Yaxud Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş ermənipərəst prokurorunun etirafının səmimiyyət dozası barədə
Azərbaycan əleyhinə çoxsaylı hesabatları, yalan və həqiqəti təhrif edən bəyanatları ilə tanınan Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun maraqlı etirafı Ermənistanda gündəmə çevrilib. Bu, həmin Okampodur ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını – COP29-u boykot çağırışı ilə çıxış etmişdi. Uzun illər ermənipərəst, ikiüzlü fəaliyyəti ilə Şərə xidmət edən argentinalı hüquqşünasın bu jesti müəyyən suallar doğurub. Doğrudanmı eks-prokurorun vicdanı oyanıb və onun kimilərin “ağıllanma mövsümü” başlanıb?
Mətləbə keçək. Alman jurnalistin suallarını cavablandıran zaman Luis Okampo ilk dəfə olaraq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını açıq şəkildə etiraf edib. Adı yerli mediada haqlı olaraq avantürist, rüşvətxor, erməni lobbisinin muzdlu xidmətçisi kimi hallanan BCM-nin keçmiş prokuroru Luis Moreno Okamponun jurnalistin “Artsax Respublikası”nın legitimliyi barədə verdiyi suala gözlənilməz cavabı isə hayları əməlli-başlı heyrətləndirib. O, müzakirə predmeti olan ərazilərdə tarixən azərbaycanlıların üstünlük təşkil etdiyini vurğulayıb: “Ermənistanın torpaqları da Azərbaycan ərazisi olub və bu həqiqətdir. Ermənistan Azərbaycana məxsus əraziləri işğal edib. Doğru olanı budur”.
Azərbaycan əleyhinə çoxsaylı bəyanat və qərarların, qərəzli hesabatların müəllifi, adı korrupsiya qalmaqallarında keçən keçmiş baş prokuror, hüquqşünas Luis Moreno Okampo, deyəsən, gec də olsa özünü “vicdan testi”ndən keçirmək qərarına gəlib. Amma hələlik bu qənaətə gəlməyə tələsməməliyik. Çünki adı dəfələrlə qalmaqallarda hallanan argentinalı hüquqşünasın bu açıqlaması Azərbaycana deyil, erməni sponsorlarına ünvanladığı ismarıc kimi qəbul edilməlıidir. Bəli, o, ilk dəfədir ki, Ermənistanın Azərbaycan torpaqlarını uzun müddət işğalda saxladığını etiraf edib. Görünür, rüşvətxor hüquqşünas əlinə düşən növbəti fürsəti qaçırmaq istəmir və erməni lobbisindən daha çox pul qoparmaq fikrinə düşüb. Bu istəyi təmin edilməyəcəyi təqdirdə Okampo Ermənistanı işğalçı dövlət adlandırmaqda davam edəcək. Axı, indi, o, Bakıda həbsxanada saxlanılan separatçıların, hərbi cinayətkarların azad olunması üçün başladılan kampaniyanın ön sıralarında yer almalıdır.
* * *
BCM-nin eks-prokurorunun sentyabrın 13-də İrəvanda keçirdiyi mətbuat konfransında həmin adamların azadlığa buraxılması məsələsinin COP29 sammitinin gündəliyinə daxil edilməsinin vacibliyi barədə avantürist bəyanatı səsləndirəndə məhz qonorarının həcminin artırılmasını hədəflədiyi şübhə doğurmamalıdır. Qarabağdan könüllü köçüb getmiş erməniləri “etnik təmizləmə qurbanı” kimi qələmə verən Luis Okampo yeni açıqlaması ilə həm də özü-özünü ifşa edib. Çünki Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini söyləyən argentinalı hüquq alverçisi bununla Qarabağdan köçənlərin də həmin işğalda iştirakını etiraf etmiş olur.
