VIII MƏQALƏ
Hər bir insan üçün Vətənə, torpağa sədaqət ən ülvi xüsusiyyətdir.
Heydər ƏLİYEV,
Ümummilli lider
Azərbaycançılığın türkçülük qaynağı
Vətən müharibəsinin gedişində çox sayda maraqlı hadisələr müşahidə edildi. Dünya ictimaiyyəti azərbaycanlıların savaşda coşqularına heyran qaldı. Müxtəlif epizodlarda Azərbaycan əsgərinin şücaəti, qorxmazlığı və peşəkarlığı hər kəsi təəccübləndirdi. Xüsusilə, məşhur Şuşa əməliyyatında Azərbaycan əsgərlərinin göstərdikləri qəhrəmanlıq dillər əzbəri oldu.
Fransız jurnalistlər təəccüb edirdilər ki, məhv edillən erməni əsgərlərin böyük əksəriyyəti tapança və bıçaq yaraları almışlar. Yəni Şuşada savaş faktiki olaraq əlbəyaxa formada olmuşdur. Bu o deməkdir ki, hücum edən Azərbaycan əsgəri qorxu bilmədən müqəddəs Vətən uğrunda döyüşmüşdür.
Diqqəti çəkən digər məqam Azərbaycan Ordusunun bir nəfər də olsun yaralını döyüş meydanında qoymaması ilə bağlıdır. Bir əli ilə yaralı döyüş yoldaşını daşıyan Azərbaycan əsgəri, o biri əlindəki bıçaqla düşmənlə savaşmış və qalib gəlmişdir. Və yaxud yaxın məsafədən tapança ilə düşməni zərərsizləşdirmişdir. Hərbi ekspertlərin fikrinə görə, XXI əsr savaş tarixində ikinci belə bir nümunə yoxdur.
İndi müxtəlif beyin mərkəzlərində bu təcrübə araşdırılır. Aydınlaşdırmaq arzusundadırlar ki, Azərbaycan əsgərini bu cür motivə edən dəyərlər hansılardır? Bu şücaətin, daxili passionarlığın ideya kökü haradadır? Bu təcrübəni necə mənimsəmək olar? Belə suallara cavab axtarışları sirr deyildir və xüsusilə Qərb beyin mərkəzləri açıq surətdə onları təhlil etməyə çalışırlar.
Bu cür durumdan iki nəticə çıxara bilərik. Birincisi, Azərbaycan Ordusu dünya miqyasında diqqəti çəkən motivasiyaya malikdir. İkincisi, bu keyfiyyəti dünya miqyasında təsadüfi saymır, onun ideya, mənəvi və mədəni köklərini öyrənməyə çalışırlar.
Biz əsgərin peşəkar hazırlıq metodlarını bir kənara qoyuruq. Çünki o sahənin bilicisi deyilik. Ancaq Vətən müharibəsinin fəlsəfəsi kontekstində maraqlı və əhəmiyyətli bir özəllik üzərində dayana bilərik. Bunun üçün məsələnin təhlilinə ümumi bir suala cavabla giriş edə bilərik. Yəni insanı savaşa motivə edən bütün faktorların mənəvi-əxlaqi, ideoloji və mədəni təməlində hansı kodlar dayanır? Nə üçün Azərbaycan əsgərinin motivə səviyyəsinə, məsələn, erməni əsgəri çata bilmir?
Mücərrəd və gerçəklikdən kənar görünməmək üçün bir müqayisə aparmaq istərdim. Azərbaycanlılar istənilən krtitik situasiyada kişilik faktoruna əsaslanırlar. “Kişi sözü”, “bu kişilikdən deyil”, “bu, kişiyə yaraşmaz” kimi ifadələr Azərbaycanda xüsusi çəkisi və əlaməti olan sözlərdir.
Bu o demək deyildir ki, başqa xalqlarda oxşar deyimlər yoxdur. Ancaq azərbaycanlılar üçün bu, elə dərinlikdə xarakterikdir ki, hətta ən ağır vəziyyətdə belə həmin sözlərə uyğun davranış təqdir olunur. Deyək ki, azərbaycanlı mentalitetində məğlub olmuş tərəflə “kişi kimi davranmaq” qaydası aksiomdur.
Başqa bir nümunə. Azərbaycanlı üçün məğlub olmuş tərəfi özünə düşmən etməmək kimi, humanist bir qayda mövcuddur. Yəni, Azərbaycan adətində “yıxılanı vurmaq” üstünlük sayılmır. Əksinə, əl uzadıb onu qaldırmaq daha mərdanə davranış hesab olunur.
