Gürcüstanda keçirilən parlament seçkilərindən 8 gün keçib. Parlamentin ilk iclasının tarixi isə məlum deyil. Qanuna görə, Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrini rəsmən təsdiqlədikdən sonra ölkə prezidenti yeni parlamentin ilk iclasının tarixini təyin etməlidir. Amma Prezident Salome Zurabişvili müxalifətə dəstək verdiyindən bunu etmək istəmir. Bəs indi nə etmək lazımdır? Bu və digər məsələlərə Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsak Novruzov aydınlıq gətirirdi.
– “Gürcü Arzusu–Demokratik Gürcüstan”ın apardığı siyasəti seçicilər dəstəklədilər. Bu parlament seçkilərində qələbənin əsas səbəblərindən biri oldu. Yeni seçilən deputatlar arasında azərbaycanlılar da var.
– Gürcüstanda XI çağırış parlament seçkilərində 19 siyasi partiya iştirak etdi. Bu seçkilər müharibənin və sülhün taleyinin həll olunduğu bir növ referendum idi. 1 milyon 120 min soydaşımız “Gürcü Arzusu”nun təklif etdiyi siyasəti dəstəklədi. Seçicilər sülhün lehinə seçim etdilər. Çünki onlar Rusiyaya qarşı ikinci cəbhənin açılmasını, Ukraynaya könüllü döyüşçülərin göndərilməsini, Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmasını istəmirdilər. Təzyiqlərə baxmayaraq, Gürcüstan hakimiyyəti ölkənin maraqlarını qoruya bildi. Unutmayaq ki, Rusiya hərbçiləri Tbilisidən cəmi 40 kilometr məsafədə yerləşir.
Bundan başqa, iqtidar Qərbin təzyiqi ilə “Xarici təsirin səffaflığı haqqında” Qanundan da imtina etmək istəmir. Hətta, bu, Avropa İttifaqına inteqrasiyanı çətinləşdirsə belə. “Gürcü Arzusu”nun apardığı bu siyasət seçicilər tərəfindən dəstək gördü və parlament seçkilərində qələbənin əsas səbəblərindən biri oldu.
Yeni parlamentdə azərbaycanlılar da təmsil olunurlar. Mənim təmsil olunduğum “Gürcü Arzusu”dan 2 nəfər qanunverici orqana seçilib. İnanıram ki, Zaur Darğallı və Savalan Mirzəyev parlamentdə azərbaycanlıları layiqincə təmsil edəcəklər. Müxalifət partiyalarından isə Oqtay Kazımov parlamentə üzv seçilib.
– Gürcüstan Prezidenti Salome Zurabişvili müxalifətə dəstək verir. O, parlament seçkilərində total saxtakarlıq olduğunu bildirdi.
– Əlbəttə, Salome Zurabişvili haqsızdır. Gürcüstanda parlament seçkilərinin elektron qaydada keçirməsinin tərəfdarlarından biri də dövlət başçısı idi. O deyirdi ki, parlament seçkilərində heç bir saxtakarlığa yol verilə bilməz. Müxalifət partiyaları da eyni fikirdə idilər. Amma seçkidə iqtidar partiyası qalib gəldikdən sonra, dövlət başçısı fikrini dəyişərək müxalifətə haqq qazandırdı, onların xeyrinə damışmağa başladı. O, seçkilərdə total “saxtakarlığın” baş verdiyini iddia edərək MSK-nın nəticələrini tanımadığını bildirdi. Bununla da o, müxalifətlə birləşərək ölkədə gərginliyin yaranmasının faktiki iştirakçısı oldu.
Baş Prokurorluq prezidenti ifadə verməyə çağırsa da, Zurabişvili bundan imtina etdi. Dəstəklədiyi müxalifət partiyaları da prokurorluqla əməkdaşlıqdan imtina etdilər. Onların saxtalaşdırma ilə bağlı bütün ittihamları isə dezinformasiyadır. “Gürcü Arzusu”nun liderləri hər gün brifinqlər keçirir, hər bir ittihamla bağlı şərhlər verirlər. Bu vaxta qədər Gürcüstan Prokurorluğu, Daxili İşlər Nazirliyi və Xüsusi İstintaq Xidməti seçkiqabağı dövrdə və səsvermə günü törədilmiş cinayətlərlə bağlı 47 cinayət işini araşdırır. Bunlar xırda qanun pozuntularıdır.
