Dil millətin mənəviyyat bayrağıdır

post-img

Bu əlamətdar gün 1999-cu ilin noyabrında Birləşmiş Millətlər Təşkilatı tərəfindən elan edilib. Əsas məqsəd dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunmasıdır. Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dili ilə fəxr etmək, ali tribunalardan səslənməsinə nail olmaq hüququnu bir daha xatırladır.


Tarixdən məlumdur ki, 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbə qətlə yetirilib və BMT-də həmin ölkə səfirinin səsləndirdiyi təşəbbüs də onların xatirəsini yaşatmaq məramını güdüb. Məsələyə qlobal yanaşsaq, bir daha təsdiqləməliyik ki, dil hər bir xalqın milli varlıq nişanəsi, maddi və mənəvi irsini qoruma vasitəsidir və yaşamaq hüququ var.
Bizim Azərbaycan dilimiz də zaman-zaman diskriminasiya edilib. Amma məhv olmayıb, ilikdə, qanda, süddə, nəhayət, xalqın varlığında bütün gözəlliyi ilə  yaşaya bilib. 
Uzun müddət “Kommunist” adı ilə çıxmış hazırkı “Xalq qəzeti”nin əməkdaşları kimi, bizim üçün xüsusilə fərəhlidir ki, ulu öndər Heydər Əliyev 1969-cu ildə   respublikanın rəhbəri seçildikdən cəmi 55 gün sonra – sentyabrın 8-də qəzetin Akademik Dram Teatrında keçirilən 50 illik yubileyində ilk dəfə olaraq Azərbaycan dilində nitq söyləyib. Həmin tədbirdə şəxsən iştirak etmiş qocaman jurnalist həmkarımız Telman Heydərov xatırlayır ki, Sovet rejiminin qadağaları, rus dilinin hegemonluğu dövründə belə bir cəsarətin göstərilməsi böyük sensasiya kimi qarşılandı və respublika rəhbərinin ana dilində ilk cümləsindən sonra salonu sürəkli alqış sədaları bürüdü. Beləcə, Heydər Əliyev həmin vaxta qədər bütün müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanda da sıxışdırılan dilimizin sabahına işıq saldı, şəxsi nümunəsi ilə milyonlarla insanın ürəyindən keçənləri ifadə elədi, dilimizin ən ali mərtəbəyə layiq olduğunu göstərdi. Növbəti belə çıxış həmin ilin noyabrında Azərbaycan Dövlət Universitetinin 50 illiyinə təsadüf etdi. 1978-ci ildə isə Azərbaycan SSR-in Konstitusiyası hazırlanarkən ulu öndər nail oldu ki, Konstitusiyada “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi təsdiq edilsin. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ikinci dönəmdə də dövlət dilimizin tətbiqi işinin təkmilləşdirilməsi ilə bağlı mühüm sənədlər imzalayıb. Dahi şəxsiyyət bunu təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsi hesab edirdi.     
Dilə təəssübkeş münasibət ənənəsini yeni əsrdə Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının verdiyi bir sıra sərəncamlar və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Bu həm də gənc nəslin milli dəyərlərimizə, milli mənəviyyatımıza daha sürətlə və uğurla sahib çıxmasına ölkə rəhbərinin göstərdiyi diqqətdir.   
…Mirzə Cəlilin “Anamın kitabı” əsərində qeyri-doğma dillərdə danışan, ana dilini özlərinə yaraşdırmayan üç qardaşın bacısı Gülbaharın bu nadanlığa əməli etirazı hər kəs üçün əsl ibrət dərsi idi. Onun “Qaldı bircə kitab. Bu da anamın kitabı!” deməsi ilə müəllif diqqəti bütün balaların əzəl-axır Zəhra ananın dil işığına yığışması zərurətinə yönəldir.  
Bu gün Cənubi Azərbaycanda sayı 40 milyondan artıq olan soydaşlarımızın doğma ana dilində danışmasına imkan verilmir. Orada Azərbaycan dilində təhsil aparılan bir məktəb belə yoxdur. "Vahid şiə hümməti" ideyasını təşviq edən Tehran molla rejimi Azərbaycan dilinin işlənmə dairəsini bacardığı qədər daraldıb. Çürüməkdə olan şovinist hakimiyyət hətta azərbaycanlıların öz vəsaitləri hesabına uşaqlarına müəllim tutub evlərində ana dilində dərslər təşkil etməsinin qarşısını da alır, bu "əməl"ə görə ev sahiblərini və müəllimləri cəzalandırır. Bütün bunlarınsa haqlı narazılıq doğurması və müqavimət dalğası yaratması təbiidir. 
Ulu Şəhriyar deyirdi: “Türkün dilitək sevgili, istəkli dil olmaz, Ayrı dilə qatsan bu əsil dil əsil olmaz”. Sevgili dillə, digər milli hüquqlarla bağlı etirazların hərəkatlara, hərəkatlarınsa irqçi rejimlərin məhvinə səbəb olacağı şübhəsizdir. Ölkələrindəki etnik müxtəlifliyə önəm verməyənlər, ayrı-seçkilik salanlar özlərinin düşəcəkləri quyunu daha da dərinləşdirdiklərinin fərqinə varmalı, anlamalıdırlar ki, heç bir dili zor gücünə məhv edə bilməzlər.  


Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”

Mədəniyyət