İlk baxışda Luis Moreno Okamponun etirafı gözlənilməz və maraqlı mövqe dəyişməsi effekti sayıla bilər. Amma bu dönüşün səmimiyyət dozasının hansı miqdarda olduğu yaxın vaxtlarda üzə çıxacaq. Bugünədək erməni lobbisinə sidq-ürəklə qulluq edən, vicdanı ilə bərabər məsləyini də “hərraca qoyan” BCM-nin keçmiş prokurorunun “gecikmiş etirafı” nədənsə yadımıza dahi Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” filmindəki ziyafət səhnəsini saldı. Qeyri-ixtiyari beynimizdə Rüstəm bəyin qonaqlara üzünü tutaraq söylədiyi “Məşədi İbadla qohumluğu özüm üçün...” sözlərinə qəzetəçi Rza bəyin “pul dağarcığı hesab edirəm” gizli replikası ilə Okamponun “sensasion” açıqlaması arasında paralellər aparıldı. Etiraf edək ki, eks-prokurorun bu açıqlamasını nəinki Azərbaycanda, hətta Ermənistanın özündə heç kəs gözləmirdi. Axı, Ermənistan–Azərbaycan münaqişəsinin tarixi kökləri və səbəbləri barədə kifayət qədər məlumatlı olmasına baxmayaraq, Okampo azı son dörd ildə Xankəndidəki xunta rejiminə aşkar dəstək verməklə hay sponsorlarının Azərbaycanı ləkələmək sifarişlərini sədaqətlə icra edib. Deməli, rüşvətxor hüquqşünası maraqlandıran heç də erməni məsələsi deyil. Onun üçün pul ermənidən daha qiymətlidir və etirafın Bakıda keçiriləcək COP29 ərəfəsində edilməsi təsdadüfi sayıla bilməz.
Ümumiyyətlə, Luis Okamponun peşəkar fəaliyyətində anti-Azərbaycan xətti xüsusi çəkiyə malikdir. Məsələn, o, uzun müddət, həm də davamlı olaraq “Qarabağda erməni soyqırımı” yalanını təbliğ edib. 2023-cü ilin yayında Okampo indi Bakıda həbsxanada məhkəmənin hökmünü gözləyən separatçı rejimin liderlərindən biri, hərbi cinayətkar Araik Arutyunyanın sifarişi ilə “Qarabağda soyqırımı” hesabatını tərtib edib. Bundan bir qədər sonra, həmin ilin dekabrında “Dağlıq Qarabağ xalqının soyqırımı haqqında” adlı ikinci hesabatını dərc etmişdir. Qeyd edək ki, sifarişli hesabatlarda Qarabağdakı “humanitar fəlakət”lə bağlı saxta məlumatlar toplanılmaqla yanaşı, həmçinin Azərbaycana qarşı qara piar hücumları da öz əksini tapıb.
* * *
Luis Okamponun və erməni lobbisinin ciddi səylərinə baxmayaraq, bu iki çirkin hesabat gözlənilən uğuru qazanmadı. Üstəlik, beynəlxalq hüquq üzrə aparıcı mütəxəssis, tanınmış ekspert, “Temple Garden Chambers” hüquq firmasının məsləhətçisi Rodney Dikson tərəfindən darmadağın edildi. R.Dikson Okamponun hesabatlarında irəli sürdüyü iddiaların qərəzli və yanlış olduğunu sübuta yetirdi. Onun fikrincə, Moreno Okamponun hesabatda göstərdiyi fakt və arqumentlər əsassız və saxtadır, başdan-ayağa qeyri-dəqiqliklə doludur. “Azərbaycanın Qarabağ bölgəsində soyqırımı törədilir” kimi mülahizələrin tamamilə əsassız olduğunu sübuta yetirən Dikson onu da qeyd etdi ki, Okamponun gəldiyi nəticə faktlara açıq seçmə üsulunun, qərəzli yanaşmanın bəhrəsidir. Buna baxmayaraq, bədnam keçmiş prokuror erməni lobbisinin “himayəsində” qalmaqda davam etdi, anti-Azərbaycan fəaliyyətindən əl çəkmədi.
