Görmə alqoritmlərində inqilab

post-img

Beynəlxalq tədqiqatçılar qrupu insan gözündən daha sürətli və mövcud kompüter modellərindən dörd dəfəyə qədər daha çevik işləyən yeni maşın görmə sistemi hazırlayıb. Sistem bioloji torlu qişanın iş prinsipini təqlid edir və yalnız hərəkət edən obyektlərə fokuslanır. Bu yanaşma həm hesablama yükünü, həm də reaksiya vaxtını əhəmiyyətli dərəcədə azaldır.

Ənənəvi “optik axın” texnologiyaları 1950-ci illərdən məlumdur və vizual səhnələrin ani emalını modelləşdirməyə çalışır. Lakin onların robot texnikasında tətbiqi böyük hesablama gücü tələb edir. Məsələn, 1920×1080 piksel ölçülü bir kadrın Nvidia V100 qrafik prosessoru ilə emalı 0,6 saniyədən çox çəkir. Bu, insan gözünün eyni işi görməsi üçün lazım olan vaxtdan təxminən dörd dəfə artıqdır. Müqayisə üçün, Tesla şirkətinin Autopilot sistemi təxminən 10 millisaniyə gecikmə ilə işləyir, lakin xırda hərəkətlərin dəqiq təhlilində hələ də məhdudiyyətlərə malikdir.

Yeni sistemi hazırlayan mühəndislər neyromorf prinsiplərə əsaslanıblar. Fevralın 10-da “Nature Communications” jurnalında dərc olunan məqaləyə görə, qurğu ikiölçülü sinaptik tranzistorlardan istifadə edir. İlham mənbəyi insan görmə sistemində torlu qişa ilə beynin vizual mərkəzləri arasındakı əlaqə olub. Sistem bütün görüntünü emal etmir, yalnız parlaqlıq dəyişikliklərinə reaksiya verir və hərəkət olan hissələri seçir. Bu “maraq zonaları” daha sonra standart kompüter görmə alqoritmlərinə ötürülür. Nəticədə ümumi emal prosesi daha sürətli və səmərəli olur.

Sınaqlar zamanı sistem parlaqlıq dəyişikliklərini cəmi 100 mikrosaniyəyə qeydə alıb. Hərəkət məlumatları 10 min saniyədən çox saxlanılıb və modul 8 mindən artıq iş dövründə sabit işləyib. Tədqiqatçılara görə, bu yanaşma mövcud alqoritmləri dörd dəfə sürətləndirir və bəzi hallarda insan gözünü belə qabaqlaya bilir.

Layihənin həmmüəllifi, Pekindəki “Beihang University” (Çin) dosenti Şo Qao bildirib ki, məqsəd adi kameraları əvəz etmək deyil. Onun sözlərinə görə, aparat modulları mövcud kompüter görmə sistemlərini daha sürətli və praktik edir. Bu texnologiya avtonom sistemlərin toqquşmadan yayınma və mürəkkəb mühitdə naviqasiya imkanlarını genişləndirə bilər. Bununla belə, alimlər real şəraitdə etibarlılığı təsdiqləmək üçün əlavə sınaqlara ehtiyac olduğunu vurğulayırlar.

S.ELAY

XQ

Maraqlı