Noyabrın 1-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 85 illiyi tamam olub. Bu münasibətlə mədəniyyət naziri Adil Kərimli muzeydə olub, kollektivlə görüşüb.
Muzeyin direktoru, Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov mədəniyyət ocağının tarixindən söz açıb. Qeyd edib ki, muzey dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq ərəfəsində Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1939-cu il 1 noyabr tarixli qərarı ilə yaradılıb. Lakin II Dünya müharibəsi səbəbindən muzeyin açılışı 1945-ci il mayın 14-də olub.
Akademik bildirib ki, xalqımızın bütün ədəbiyyat tarixini ən qədim zamanlardan müasir dövrə qədər özündə əks etdirən yeganə ədəbiyyat muzeyi olan bu müqəddəs söz sarayı artıq bir əsrə yaxındır ki, Azərbaycan xalqının mədəniyyətinin, zəngin ədəbi irsinin təbliğatçısı olmaq kimi şərəfli missiyanı həyata keçirir. Bu gün muzeyin müasir dünya standartlarına cavab verən, yenidən qurulmuş, tam kompüterləşdirilmiş, innovativ vasitələrlə zənginləşdirilmiş ekspozisiyasında Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri öz əksini tapıb.
Mədəniyyət naziri Adil Kərimli bildirib ki, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi milli dəyərlərimizi yaşadan bir ocaqdır: “Muzeyin yaranma tarixi Nizami Gəncəvinin adı ilə bağlı olsa da, o, Azərbaycanın zəngin ədəbiyyat tarixini və bütövlükdə qeyri-maddi mədəni irsini özündə ehtiva edən böyük bir mərkəzdir. Muzey uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərərək böyük bir dəst-xət qoyub. Muzeyin hazırda Mədəniyyət Nazirliyi sistemində olması bizim üçün xüsusi əhəmiyyət daşıyır”.
Nazir 85 illik yubiley münasibətilə muzeyin kollektivini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Qabil ƏLİYEV
XQ