Mənim fikrimcə, Prezident neytral mövqedə qalmalı idi. Əslində, Salome Zurabişvilinin istintaqa deməyə sözü yoxdur. O, məyus olub, 6 il müddətinə prezident vəzifəsində qalmaq istəyirdi, lakin ümidləri puç oldu. Hazırda çıxış yolu axtarır. Onun vəzifəyə gəlməsində “Gürcü Arzusu” əsas rol oynamışdı. Amma sonda başqa yolu seçdi. Artıq bu dəstəyi də itirib.
Salome Zurabişvilinin haqsız olduğunu sübut edən başqa faktlar da var. Məsələn, Qərb müşahidəçilərinin hesabatları seçkilərin legitimliyini bəyan edib. Avropa siyasətçiləri tərəfindən Gürcüstan vətəndaşlarına seçkiqabağı hədə-qorxuları isə yalnız səsverməyə təsir etmək cəhdi idi. Onların cəhdi də uğursuzluğa düçar oldu. Sonda “Gürcü Arzusu”nun qələbəsini etiraf etməli oldular. Bu da Salomeni çıxılmaz vəziyyətə saldı.
Onun bir çıxış yolu var; Baş prokurorluğa dediklərini təsdiq edən faktlar təqdim etməlidir. Çünki konkret ittiham irəli sürüb.
– Prezident yeni parlamentin ilk iclasının tarixini elan etməlidir. O, müxalifətin mövqeyini dəstəklədiyindən bu, real görünmür.
– Qanunda qeyd olunur ki, Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrini rəsmən təsdiqlədikdən sonra, ölkə prezidenti yeni parlamentin ilk iclasının tarixini təyin etməyə borcludur. Bu, rəsmi nəticələr elan edildikdən sonra on gün ərzində baş tutmalıdır. Əgər prezident iclasın tarixini təyin etməsə, konstitusiyanı pozmuş olacaq.
Parlamentin prezidentsiz iclas keçirməsinə heç nə mane olmur. Yəni prezidentsiz belə, parlament toplaşacaq. Bunun üçün iclas salonunda 150 deputatın 76-sı iştirak etməlidir. İqtidar partiyasının isə 89 deputatı var.
Qanunverici orqanın işinə mane olmaq cəhdlərinin qarşısı isə qanuna uyğun şəkildə alınacaq. Vəziyyət gərginləşərsə, təhlükəsizlik qüvvələri parlamentin qarşısındakı küçəni etirazçılardan asanlıqla təmizləyə və hakim partiyanın deputatlarının parlamentə rahat daxil olması üçün təhlükəsizlik dəhlizi yarada bilər.
– Parlamentə daxil olan 4 müxalifət bloku və partiyadan 3-ü noyabrın 4-də Tbilisinin mərkəzində etiraz aksiyası keçirmək niyyətindədir. Müxalifət bununla nəyə nail olmaq istəyir?
– Birləşmiş müxalifət bu yaxınlarda keçirilən toplantısında mitinq keçirmək qərarına gəlib. Etiraz aksiyası noyabrın 4-nə, bazar ertəsi gününə planlaşdırılıb və Tbilisidə parlamentin binası yaxınlığında keçiriləcək. Onlar hakim partiyanın 53,93 faiz səs qazandığı parlament seçkilərinin qeyri-legitim kimi tanınmasını və yeni seçkilərin təyin olunmasını tələb edirlər. Bu, əslində, siyasi subyektlərin hazırladığı təxribatdır. Onların bu planı açıq şəkildə dövlət çevrilişi və inqilabi proseslərin inkişafı əlamətlərini ehtiva edir. Düşünmürəm ki, müxalifət seçicilərin ölkədə sabitliyi pozmasını dəstəkləsinlər. Ukraynada etiraz aksiyalarının sonunda nə ilə nəticələndiyini çox yaxşı anlayırlar. Bu gün Ukraynanın düşdüyü vəziyyət çox acınacaqlıdır.
Bundan başqa, keçmiş baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyasının iclasda iştirak etməməsi müxalifətlə birliyin olmamasından xəbər verir. Müxalifətin etiraz aksiyaları ilə nəyəsə nail olacağı mümkün deyil.
– Parlament seçkilərinin nəticələri borçalıların həyatına necə təsir göstərəcək?
– Kvemo–Kartlidəki seçicilərin əksəriyyəti Gürcüstanın müstəqilliyinə səs verdilər. Müxalifət bu bölgədə bir neçə dəfə insident törətsə də, istəyinə nail ola bilmədi. Borçalılar sülh, əmin-amanlıq içində yaşamaq, ölkənin siyasi, sosial-iqtisadi həyatında fəal iştirak etmək istəyirlər. Parlament seçkiləri onlara bu imkanı verir.
Pünhan ƏFƏNDİYEV
XQ