Dekabrın 17-də Naxçıvan şəhərində muxtar respublikanın 100 illiyi çərçivəsində “Heydər Əliyev və Azərbaycan həmkarlar ittifaqları” mövzusunda konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və AHİK-in üzv təşkilatı Naxçıvan Həmkarlar İttifaqı Şurasının birgə təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub.
Heydər Əliyev Sarayında təşkil edilən tədbirdə müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Konfrans iştirakçılarını salamlayan və təşkilatçılara təşəkkürünü bildirən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna rolundan, xilaskarlıq missiyasından, dövlət quruculuğu siyasətindən söz açıb, Naxçıvanın həyatında dahi rəhbərin gördüyü işləri, sabitliyin təmin olunması və sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində atdığı mühüm addımları qeyd edib. Bildirilib ki, 1990-1993-cü illərdə Naxçıvanda fəaliyyət göstərən böyük şəxsiyyət bu il 100 illik yubileyi qeyd edilən muxtar respublikanı bütün təhdidlərdən qoruyub, müstəqil dövlətçiliyimizin əsaslarını məhz burada işləyib hazırlayıb. Muxtar respublikanın inkişafının yeni dövrünə qədəm qoyduğunu diqqətə çatdıran Fuad Nəcəfli qeyd edib ki, bu gün Naxçıvan dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkəmizin siyasi-iqtisadi qüdrətinin yüksəlməsində yaxından iştirak edir.
Konfransda çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov adı tariximizə qızıl hərflərlə yazılan Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz üçün əsrlərə bərabər nəhəng işlər gördüyünü, gələcək nəsillərə zəngin irs, dövlətçilik ənənələri miras qoyduğunu vurğulayıb. Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən sistemli və kompleks tədbirləri qeyd edən Konfederasiya sədri xalqın xahişi və təkidli tələbi əsasında Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıtmasından sonra həmkarlar ittifaqlarının da həyatında əsaslı dönüş yarandığını diqqətə çatdırıb. 1994-cü ildə postsovet məkanında ilk dəfə məhz Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanunun qəbul olunması, işçilərin sosial müdafiəsinə yönəlmiş çoxsaylı normativ-hüquqi aktların qəbulu, Beynəlxalq Əmək Təşkilatının əsas konvensiyalarının ratifikasiyası Ulu Öndərin müdrik və uzaqgörən siyasətinin nəticəsi və vətəndaş cəmiyyətinin inkişafına verdiyi dəyərin təzahürüdür. Konfederasiya sədri Ümummilli Liderin siyasi kursunu cənab Prezident İlham Əliyevin böyük uğurla davam etdirdiyini vurğulayaraq ölkəmizin ərazi bütövlüyünün bərpasının, Azərbaycanın sürətli inkişafının Heydər Əliyev ideyalarının reallaşdırılmasının məntiqi nəticəsi olduğunu diqqətə çatdırıb. Ulu Öndərin işıqlı ideyalarının təbliği, zəngin siyasi irsinin öyrənilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd edən Sahib Məmmədov Fondun sosial layihələrinin həmkarlar ittifaqları üçün əsl örnək olduğunu vurğulayıb.
AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxışında Ulu Öndərin tarixi və misilsiz xidmətlərindən bəhs edib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev muxtar respublikanın 100 illik tarixi inkişaf yolundan, qazanılan uğurlarda Ümummilli Liderin əvəzsiz xidmətlərindən bəhs edib.
Sonra tədbirdə Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü və həmkarlar ittifaqlarına göstərdiyi diqqət və qayğıdan bəhs edən videoçarx nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.
Səbuhi Həsənov,
XQ