Dünən “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Baş prokurorun müavini Elmar Camalov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini Qaya Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü professor Gülçöhrə Məmmədova, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Nazim İsmayılov və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli təqdimatda çıxış edərək nəşrin mövzusunun əhəmiyyəti, məqsədi və aktuallığı barədə fikirlərini bölüşüblər.
Qeyd olunub ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetləri arasındadır. Müxtəlif dövrlərdə soydaşlarımıza qarşı həyata keçirilən deportasiya nəticəsində onlara məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib. Qeyd edilən deportasiya siyasətinin son dalğası nəticəsində 300 minə yaxın insan öz dədə-baba torpaqlarından məcburi şəkildə çıxarılıb. Nəticədə ,Ermənistan regionda monoetnik dövlətə çevrilib.
Vurğulanıb ki, Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı beynəlxalq hüquqa zidd əməllərin cəzasız qalmasından ilhamlanan Ermənistan 30 ildən çox müddətə Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Ermənilər tərəfindən azərbaycanlılara qarşı yalnız etnik təmizləmə siyasəti həyata keçirilməyib, eyni zamanda, soydaşlarımıza məxsus maddi-mədəni irsin yer üzündən tamamilə silinməsinə yönəlik vandalizm aktları törədilib.
Mərasimdə Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olunub.
Seriyanın 5 hesabatdan ibarət olması nəzərdə tutulub. I cilddə 1991-ci ilə qədər Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində mövcud olmuş, indi isə yalnız xarabalıqları qalmış 700-dən çox azərbaycanlı qəbiristanlığının 201-nin əvvəlki və indiki vəziyyətindən bəhs edilir.
XQ