Dövlət səviyyəsində bu qayda Azərbaycan Prezidentinin darmadağın olmuş Ermənistanı sona qədər məhv etməyi deyil, “əlindən tutub, əməkdaşlıq üçün qaldırmağı” seçməsində ifadə olunmuşdur. Bundan başqa, unutmayaq ki, Prezident İlham Əliyev Vətən savaşının nəticəsi kimi tarixi ədalətlə beynəlxalq hüquqa əməl olunmasını bir-biri ilə əlaqədə təqdim etmişdir.
Digər nümunələri də göstərmək olar. Ancaq vurğulanan özəlliklər də göstərir ki, azərbaycanlı mentalitetində ümumi təməldə müəyyən mənəvi-əxlaqi və ideya-psixoloji “sahə” vardır ki, əsrlərdir bu toplumun birgəyaşam fəlsəfəsində mühüm rol oynayır. Həmin “sahə”nin mərkəzində, bizcə, fərdin özünü yurd, el-oba və Vətənlə eyniləşdirməsi dayanır. Dövlətçilik aspektinə transformasiya edəndə, bu, ümumi halda “vətənçilik”, müasir anlamda isə “azərbaycançılıq” deməkdir! Buna görə də azərbaycançılığın ümumtürk mənşəli milli məfkurə kimi qavranılması tam əsaslıdır!
Azərbaycançılıqda ümumtürklük məqamı
Bu, çox səmərəli bir sintezdir. Məsələnin bu cür qoyuluşu avtomatik olaraq azərbaycançılığı ideya və ideoloji vahid kimi “türk – qeyri-türk” dixotomiyasının çərçivəsindən çıxarır və bütövlükdə, tarixi-siyasi və sosial-mədəni kontekstdə ideyanın təkamül dinamikası müstəvisinə gətirir. Bu anlamda “ümumtürklük” türk dövlətçiliyi kontekstində etnik mənsubluqdan asılı olmayaraq hər bir toplum üzvünün dövlətə və Vətənə münasibətinin ümumi xarakteristikası kimi məzmun alır. Onun aparıcı mexanizmi və təməl daşı isə türk qövmlərinin dövlət quruculuğu dinamikasında sosial-mədəni və birgəyaşam fəlsəfəsi çərçivəsində topladığı pozitiv təcrübədən ibarətdir. Bu anlamda ümumtürklük dövlətə və Vətənə sadiqliyin sinonimi kimi təsəvvür edilməlidir. Onun müasir mərhələdə ən parlaq təzahürü bütün azərbaycanlıların dövlətin başçısının bir səslənişi ilə “vəhdəti-vücud” (“bir can”) olmasında özünü göstərdi! Azərbaycan əsgərinin fədakarlığının, şücaətinin dərin mənəvi qatlarında həmin kod dayanır!
Buradan bir qədər geniş anlamda “ümumtürk mənşəli milli” ifadəsinin məzmun çalarları aydınlaşa bilər. Yəni “milli” sözü, bütövlükdə Azərbaycan toplumunun özünəməxsusluğuna vurğudur. Bu mənada, “milli”, yəni azərbaycançı, Azərbaycan toplumuna xas olan, azərbaycanlılara bütövlükdə aid olan keyfiyyət-kod deməkdir. Vahid Azərbaycan mədəniyyətinin mövcudluğu işığında bu tezis olduqca normal və təbii görünür. Bütün azərbaycanlıları təhtəlşüurda birləşdirən dəyərlər kifayət qədər realdır!
Bu tezisi bir qədər də irəli gedərək “məfkurəçilik”lə bağlamaq artıq azərbaycançılığın krtitik situasiyalarda vətənçilik kontekstində konseptuallaşdırılması cəhdidir. Çox maraqlı və əhəmiyyətlidir! Fəlsəfəsini izah edək.
Sərt dönəmlərdə azərbaycançılıq məfkurəsi
II Qarabağ savaşı təcrübəsini bu bağlılıqda dərk etmək üçün bir sıra ümumfəlsəfi məqamlara toxunmaq lazımdır. Məfkurə, bizə görə mükəmməl səviyyəyə çatmış milli ideologiyanın ali formasıdır. O, bütün toplumda daxili inklüzivlik özəlliyinə, yəni fərdlər tərəfindən sübutsuz qəbuledilənlik xüsusiyyətinə malikdir.
Hər bir toplumda bu keyfiyyət mövcud ola bilər. Fəlsəfi olaraq məfkurə o zaman toplumun milli əsasda davranış və təkamül standartlarını formalaşdırır ki, uzun müddət onun dayanıqlı və davamlı reaktuallaşması (təkrar-təkrar sosial mühitdə əyaniləşməsi) baş verir. Bu proses əsrlərlə davam edirsə, bütövlükdə, cəmiyyətin “sosial-ideoloji və mənəvi immun sistemini” yaradır. “İmmunitet” burada metaforadır və cəmiyyətin instinktiv olaraq təsirlərə kodlaşmış formada reaksiya verməsini ifadə edir.
