Azərbaycan–Türkiyə media əməkdaşlığının uğurları və hədəfləri

post-img

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun həyata vəsiqə almasından 5 il keçir. Bu münasibətlə dünən Azərbaycan Respublikasının Sosial Tədqiqatlar Mərkəzində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Bakı Mətbuat Müşavirliyi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə keçirdiyi dəyirmi masada ötən müddətdəki fəaliyyət və gələcək hədəflər müzakirə edilib.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc açılış çıxışında Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinin yüksəlişi fonunda media əməkdaşlığının önəmini vurğulayıb: “Qlobal dəyişikliklər və yeni dünya təhlükəsizliyi arxitekturasının axtarıldığı bir dövrdə Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi mühüm hadisədir. Qürurlu tarixə malik Azərbaycan–Türkiyə sarsılmaz birliyi mürəkkəb formasiya və quruluşlardan keçərək son 5 ildə yeni zirvələrə yüksəlib. Bunun başlıca səbəbi isə hər iki ölkənin liderləri arasındakı sarsılmaz qardaşlıq münasibətləridir. Düşünürəm ki, növbəti illər ərzində bu münasibətlər özünün ən yüksək zirvəsinə çatacaq”.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan və Türkiyə arasında olan sıx əməkdaşlıqda hər iki ölkənin dövlət başçılarının güclü liderliyi və bənzəri olmayan qardaşlığının mühüm rol oynadığını deyib: “Dünyada Azərbaycan və Türkiyə kimi sıx əlaqədə olan başqa dövlətlər yoxdur. Hər iki ölkənin sevinci və kədəri birdir. Gələcək illərdə ölkələrimizin media subyektləri və nümayəndələri arasında qardaşlıq əlaqələrinin daha da genişlənəcəyinə inanıram”.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, bizim ortaq dəyərlərimiz və bir-birini tamamlayan məqsədlərimiz əlaqələrimizi gücləndirməklə yanaşı, cəmiyyətlərimizi informasiya ilə təmin etmək kimi vacib funksiyanı yerinə yetirən yerli medianın fəaliyyətində də canlanma yaradıb: “Anlaşma Memorandumunun 5 illik yubileyini qeyd edərkən, əminəm ki, əməkdaşlığımız gələcək illərdə yeni layihələr və təşəbbüslərlə daha da zənginləşəcək. İki ölkənin media sahəsinə məsul qurumları arasında bilik və təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərdə əməkdaşlıq imkanları daha da artırılacaq”.

Dəyirmi masada və panellərdə media orqanlarının və aparıcı media subyektlərinin rəhbərləri çıxış ediblər. Müzakirələrdə Türkiyə və Azərbaycan Media Platforması çərçivəsində əməkdaşlığın vəziyyəti, əldə olunan nailiyyətlər və gələcək perspektivlər diqqət mərkəzində olub.

Xatırladaq ki, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu” – Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin imzaladıqları bu sənəd iki ölkə arasında ortaq media platforması yaradıb.

T.RÜSTƏMLİ
XQ

Son xəbərlər