Azərbaycanlı alimlərin 2  kitabı nəşr edilib

post-img

Türkiyənin “İKSAD Yayın Evi” Bakı Dövlət Universitetinin Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov və dosent Güləhməd İmanovun müəllifi olduqları "Türk etnoqrafiyası" və "Türk kültürü və etnoqrafiyası" monoqrafiyalarını nəşr edib. 

Hər iki kitabda geniş elmi faktlara əsaslanaraq türklərin çoxəsrlik tarixi, adət-ənənələri, dini inancları, yaşayış tərzi və sosial-mədəni inkişaf mərhələləri ətraflı şəkildə təhlil olunur, türklərin ilkin tarixi dövrlərdən başlayaraq formalaşdığı məkanlar, yayılma arealları və müxtəlif dövlət qurumları haqqında məlumat verilir, türk xalqlarının yaşayış tərzi, geyimləri, yemək mədəniyyəti, ailə və qəbilə strukturu, toy, yas və digər mərasimləri detallı şəkildə təsvir edilir. Türklərin qədim dini inancları — şamanizm, tengrizm və sonrakı dövrlərdə İslam dininin qəbul edilməsi, bunun sosial və mədəni həyatda yaratdığı dəyişikliklər geniş şəkildə işıqlandırılır. Türk xalqlarının qədim dövrlərdən bəri məşğul olduqları sənət sahələri — xalçaçılıq, dulusçuluq, metallurgiya, dəriçilik və atçılıq mədəniyyəti kimi sahələrin etnoqrafik və iqtisadi baxımdan əhəmiyyəti vurğulanır.

“Türk etnoqrafiyası” və “Türk kültürü və etnoqrafiyası” kitabları təkcə etnoqrafik və mədəni araşdırma deyil, həm də türk kimliyinin formalaşmasında rol oynayan əsas amillərin dərin elmi təhlilidir. Hər iki kitab türkoloqlar, tarixçilər, mədəniyyətşünaslar və etnoqraflar üçün, eləcə də Türkiyə ilə maraqlanan hər kəs üçün dəyərli mənbədir.

Professorlar  Əsgər Rəsulov və Nadir Məmmədlinin elmi redaktoru olduğu kitablar AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun Elmi Şurasının qərarı ilə nəşr edilib.

XQ

Mədəniyyət