Cari ilin yanvar ayı ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.
Hesabat dövründə hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 685 cinayət faktı aşkarlanıb.
Qanunsuz dövriyyədən çıxarılan 750 kiloqram 328, 026 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 19 milyon 430 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 235 nəfər cəlb edilib. Həmin şəxslərdən 227-si kişi, 8-i qadındır. Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 7 nəfəri xarici ölkə vətəndaşıdır.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci il yanvarın 28-də qanunsuz dövriyyədən çıxarılan və ya müsadirə olunan külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 24 qərar əsasında barəsində məhvetmə qərarı qəbul edilən 5 ton 168 kiloqram 332,011 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırma üsulu ilə məhv edilib.
Yeni statistik hesabat formasına uyğun Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 7 min 859 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 431 nəfərdən 225 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Cari ilin yanvar ayı ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 64 vətəndaş müraciəti daxil olub.
XQ