Fevralın 19-da Milli Məclisdə Asiya Parlament Assambleyasının (APA) “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının açılış mərasimi keçirilib. Tədbirdə 35 nümayəndə heyəti, ümumilikdə, 280 nəfərə yaxın qonaq iştirak edib.
15-ci Plenar Sessiyanın açılışında Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, sessiya əməkdaşlığı daha da inkişaf etdirmək və bu platformanı möhkəmləndirmək istiqamətində qətiyyətli niyyətimizin və sadiqliyimizin göstəricisidir.
Milli Məclisin sədri birgə səylərlə Asiya Parlament Assambleyasının potensialının tam şəkildə açılacağına, onun effektivliyinin maksimum dərəcədə artacağına inamını ifadə edib.
Sonra Asiya Parlament Assambleyasının Baş katibi Məhəmməd Reza Məcidi çıxış edib. O, ölkəmizin Asiya Parlament Assambleyasına sədrliyinin uğurla davam etdirildiyini bildirib. Baş katib Asiya Parlament Assambleyasının regionda sülhün, təhlükəsizliyin, etimadın gücləndirilməsinə böyük önəm verdiyini qeyd edib. Azərbaycanın üzv dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini vermək əzmində olduğunu vurğulayıb.
Sonra sessiyada Asiya Parlament Assambleyasına üzv ölkələrin parlament sədrləri, sədr müavinləri və üzvləri, o cümlədən Bəhreyn Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh, Butan Milli Assambleyasının sədri Lungten Dorci, İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf, Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani, Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Oman Şura Məclisinin sədri Xalid Hilal Nasir Al Maavali, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova, Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası sədrinin birinci müavini Tariq Humaid MohdAltayer, Fələstin Milli Şurasının sədr müavini Ali Faysal, İordaniya Milli Assambleyasının Nümayəndələr Palatası sədrinin müavini Əhməd Hamisat, Tailand Nümayəndələr Palatası sədrinin müavini Paradorn Prissananantakul, Türkiyə Böyük Millət Məclisinin üzvü Abdulkadir Emin Önen çıxış ediblər, mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Çıxışlarda məclisin yüksək səviyyədə təşkil olunduğu bildirilib, Asiya Parlament Assambleyasının Azərbaycanın sədrliyi dövründə böyük uğurlar qazanacağına inam ifadə edilib. İştirakçılar müasir dünyada təhlükəsizliyin təmin edilməsinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdıraraq, bunun qarşılıqlı dialoq və konstruktiv əməkdaşlıq sayəsində mümkün olduğunu vurğulayıblar.
APA-nın bu gün qlobal çağırışlar, o cümlədən iqtisadi qeyri-sabitlik, geosiyasi gərginlik dövründə çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsində mühüm platforma olduğu qeyd edilib. Eyni zamanda, iqlim dəyişikliyi və ətraf mühitin qorunması ilə bağlı çağırışların vacibliyindən bəhs edilərək, ötən il Azərbaycanın ev sahibliyi ilə yüksək səviyyədə keçirilmiş COP29 tədbirində əhəmiyyətli təşəbbüslərin verildiyi, mühüm qərarların qəbul edildiyi diqqətə çatdırılıb.
Fasilədən sonra öz işini davam etdirən plenar sessiyada gündəlik qəbul edilib, APA-nın Bürosu seçilib.
Sessiyada Milli Məclisin APA-da nümayəndə heyətinin rəhbəri, qurumun İcraedici Şurasının sədri Rizvan Nəbiyev məruzə ilə çıxış edib. APA-nın Baş katibi Məhəmməd Reza Məcidi qurumun fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.
Sessiyada Oman Sultanlığına tamhüquqlu üzv statusunun, Belarus Respublikasına müşahidəçi statusunun təqdim olunması ilə bağlı məsələlərə baxılıb. İclasda “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusunda müzakirələr davam etdirilib.
Plenar sessiya çərçivəsində APA-nın Sosial və mədəni məsələlər, Büdcə və planlaşdırma daimi komitələrinin iclasları da keçirilib. İclaslarda bu komitələrin profilinə uyğun məsələlərə dair qərar layihələri müzakirə olunub.
Plenar sessiya işini fevralın 20-də davam etdirəcək.
XQ