Son vaxtlar isə COP29 ərəfəsində dünya ermənilərinin Azərbaycan əleyhinə təbliğat tezislərini yaymaq, qarayaxma kampaniyasını genişləndirmək üçün “icarəyə götürdüyü” əsas təbliğat ruporu məhz Okampodur. Oxuculara xatırladaq ki, ermənipərəst şəbəkə məlum kampaniyaya cari ilin iyununda başlayıb və sistematik olaraq ölkə və beynəlxalq təşkilatları, dünya ictimaiyyətini COP29-u boykot etməyə çağırır. Kampaniyanın əsas məqsədi ölkəmizin nüfuzunu aşağı salmaq, BMT-nin nüfuzlu iqlim sammitinin Bakıda keçirilməsinin qarşısını almaq, bu tədbirdən Azərbaycana siyasi təzyiq vasitəsi kimi istifadə etməkdir. Bakıda istintaq altında olan erməni əsilli hərbi cinayətkarların azad edilməsinə nail olmaq isə xüsusi paraqrafda yer alır. Cəmi bir ay bundan əvvəl onun yalanlardan ibarət cızmaqaralarla dolu “Müharibə və yaxud ədalət məhkəməsi: cəzasızlığın sona çatdırılması” kitabı dərc olunub. Başdan-ayağa erməni terrorizmi və separatizminin qoxusu gələn həmin nəşrdə bir il əvvəl tarixin arxivinə göndərdiyimiz keçmiş “DQR”-ə açıq dəstək nümayiş etdirilir.
Və bütün bunların fonunda Luis Okampo tərəfindən, ilk baxışda, gözlənilməz etiraf edildi: Ermənistan Azərbaycan ərazilərini işğal edib. Amma onun etirafının ardını gətirməyə, bugünədək hazırladığı və dövriyyəyə buraxdığı hesabat və bəyanatları erməni lobbisinin puluna görə etdiyini söyləməyə cəsarəti çatmadı. Axı, onun özü də yaxı bilir ki, “qurban” adlandırdığı şəxslər, əslində, işğalçılar idi. Bunu demir. Ona görə də Okamponun etirafı ilə bağlı illüziyaya qapılmağa dəyməz. Təcrübə göstərir ki, pula satılanlar daha çox pul xatirinə əvvəlki sözlərindən, inanclarından əl çəkməyə hazırdırlar. Yoxsa, Okampo “səxavətli” erməni lobbisi üçün istifadə müddəti başa çatmış məhsula, “dəfnə yarpağı”na çevrildiyini anladığından bəsirət gözünü açıb həqiqətin üzünə baxmağa qərar verib? Buna inanmaq çox çətindir...
Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq:
– Okamponun bu günə qədər kor və kar olduğuna inanmıram. Tamamilə əminəm ki, o, həqiqəti lap əvvəldən bilib. Çünki bu səviyyədə olan hüquqşünas və siyasətçilər reallığı bilməyə məcburdurlar. Sadəcə olaraq, nəyinsə müqabilində bildiyi reallığı qəbul və həzm etmək istəmir. Hesab edirəm ki, indi onun narazılığının səbəbi Azərbaycanın öz torpaqlarını azad etməsidir. Və bunu özümüz, kənardan heç bir kömək istəmədən həyata keçirmişik. Bu baxımdan Okamponu başa düşmək olar. O, çox güman ki, bu xarakterli açıqlamaları ilə kimlərinsə diqqətini özünə cəlb etməyə çalışır. Yəni, daha zəngin dairələrin nəzərinə çatdırmaq istəyir ki, hələ də onların, ermənilərin tərəfindədir. Bunun üçün də hesabına köçürülən məbləğin miqdarını artırmaq məqsədini güdür.
Həmin Okampodan bir məsələni aydınlaşdırmasını xahiş etmək lazımdır. O, Azərbaycan tərəfindən Ermənistanın hansı torpaqlarının işğal edildiyini xəritədə göstərsin. Desin hansı şəhər, kənd və məntəqələr bizim nəzarətimizdədir? Böyük ehtimalla Okampo bunun həqiqət olmadığını yaxşı bilir. Əgər həmin əraziləri göstərə bilsə, başqalarının da əlinə əlavə fakt vermiş olar. Axı, o, mövcud olmayan faktı necə ortaya çıxara bilər? Ona görə də ermənipərəst hüquqşünasın bu cür açıqlamalarına inanmağı sadəlövhlük sayıram.
İmran BƏDİRXANLI
XQ