Azərbaycan İstanbulda keçirilən 41-ci Beynəlxalq Kitab Sərgisində ilk dəfə “Fəxri qonaq” qismində iştirak edir.
Bu il ilk dəfə olaraq İstanbul Kitab Sərgisində Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, 10-dan çox azərbaycanlı yazıçı, o cümlədən Xalq yazıçıları Elçin və Çingiz Abdullayev, eləcə də 25 Azərbaycan nəşriyyatı iştirak edir.
Azərbaycan stendində həmçinin Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış nəşrlər də sərgilənəcək. Noyabrın 4-dək davam edəcək sərgidə fond tərəfindən hazırlanan “Səninləyik Türkiyə”, “Mövlud”, “Mən burdayam, İlahi” və TÜRKSOY-un ərsəyə gətirdiyi “Aşıq Mikayıl Azaflı” seçmə şeirləri ictimaiyyətə təqdim olunacaq.
Açılış mərasimində Azərbaycanın incəsənət xadimlərinin ifasında mill musiqilərimiz təqdim edilib, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından epizodik səhnə nümayiş olunub. Qiraətçilər tərəfindən dahi şairimiz Məhəmməd Füzulinin qəzəlləri səsləndirilib.
Qeyd edək ki, TÜYAP sərgi təşkilatçılığı şirkəti ilə Türkiyə Nəşriyyatçılar İttifaqının əməkdaşlığı nəticəsində ərsəyə gələn sərgidə bu il mindən artıq yerli və xarici yayım evi iştirak edir. Bu il “Uşaqlıq şənlikdir” şüarı altında keçirilən sərginin “Fəxri yazıçısı” Türkiyənin uşaq və gənclik ədəbiyyatına böyük töhfə vermiş yazıçı Yalvaç Uraldır.
XQ