Aprelin 10-da Bakıda radionuklid terapiya və nüvə təbabətinə həsr olunmuş ilk beynəlxalq elmi məclis – Radiofarmasevtik Müalicə üzrə Beynəlxalq Simpozium işə başlayıb.
Nüvə Təbabəti Cəmiyyətinin 6-cı Konfransı ilə birgə keçirilən bu simpoziumda onkoloji xəstəliklərin müasir diaqnostikası və müalicəsi sahəsində dünyanın müxtəlif ölkələrindən tanınmış alim və mütəxəssislər iştirak edirlər. Simpozium, radionuklid terapiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilat – Ümumdünya Radiofarmasevtik və Molekulyar Terapiya Assosiasiyası (WARMTH) ilə birgə əməkdaşlıq çərçivəsində keçirilir.
Simpoziumun ilk iş günü xarici qonaqlar Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti və Radionuklid Terapiya Mərkəzinə baş çəkib, buradakı şərait və iş prosesi ilə yaxından tanış olublar. Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyev simpozium iştirakçılarına mərkəzin keçdiyi inkişaf yolu, fəaliyyət prinsipləri, son illərdə əldə edilmiş uğurlar barədə geniş məlumat verib.
Simpoziumun açılışında çıxış edən Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini professor Əziz Əliyev ölkəmizdə onkoloji sahəyə göstərilən dövlət dəstəyi barədə məlumat verib.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Əməkdar həkim Rəşad Mahmudov radionuklid terapiya və nüvə təbabətinin müasir dövrdə xərçəng xəstəliyinin diaqnozunun qoyulmasında və müalicəsində aparıcı istiqamətləri özündə ehtiva etdiyini bildirib: “Son illərdə Azərbaycanın səhiyyə sistemində nəzərəçarpacaq transformasiya, əsaslı dönüşlər baş verib. Onkologiya xidmətinin keyfiyyəti yaxşılaşıb, səhiyyə sahəsində çalışan işçi qüvvəsinin potensialı gücləndirilib”.
Nüvə təbabəti şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov isə ölkəmizdə aparılan radionuklid terapiya və yerli radiofarmasevtik dərman vasitələrinin istehsal imkanları barədə təqdimatla çıxış edib.
Simpoziumun ilk günündə ABŞ Nüvə Təbabəti Cəmiyyətinin prezidenti Keti Katler, Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndəsi Diana Paez, WARMTH prezidenti professor Kalevi Kairemo da daxil olmaqla bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Onlar radionuklid terapiya sahəsindəki trendlər, qlobal əməkdaşlıq imkanları və perspektivlərlə bağlı elmi mülahizələrini təqdim ediblər.
Beynəlxalq simpozium aprelin 12-dək davam edəcək.
XQ