Təbiət ona xəyanəti bağışlamır

post-img

Prezident İlham Əliyevin 2007-ci il 16 may tarixli sərəncamı ilə hər il mayın 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur. Qeyd edək ki, adıçəkilən nazirlik Azərbaycan ərazisində, həmçinin Xəzər dənizinin Azərbaycana aid hissəsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması istiqamətində dövlət siyasətini həyata keçirir. İndiki və gələcək nəsillərin sağlamlığının təmin olunması, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi nazirliyin qarşısında duran başlıca məsələlərdir.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülüb. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar uğurla yerinə yetirilib. 

Hazırda ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın qorunması sahəsində ardıcıl quruculuq işləri davam etdirilir. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün öz bəhrəsini verir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dahi şəxsiyyət Heydər Əliyev ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, o cümlədən köhnə texnologiyaların yenisi ilə əvəzlənməsinə, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirib. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində uğurlu nəticələr əldə olunub. Məhz Ulu öndərin ­1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra paytaxt Bakının yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına start verilib.

Bu gün Azərbaycanda ekoloji problemlər dövlət səviyyəsində həll olunur. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi proqramlarda ekoloji mühitin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün zəruri vəzifələr müəyyənləşdirilib, biomüxtəlifliyin mühafizəsi, meşəçiliyin inkişafı, yaşıllıqların artırılması və su ehtiyatlarının davamlı idarə edilməsi sahəsində müsbət nəticələr əldə olunub.

Ekoloqların peşə bayramı gününün təsis edilməsi, 2010-cu ilin ölkəmizdə “Ekologiya ili”, 2024-cü ilin isə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, dövlətimizin başçısı tərəfindən bu sahəyə aid sərəncamların verilməsi, yeni milli parkların yaradılması, ətraf mühitin qorunması, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, ekoturizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər sübut edir ki, ekoloji tarazlığın qorunması dövlətimizin siyasətinin prioritetləri sırasındadır.

Azərbaycanda intensiv olaraq meşə-bərpa tədbirləri reallaşdırılır, yeni meşə massivlərinin yaradılması üçün ardıcıl ağacəkmə aksiyaları həyata keçirilir, ağac əkilməsinin, yaşıllıqların genişləndirilməsinin təşviqatı aparılır.

İşğaldan azad olunmuş ərazilərdə meşə fondu torpaqlarının ümumi sahəsi 260 min hektar olub. İşğala qədərki dövrdə həmin ərazilərin 228-230 min hektara yaxını meşə örtüklü ərazilər idi. Təəssüf ki, ən çox zərər çəkən sahələrimiz məhz meşələrimiz olub. Bu meşələr məqsədli şəkildə yandırılıb, istismar edilib. 54 min hektardan çox ərazi tamamilə məhv olunub. ­Əlbəttə ki, seyrəldilmiş ərazilərimiz də var. Bunlar da min hektarlarla ərazini əhatə edir. Bir hektara min ağac sayı ilə götürsək bu, 54 milyon ağacın məhvi deməkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas prioritetlərindən biri də azad edilmiş ərazilərdə meşə-bərpa işlərinin aparılması və həmin istiqamətdə həyata keçirilən layihələrdir. 

Ölkəmizdə həyata keçirilən reintroduksiya layihələri azad edilmiş ərazilərdən də yan keçməyib. Nadir və nəsli kəsilməkdə olan növlərin reintroduksiyası layihəsi çərçivəsində, həmçinin işğaldan azad edilmiş ərazilərdə də bioloji müxtəlifliyin bərpası istiqamətində gələcəkdə bəzi heyvan növlərinin reintroduksiyasının həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin azad edilmiş ərazilərdə su bioresurslarının ehtiyatlarının artırılması məqsədilə Bəsitçay, Həkəri çaylarına, Xaçınçay və Suqovuşan su anbarlarına və Qaragölə indiyə kimi minlərlə çəki, qızıl xallı forel balıqlarının körpələri buraxılıb. 

İşğaldan azad edilmiş ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 43 min hektar təşkil edir. Həmin təbiət əraziləri Bəsitçay və Qaragöl Dövlət Təbiət qoruqları, Qubadlı, Arazboyu, Laçın, Daşaltı Dövlət Təbiət yasaqlıqlarıdır. Hazırda həmin xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası istiqamətində müəyyən işlər görülür. Ölkə başçısının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı müvafiq sərəncamı var. Ötən dövr ərzində qoruğun sərhədlərinin dəqiqləşdirilməsi işləri başa çatıb. Bununla yanaşı, ərazidə yerləşən təbiət obyektlərinin inventarizasiyası işlərinə başlanılıb. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri mütəmadi olaraq ərazidə fauna və floranın müşahidəsi üçün birgə monitorinqlər həyata keçirirlər.

Bu gün peşə bayramlarını qeyd edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin növbəti illərdə də uğurlu fəaliyyətini davam etdirəcəyinə və düşmən tapdağından azad edilmiş torpaqları yenidən dilbər guşələrə ­çevirəcəyinə inanırıq.

 



İqtisadiyyat