Xəbər verdiyimiz kimi, Milli Məclisə növbədənkənar seçkilər paytaxtın bütün rayonlarında yüksək demokratik şəraitdə və seçici fəallığı ilə tarixə qovuşdu. Əməkdaşlarımızın Dairə və məntəqələrdən hazırladıqları və dünənki sayımızda geniş yer almış reportajların davamını təqdim edirik.
Nizami
1 sentyabr təkcə Azərbaycan Respublikası parlament seçkiləri günü yox, həm də vətəndaşlarımızın öz vəzifələrinin icrasına münasibətlərinin növbəti sınaq günü idi. Xalqımız müstəqillik illərində bu sınaqdan alnıaçıq çıxdığını dəfələrlə sübut edib. Bu dəfə də belə olacağına əminlik vardı.
Bu əminliklə 25 sayılı Nizami ikinci seçki dairəsinin 14 və 15 saylı məntəqələrinə üz tutduq. Seçki məntəqələrində səsverməyə səhər 08:00-dan start verilmişdi, seçici fəallığı aydın şəkildə müşahidə olunurdu.Vətəndaşlar böyük həvəslə istədikləri namizədə səs verirdilər. Seçki prosesini çoxsaylı yerli müşahidəçilər və məşvərətçilər izləyirdilər.
Ümumiyyətlə, seçkilərin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hazırlıq işlərinin yüksək səviyyədə başa çatdırılması haqqında məlumatlar ictimaiyyətə hələ seçki günündən əvvəl açıqlanırdı. Məntəqəyə daxil olan zaman bunun bir daha şahidi olduq. Seçicilərin baş barmaqları xüsusi elektron qurğu ilə yoxlanılır, bu məntəqədə qeydiyyatda olduğu dəqiqləşdiriləndən sonra barmağı şəffaf mürəkkəblə boyanaraq bülleten almaq üçün müvafiq komissiya üzvünün stoluna yönəldilirdi. Məntəqə bütün lazımi texniki vasitələrlə təmin olunmuş, vətəndaşların seçim hüquqlarının reallaşdırılması üçün hər cür şərait yaradılmışdı.
Məntəqə sədri Şəbnəm Quliyeva vətəndaşların azad şəkildə səs verdiyini vurğuladı və seçicilərin ölkənin siyasi həyatında əlamətdar hadisə olan parlament seçkilərində fəal iştirak etdiklərini qeyd etdi: “Seçkilərin demokratik və şəffaf şəkildə keçirilməsi, seçicilərin seçki məntəqələrinə rahat, maneəsiz gəlib səs vermələri üçün hər cür şərait yaradılıb”.
Səsvermədən sonra məntəqəni tərk edən vətəndaşa yaxınlaşırıq. Ülviyyə Rzayeva hər dəfə olduğu kimi, indiki seçkilərdə də öz seçimini etmək üçün hər hansı bir müdaxilə ilə rastlaşmadığını bildirdi.
Seçki məntəqələrində gördüklərimiz bizdə də xoş təəssürat yaratdı. Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olan parlament seçkilərinin azad və şəffaf şəraitdə keçirilməsi ölkəmizdə yüksək demokratik mühitin formalaşmasından xəbər verir. Bunu seçki məntəqələrində nəzərəçarpan seçici fəallığı bir daha göstərdi.
Xətai
Növbədənkənar parlament seçkiləri paytaxtımızın əhalisinin sayına görə ən böyük rayonlarından olan Xətai rayonunda da mütəşəkilliklə keçdi. Səhər saatlarından etibarən apardığımız müşahidələr seçicilərin seçki məntəqələrinə axınını aydın şəkildə göstərirdi.
Xətai rayonu ərazisində 4 seçki dairəsi fəaliyyət göstərir. Bunlar 33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü və 36 saylı Xətai–Suraxanı dairələridir. Seçki günü 35 saylı Xətai üçüncü seçki dairəsinin 17, 19 və 31 saylı məntəqələrində olduq. Həmin məntəqələr şəhid Milli Qəhrəman Tahir Bağırovun adını daşıyan 59 saylı tam orta məktəbdə yerləşir.
Binanın girişində səs verməyə gələn bütün seçicilərin barmaqları ultrabənövşəyi şüalarla təchiz olunmuş xüsusi detektorlarla yoxlanılırdı. Seçkidə şəffaflığın təmin edilməsinin mühüm elementi olan həmin cihazla yoxlama səs verməyə gəlmiş seçicinin bundan öncə səs verib-vermədiyini aşkarlamaq üçün idi. Səsvermə bülleteni alaraq kabinəyə yaxınlaşan seçicinin barmağına isə gözlə görünməyən mürəkkəb vurulurdu. Səhər saatları olsa da, seçki məntəqələri daxilində izdiham yaşanırdı. İnsanlar səs vermək üçün növbəyə düzülmüşdülər. Seçicilər arasında ilk dəfə səs verənlər də var idi.