Krtitik situasiyalarda cəmiyyət intellektual reaksiyadan öncə “immunitet”lə reaksiya verir. Məsələn, hər hansı təcavüzə avtomatik olaraq iradi, mənəvi, əxlaqi, siyasi, ideoloji və feili cavab verir. Bununla paralel olaraq, intellektual reaksiya işə düşə bilər ki, bu, artıq təşkil olunmuş səviyyədə müqavimət hərəkatı yaratmaq deməkdir.
Bu qısa fəlsəfi izahların fonunda II Qarabağ savaşında azərbaycançılığın məfkurəvi təzahürü mərkəzində Azərbaycan insanının Vətən uğrunda özünü qurban verməyə hazır olmasında, savaş yoldaşına arxa olmaqda, müqəddəs saydığı dəyərləri qorumağın çox təbii olduğuna dərin inam dayanır.
Bu ruhsal və mənəvi halın konkret təzahürünü biz Beyləqanda savaş getdiyi zaman canlı şahidi olduğumuz bir hadisədə gördük. Beyləqan kəndlərinin birində azərbaycanlı ana iki övladını şəhid vermişdi. Ona baş çəkməyə getmişdik. Ananın gözündə qəmlə qürur qarışıq idi. Bir dəfə də olsun şikayətlənmədi. Əsasına söykənərək yaxınlıqda gedən savaş tərəfə boylanırdı. “Heç birini saxlaya bilmədim. Kiçik qardaş dedi ki, böyük qardaşım gedib, mən gərək onu müdafiə edəm. İkisi bir yerdə şəhid oldu. Ən yaxın qohumlar da eyni sözlərlə savaşa getdilər”, söylədi.
Ananın duruşunda, söylənişində, gətirdiyi arqumentlərdə azərbaycançılığın məfkurəvi kodları vardı. Dolan gözlərini gizlədirdi. Sonda qardaşı ona sarıldı, hər ikisi hönkürdü, ancaq yenə sözləri bu oldu: “Vətən sağ olsun!”. Bəli, göz yaşları içində “Vətən sağ olsun!” hayqırtısı əsrlərlə təhtəlşüurun və şüurun “tərbiyə” etdiyi Vətən sevgisinin yüksək məfkurəvi təsdiqidir! Bunun üçün azərbaycançılığın məfkurə kimi konseptuallaşmasını bilməyə ananın ehtiyacı yoxdur! Ancaq biz onu öyrənməli, fəlsəfəsini yaratmalıyıq ki, Azərbaycan insanının gerçək kimliyini dünya duysun.
Heç şübhə etmirəm ki, bu sətirləri oxuyan hər bir Azərbaycan vətəndaşı daha təsirli və çox sayda nümunələrin şahidi olmuşdur. Bizim yaddaşımızda Vətən savaşı bu kimi nümunələrlə əbədi olaraq qalacaqdır! Bu, bizim müqəddəs Vətən borcumuz olmalıdır!
Azərbaycançılığın ən yüksək səviyyədə məfkurəvi təzahürü Prezident İlham Əliyevin Vətən savaşı müddətində və postmüharibə mərhələsindəki fəaliyyətində qabarıq surətdə özünü göstərmişdir. İlham Əliyev hər an Azərbaycan hakimiyyəti, xalqı, cəmiyyəti və ordusunu motivə etdi, qələbəyə apardı. Milli maraqları, vətənçiliyi daim üstün tutdu. Xarici qərəzli jurnalistlərə verdiyi müsahibələrində özünü əsl vətənsevər, milli ləyaqətli, qürurlu, ədalətli və beynəlxalq hüquqa əməl edən dövlət başçısı kimi göstərdi. Və qalib gəldi! Qələbədən sonra şəhidlər üçün göz yaşını saxlaya bilmədi! Daxilən, mənəvi, əxlaqi və duyğusal olaraq tam mənada Böyük azərbaycanlı olduğunu təsdiq etdi!
Eyni zamanda, İlham Əliyev yorulmadan Qarabağı yenidən inşa edir. Dünyanın bütün vətənsevər və ədalətli insanlarını bu prosesə həvəsləndirir, cəlb edir. İlham Əliyev azərbaycançılıq məfkurəsinin tam daşıyıcısı kimi Vətən üçün mübarizəsini davam etdirir.
Vurğulanan məqamlar azərbaycançılığın “ərazi bütövlüyünün, vahid Vətən, vətəndaş həmrəyliyi və milli birlik ideyalarının təcəssümü” kimi ideya vahidi olaraq araşdırılmasını daha da aktuallaşdırır.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru