Çağdaş poeziyamızın görkəmli nümayəndəsi, unudulmaz Xalq şair və ictimai xadim Zəlimxan Yaqubun 75 illik yubileyi doğulub böyüdüyü Borçalı torpağında da sevgi-sayğı ilə qeyd edilir. Bolnisi rayonunda soydaşlarımızın böyük icmasının yaşadığı, xalqımıza bir çox dəyərli ziyalı bəxş etmiş Faxralı kəndindəki 1 saylı ictimai məktəbdə də sənətkar ehtiramla yad edilib.
Mərasimdə iştirak edən təhsil ocağının kollektivi, kənd əhalisi və qonaqlar sevimli həmyerlilərinin zəngin irsinin milli ədəbiyyatımıza yeni dəyər qazandırdığından öyünclə söz açıblar. Məktəbin direktoru Cümşüd Gülməmmədov məclisi giriş sözü ilə açaraq Zəlimxan Yaqubu Borçalı elinin yetişdirdiyi, doğulduğu torpağa şöhrət gətirən yurdsevər, istedadlı və bütün türk dünyasında sevilən bir şair olduğunu söyləyib.
Yubiley toplantısının təşkilatçısı “Qafqaz hüquq və inteqrasiya mərkəzi”nin Azərbaycan dili müəllimi Fatma Əliyeva, Borçalı məktəbinin ədəbiyyat müəllimləri Səmayə Musayeva və Aidə Nabadova Zəlimxan Yaqubun həyat yolu, onun milli ruhla yoğrulmuş yaradıcılığının ideya-sənətkarlıq məsələləri barədə söz açıblar.
Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov Zəlimxan Yaqub poeziyasının təkcə Azərbaycanda deyil, ümumtürk ədəbi-mədəni aləmində böyük populyarlıq və rəğbət qazandığını qeyd edib, onun türklük sevgisinin gənclər üçün örnək olduğunu bildirib. Çıxış edən ziyalılar belə məclislərin Borçalıda milli-mənəvi dəyərlərin qorunması və yaşadılması baxımından önəmini vurğulayıblar.
Mərasimdə Zəlimxan Yaqubun həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib. Şagirdləri şairin yaradıcılığından nümunələr səsləndiriblər. Aşıqların yubiliyar şeirlərini saz havaları üstündə səsləndirmələri məclisə təntənə gətirib. Xalq şairinin xatirəsinə dərin ehtiramı ifadə edib.
Nəriman ƏLİYEV
Tbilisi