XİN İsrail ilə İran arasında atəşkəsi alqışlayır
İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayırıq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında qeyd edilib.
Bildirilib ki, bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır. “Azərbaycan atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir, daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırır. Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq”, – deyə XİN-in açıqlamasında vurğulanıb.
Azərbaycan – BƏƏ diplomatik məsləhətləşməsi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.
Telefon danışığı zamanı Azərbaycanla BƏƏ arasında tərəfdaşlıq, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Tərəflər İsrail–İran toqquşması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, problemlərin diplomatik yollarla həllinin vacib olduğunu vurğulayıblar.
Çinlə viza rejimi ləğv olunur
Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş iyulun 16-dan qüvvəyə minir.
Sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Çin Xalq Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində otuz (30) gündən çox olmamaqla və hər yüz səksən (180) günlük dövr ərzində ümumilikdə doxsan (90) gün müddətini aşmamaqla viza tələbindən azad edilir.
XQ