“Qızılcaya barmaqarası baxmayın!”

post-img

Hazırda bir sıra ölkələrdə qızılca xəstəliyinə yoluxmaların artması ilə bağlı xəbərlər yayılıb. “Memorial Klinika”nın pediatrı Vaqif Qarayevlə söhbətimizdə həkim qızılca xəstəliyi, həmçinin Azərbaycanda bununla bağlı vəziyyət barədə suallarımızı cavablandıraraq dedi:
– Qızılca infeksion xəstəlik olaraq, adətən, uşaqlar arasında yayılır. Amma peyvənd almayan böyük yaşlı insanlar da hər hansı yaşda qızılcaya yoluxa bilirlər. Medianın yaydığı məlumatlara görə, qonşu ölkələrdə, əsasən də Rusiyada xəstəlik son vaxtlar həddən çox artıb. Pandemiyadan öncə qızılca bizdə də geniş yayılmışdı. Yoluxmanın artması, xəstəliyə qarşı peyvənd vurdurmamaqla bağlıdır. Hətta bir müddət əvvəl ÜST həyəcan təbili çalırdı ki, uşaqları peyvənd olmayan ölkələrdə qızılcanın epidemiyası gedir. 
– Xəstəlik necə yayılır və hansı əlamətlərlə özünü biruzə verir?
– Bütün yoluxucu xəstəliklər kimi, qızılca da uşaqlara, eləcə də böyüklərə hava-damcı yolu ilə keçir. Əlamətləri mərhələlərlə gedir. İlkin mərhələ üç-dörd gün çəkir. Hərarət 37,5–38 dərəcə olur. Burun axır, öskürək başlayır, gözlər qızarır, konyuktivit əlamətləri müşahidə edilir. Sonrakı üç gündə səpki dövrü  başlayır. Öncə üzdə, qulağın arxasında, sonrakı gün bədəndə, üçüncü gün əllərdə və ayaqlarda qırmızı ləkəli səpkilər müşahidə edilir. Səpki elementləri çox zəngin olur. Üç gündən sonra həmin səpkilər yarandığı mərhələ ilə sönməyə başlayır. 
Qeyd etmək lazımdır ki, ikinci–səpki mərhələsində uşağın vəziyyəti pisləşir. Qızdırma 39–40 dərəcəyə qalxır, öskürək kəskin artır. Bu tərəfdən də konyuktivit ucbatından xəstə gözünü açıb işığa baxa bilmir. Bəzən ağırlaşma başlayır. 
– Qızılcaya qarşı müalicə aparılırsa, ağırlaşma  nə səbəbə baş verir?
– Qızılca xəstəliyində ağırlaşma olmasa, sonrakı üç-dörd gündə səpkilər sönməyə doğru gedir və uşağın vəziyyəti yaxşılaşır. Amma müalicə qaydasına düzgün əməl edilməyəndə xəstəlik ağır formaya keçir. Xəstəliyin ən qorxulu ağırlaşması uşaqda qızılca pnevmoniyası, bir də ensefalitin (baş beyininin zədələnməsi) baş verməsidir. Bu ağırlaşmalara ciddi yanaşılmayanda, ölümlə nəticələnə bilir. Bundan başqa, ağırlaşmalar zamanı bir də qızılca inağı başlaya bilər. Bu zaman uşaq boğulma həddində fasiləsiz öskürür, nəfəs alması çətinləşir. 
– Uşaqları xəstəlikdən qorumaq mümkündürmü?
– Qızılcadan qorunmaq üçün yeganə üsul peyvənd vurdurmaqdır. Ümumiyyətlə, yoluxucu xəstəliklərdən qorunmağın düzgün yolu vaksinasiyadır. Təəssüf ki, bizdə son vaxtlar peyvəndə qarşı əks münasibət yaranıb. Heç bir əsası olmadığı halda, cəmiyyətdə “peyvənd ağırlaşma verir”, “peyvənddən sonra qolu tutuldu, ayağı tutldu” – kimi mənasız fikirlər səslənir. Əslində, düzgün yol uşağın vaxtında peyvənd olunmasıdır. Peyvənd təqviminə uyğun olaraq uşaqlar iki dəfə – 1 yaşında və 6 yaşında  qızılca əleyhinə vaksin almalıdırlar.
Qeyd edim ki, ananın immunitetindən və uşağın südlə qidalanmasından asılı olaraq, uşaqlar  adətən 6 aylığına, bir yaşınadək xəstələnmirlər. Amma, ananın immuniteti zəifdirsə, uşaq süni qidalarla bəslənirsə, istənilən ayda körpədə qızılca, yaxud diğər yoluxucu xəstəlik müşahidə oluna bilər. Hazırda ölkəmizdə qızılcanın ciddi həyəcan doğurduğunu demək olmaz. Amma az da olsa, təsadüf edilir və ağırlaşmalar müşahidə olunmur. 
Analara tövsiyəm budur ki, sahə həkimlərinin uşaqlarla bağlı tələblərinə ciddi yanaşsınlar. Övladlarını vaxtında peyvəndləməklə onları qızılca kimi yoluxucu xəstəliklərdən və onun  ağırlaşmasından qorusunlar.  


Söhbəti qələmə aldı: 
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”



Müsahibə