim ifa edirlər.
Yeni tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımov, xoreoqrafı Oksana Rəsulovadır.
Premyeradan sonra tamaşaçılar yaradıcı heyətlə səhnəarxası görüş keçirib, onlarla xoş təəssüratlarını bölüşdülər.
Qeyd edək ki, "Sarı trolleybus", "Mən - qaçan" və "Almaları sevirəm" hekayələr toplusunun müəllifi olan Gela Dumbadze  eyni zamanda istedadlı rəssamdır. 2001–2005-ci
illərdə Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyində müşavir vəzifəsində çalışıb.

 

F. Salmanova, 
“Xalq qəzeti”



Mədəniyyət