İrəvan qazılığı bərpa edildi

post-img

QMİ-nin Qazılar Şurası bu barədə qərar qəbul etdi 

Mayın 22-də Bakıda Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının geniş tərkibdə iclası keçirilib.

QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə İrəvanın tarixi və Qərbi Azərbaycanla bağlı fikirlərini bölüşərək İrəvan qazılığının bərpa edilməsi zəruriliyini söyləyib. Sonra Qərbi Azərbaycanda qazılığın tarixi ilə bağlı videoçarx nümayiş etdirilib. İclasda İrəvan qazılığı ilə bağlı ayrıca Əsasnamə təqdim olunaraq səsə qoyulub və qəbul olunub. Bəxtiyar Nəcəfov İrəvan qazısı seçilib. Bildirilib ki, İrəvan qazılığı ilkin mərhələdə Qafqaz Müsəlmanları İdarəsinin binasında yerləşəcək. 

İclasda Allahşükür Paşazadə Azərbaycanda Qurban bayramının  keçirilməsi ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin fətvasını səsləndirib. Diqqətə çatdırılıb ki, bayram bu il iyunun 6-na təsadüf edəcək.

Ardınca Şeyxülislam QMİ sədrinin yeni müavini vəzifəsinə Ceyhun Rüstəmovun təyin olunmasını təklif edib və təklif yekdilliklə qəbul olunub. 

İclasda Milli Məclisin deputatları, dini və ictimai xadimlər, alimlər geniş çıxışlar ediblər.

Milli Məclisin deputatları Hikmət Babaoğlu, Fazil Mustafa, Anar İsgəndərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və başqaları İrəvanın tarixi, dini və mədəni irsi barədə ətraflı məlumat veriblər. Bildirilib ki, bu torpaqlar əsrlər boyu azərbaycanlıların məskunlaşdığı ərazilər olub və oradakı dini irsimiz də milli kimliyimizin ayrılmaz hissəsidir.

Din xadimləri və ictimaiyyət nümayəndələri də İrəvan qazılığı institutunun təsis olunmasını müsbət qarşılayaraq, bu təşəbbüsün tarixi ədalətin bərpasına, milli-mənəvi irsin dirçəlməsinə xidmət etdiyini vurğulayıblar.

Sonda Allahdan Vətənimizin bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin ruhuna rəhmət dilənib, qazılıq fəaliyyətinin uğurlu və xeyirli olması üçün dualar edilib, xalqımıza birlik, əmin-amanlıq və dini-mənəvi dirçəliş arzulanıb. 

XQ

 

Son xəbərlər