17 saylı məntəqə seçki komissiyasının sədri Xalidə Nəbiyeva bildirdi ki, məntəqədə qeydiyyatda olan seçicilərin sayı 1396 nəfərdir. Onlardan 547 nəfəri günorta saatlarınadək səsvermə hüququndan istifadə etmişdi. Məntəqədə seçkinin gedişini ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçiləri də izləyiblər. Yerli müşahidəçilərin sayı isə 4 nəfər idi. Onu da öyrəndik ki, 17 saylı məntəqə Mərkəzi Seçki Komissiyasının veb-kamera quraşdırdığı 1000 seçki məntəqəsindən biridir.
19 saylı məntəqə seçki komissiyasının sədri Sevinc Əliyeva dedi: “Məntəqədə 1390 seçici qeydiyyatdadır. Günortayadək burada 475 seçici səsvermə hüququndan istifadə edib. Proses normal keçir. Heç bir narazılıq, qanun pozuntusu qeydə alınmayıb”.
31 saylı məntəqə seçki komissiyasının sədri Fəridə Nəsibova isə açıqlamasında bildirdi: “Məntəqədə 1340 seçici qeydiyyatdadır. Seçkilər çox fəal keçir. Seçicilərin iştirakından razıyıq. Aktivlik yüksəkdir. Daşınan seçki qutusu yoxdur”.
Məntəqələrdə müxtəlif namizədləri təmsil edən şəxslər müşahidə aparırdılar. Onlardan Vasif Qasımov qənaətini belə ifadə etdi: “Müşahidəçilərə heç bir problem yaradılmır. Səsvermədə yüksək aktivlik müşahidə olunur”.
35 saylı Xətai üçüncü seçki dairəsində 50 min 395 seçici daimi qeydiyyatdadır. Onlardan bir nəfərin yaşı yüzdən yuxarıdır. Dairə üzrə 41 seçki məntəqəsi mövcuddur. Seçki məntəqələrinin 11-ində, o cümlədən qeyd etdiyimiz kimi, bizim də müşahidə apardığımız 17 saylı məntəqədə veb-kamera quraşdırılmışdı. Müşahidələrimiz deməyə əsas verir ki, dairə üzrə seçki prosesi, o cümlədən səsvermə qanunvericiliyin tələblərinə əməl etməklə təşkil olunmuşdu.
Pirallahı
Pirallahı rayonunun seçiciləri də Milli Məclisə növbədənkənar parlament seçkilərində mütəşəkkilliklə iştirak edirdilər. Bunu rayondakı seçki məntəqələrində apardığımız müşahidələr bir daha təsdiqlədi.
Səhər saatlarından etibarən seçicilər yaşadıqları ərazidəki seçki məntəqələrində sərbəst şəkildə istədikləri namizədə səs verirdilər. 14 saylı Xəzər–Pirallahı seçki dairəsinin məntəqələrində müşahidəçilər səsvermənin gedişinə ciddi nəzarət edirdilər.
4 saylı seçki məntəqəsinin sədri Zümrüd Abbasova qeyd etdi ki, ərazidə seçicilərin ümumi sayı 1178 nəfərdir. Səhər saat 10-a qədər onlardan 158 nəfəri səsvermədə iştirak edib. Məntəqədə müxtəlif partiya və təşkilatları təmsil edən yerli müşahidəçilər səsvermənin gedişini göz qırpmadan izləyirdilər. Yeni Azərbaycan Partiyasının müşahidəçisi Ülviyyə Abbasova seçkinin ahəngdar və şəffaf şəkildə davam etdiyini, hər hansı nöqsanın müşahidə edilmədiyini bildirdi. Onun dediyinə görə, insanlar öz iradələrinə uyğun səs veriblər, heç kəs prosesə müdaxilə etməyib. Heç bir qanun pozuntusu da olmayıb.
Dairə seçki komissiyasının sədri İmran Qəmbərov isə bildirdi ki, ərazidəki bütün 42 seçki məntəqəsi ilə davamlı əlaqə saxlanılıb. Hər yerdə səsvermə normal şəkildə davam edib. Saat 12-də 10 min 723 seçici səs verib ki, bu da 21,2 faiz deməkdir. Axşam saatlarına qədər bu faizlər xeyli yüksəlib.
Hazırladılar:
Səbuhi MƏMMƏDOV,
Paşa ƏMİRCANOV,
Səxavət HƏMİD
XQ