GLOBE Şəbəkəsinin Bakı iclası başa çatıb

post-img

Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GLOBE Şəbəkəsi) 6-cı Plenar iclasının peşəkar seqmenti mayın 22-də Bakı şəhərində uğurlu nəticələrlə başa çatıb. 

Proqrama uyğun olaraq, mayın 
22-də iclasda GLOBE Şəbəkəsinin Regional Ofislərinin təsis edilməsi prosedurları ilə bağlı BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) nümayəndələri tərəfindən görülmüş işlər barədə təqdimatlar verilib. Eyni zamanda, korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda panel müzakirəsi aparılıb. Paneldə Küveyt Dövləti və UNODC nümayəndələri çıxış edərək, beynəlxalq əməkdaşlığın əhəmiyyətini və şəbəkənin potensialını vurğulayıblar.

Sonrakı müzakirələrdə korrupsiya cinayətlərinin araşdırılmasında cinayət təqibindən kənar həllərin innovativ tətbiqi məsələsi gündəmə gəlib. Cənubi Afrika, Braziliya, Tailand və Vyetnam nümayəndələri bu mövzu ətrafında çıxış edərək, qeyri-cinayət həll yollarının tətbiqinin vacibliyini qeyd ediblər. 

Bununla yanaşı, digər bir panel ictimaiyyətin məlumatlandırılması və korrupsiyaya qarşı qabaqlayıcı tədbirlərin gücləndirilməsi mövzusuna həsr olunub. Rusiya, Çin (Honkonq Xüsusi Administrativ Bölgəsi), Haiti, Pakistan və Nepal (onlayn) nümayəndələri korrupsiyaya qarşı mübarizədə ictimaiyyətin inamını artırmağın və dəstəyi səfərbər etmənin yolları barədə geniş məlumatlar təqdim ediblər.

Aktivlərin bərpası və beynəlxalq təcrübələrin mübadiləsi mövzusu da müzakirə olunan mövzular arasında yer alıb. Braziliya, Madaqaskar, Papua Yeni Qvineya, Tailand və Uqanda nümayəndələri, həmçinin Eqmont Qrupunun Azərbaycandan olan təmsilçisi Fuad Əliyev bu sahədəki mühüm addımları və müsbət təcrübələri təqdim ediblər.

Tədbirin bağlanış mərasimində Azərbaycan Respublikasının Baş prokurorunun müavini Nazim Rəcəbov çıxış edərək GLOBE Şəbəkəsinin korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün çox vacib bir platforma olduğunu bildirib. GLOBE Şəbəkəsinin İdarəetmə Komitəsinin sədri Nasser Abaalkhail (Səudiyyə Ərəbistanı), sədr müavini Boni de Moraes Soares (Braziliya) və GLOBE Şəbəkəsinin koordinatoru Rozitsa Zaharieva da iştirakçılara təşəkkür edərək korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi üçün əməkdaşlığın davam etdiriləcəyini vurğulayıblar. 

XQ

 

Son xəbərlər