COP29 ərəfəsində miqrasiya güzəştləri

post-img

Dövlət Miqrasiya Xidməti COP29 Təşkilat Komitəsi və COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə birgə miqrasiya qeydiyyat prosedurlarının sadələşdirilməsi, bu sahədə məlumatlılığın artırılması, eləcə də ölkəyə giriş-çıxış zamanı qarşıya çıxa biləcək məsələlərin çevik həlli istiqamətində tədbirlər görüb.

Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Ülvi Əliyev bununla bağlı keçirilən brifinqdə iqlim konfransından əvvəl miqrasiya qaydaları ilə bağlı güzəştlərin tətbiq olunacağını bildirib: “Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanmış sazişə əsasən 15 gün ərzində qeydiyyat tələbi COP29 iştirakçıları üçün 30 günədək uzadılıb. Güzəştlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının qeydiyyatından keçərək COP29 vizası ilə və ya vizasız qaydada ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil olunub.

Həmçinin bu tələblərin praktiki tətbiqi, tədbirdə iştirak edən əcnəbilərin, xüsusilə ölkəmizə vizasız gələn şəxslərin ölkəyə giriş-çıxış zamanı rahat, maneəsiz keçidi üçün zəruri texniki və təşkilati hazırlıq işləri görülüb”.

Ü.Əliyev vurğulayıb ki, tətbiq edilən qaydalarla bağlı əcnəbilərin məlumatlandırılmasının təmini üçün görülmüş birgə tədbirlər nəticəsində COP29-un rəsmi internet səhifələrində və digər müvafiq mənbələrdə miqrasiya qaydaları barədə məlumatlar yerləşdirilib, o cümlədən Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinin, eləcə də digər hədəf qruplarının müvafiq qaydada məlumatlandırılması təmin edilib.

Miqrasiya Xidməti nümayəndəsinin sözlərinə görə, konfrans müddətində ölkəyə gələn əcnəbilərin miqrasiya orqanları ilə mümkün təmas nöqtələrində – Heydər Əliyev Beynəlxalq Aeroportunda, xidmətin Çağrı Mərkəzində və digər xidmət nöqtələrində gücləndirilmiş iş rejiminə keçirilməsi ilə bağlı zəruri tədbirlər görülüb. Sessiya zamanı–noyabrın 18-də Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə iqlim dəyişikliyi kontekstində insan yerdəyişməsi mövzusuna həsr olunmuş yüksək səviyyəli panel müzakirənin keçirilməsi də planlaşdırılıb.

Son xəbərlər