Azərbaycan–C6 ölkələrinin beyin mərkəzlərinin konfransı

post-img

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Bakıda Azərbaycan–C6 (Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri) ölkələrinin beyin mərkəzlərinin konfransı təşkil edilib.

“C6: Vahid region, ortaq gələcək - strateji dialoqun gücləndirilməsi” mövzusuna həsr edilən beynəlxalq tədbirdə C6-ya üzv ölkələrin aparıcı beyin mərkəzlərinin nümayəndələri də daxil olmaqla, ümumilikdə 60-a yaxın iştirakçı təmsil olunub.

Konfransın açılışında çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, 2025-ci ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qoşulması regional əməkdaşlıq baxımından mühüm mərhələdir. Onun sözlərinə görə, bu addım Xəzər dənizi hövzəsi boyunca inteqrasiya olunmuş geoiqtisadi və geosiyasi məkanın formalaşmasına töhfə verəcək və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrini daha da gücləndirəcək.

Daha sonra çıxış edən Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev Azərbaycanın Mərkəzi Asiya Liderlərinin Məşvərət Görüşlərinə qoşulmasını regional əməkdaşlıq tarixində yeni mərhələ kimi qiymətləndirib. Onun sözlərinə görə, C6 yalnız dialoq platforması deyil, həm də qlobal qeyri-sabitlik şəraitində ortaq həllər tapmağa, qarşılıqlı faydaya əsaslanan dayanıqlı iqtisadi əlaqələr qurmağa, eləcə də humanitar əməkdaşlıq və təcrübə mübadiləsi vasitəsilə etimadı gücləndirməyə imkan verən canlı mexanizmdir.

Konfrans işini tematik mövzular üzrə sessiyalarla davam etdirib.

***

Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun şöbə müdiri Azamat Sulimanovun moderatorluğu ilə keçirilən “Dialoqdan dayanıqlı mexanizmlərə: C6 əməkdaşlığının gələcəyi” mövzusunda birinci sessiyada formal institutların zəruriliyi və çevik əməkdaşlıq formatlarının səmərəliliyi müzakirə edilib.

Müzakirələrdə Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev, Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun baş elmi əməkdaşı Sanat Kuşkumbayev, Qırğız Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutunun Analitika və Koordinasiya şöbəsinin baş eksperti Temirlan Razbayev, Qazaxıstan Prezidenti yanında Milli Qurultayın üzvü Talqat Kaliyev, Qırğızıstandan olan politoloq Şeradil Baktuqulov çıxış ediblər.

Sessiya çərçivəsində mövcud mexanizmlər - məsləhətləşmə platformaları, ekspert şəbəkələri və iqtisadi təşəbbüslər dəyərləndirilib. Həmçinin regional dialoqun institusionallaşdırılmasında beyin mərkəzlərinin rolu, C6 ölkələrinin beynəlxalq platformalarda mövqelərinin əlaqələndirilməsi və humanitar əməkdaşlığın davamlı mexanizmlərə çevrilməsi məsələləri diqqət mərkəzində olub.

***

BMTM-in baş məsləhətçisi Yunis Qurbanovun moderatorluğu ilə keçirilən “Əlaqəlilik və inkişaf: C6 əməkdaşlığının iqtisadi ölçüsü və dayanıqlı inkişaf” sessiyasında isə Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktoru Javlon Vahabov, Türkmənistan XİN yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Aytən Turabova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Roza Bayramlı çıxış ediblər.

Sessiyada Trans-Xəzər regionu və Orta Dəhliz çərçivəsində regional sinerji və rəqabət məsələləri müzakirə olunub. Həmçinin C6 ölkələri arasında enerji əməkdaşlığı, investisiya imkanları və mövcud maneələr, eləcə də ekoloji çağırışlar və etimadın möhkəmləndirilməsi kimi mövzulara toxunulub. Bununla yanaşı, iqtisadi əməkdaşlığın dayanıqlı mexanizmlərə çevrilməsi yolları da əsas müzakirə istiqamətlərindən biri olub.

***

BMTM-in baş məsləhətçisi Roza Bayramlının moderatorluğu ilə keçirilən “Qlobal qeyri-sabitlik şəraitində C6 regional təhlükəsizliyi” mövzusundakı sessiyada təhlükəsizlik sahəsində mövcud ümumi və fərqli təhdidlər təhlil edilib. Qazaxıstanın Asiya Araşdırmaları İnstitutunun direktoru Sultan Akimbekovun, Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun direktorunun birinci müavini Akramjon Nematovun, Tacikistan Prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzinin Sosial məsələlərin təhlili, miqrasiya və ictimai rəyin öyrənilməsi idarəsinin rəisi Baxtiyor Xamdamovun, Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Fərhad Məmmədovun, politoloq İlqar Vəlizadənin iştirak etdiyi müzakirələrdə bloklaşma yaratmadan hərbi-siyasi əməkdaşlığın təşviqi, xarici aktorlarla münasibətlərdə balansın qorunması və regionun strateji muxtariyyətinin təmin olunması məsələlərinə xüsusi diqqət yetirilib. Sessiya iştirakçıları qlobal qeyri-sabitlik fonunda C6 regionunun dayanıqlılığını artıran praktik yanaşmaları və səmərəli əməkdaşlıq mexanizmlərini müzakirə ediblər.

XQ



Son xəbərlər