Yaxud İrəvan sülh sənədini kağız parçasına necə çevirə bilər?
Ötən həftə Ermənistanın ədliyyə naziri Qriqor Minasyan konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçiriləcəyi barədə “müjdə” verdi. Bakının sülh sazişinin imzalanmasına əsas əngəl hesab etdiyi Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı müddəaların çıxarılması tələbinə İrəvan “özüməxsus” şəkildə, haysayağı cavab verib. Bu, o deməkdir ki, Paşinyan iqtidarı Azərbaycanla sülh müqaviləsini imzalamaq barədə düşünmür. Onlar bu məsələni “perspektiv plan” kimi üç il sonraya saxlamağa çalışırlar.
Haylardan nə desəniz gözləmək olar. Əgər sabah, o biri gün Ermənistan siyasi hakimiyyəti Bakının tarixin arxivinə göndərdiyi “dqr”in keçmiş xunta rejiminin “geriyə qayıdışına” həsr olunmuş tədbirində iştirak etsə, orada separatçı tör-töküntülərin xoşuna gələn fikirlər səsləndirsə, buna qətiyyən təəccüblənməyəcəyik.
Əgər baş nazir Nikol Paşinyan 1 il əvvəl hakimiyyətinə “potensial təhlükə mənbəyi” saydığı separatçı-revanşist qüvvələrlə görüşlərini davam etdirsə, buradan belə bir məntiqi nəticə hasil olacaq ki, hayların başbiləni sülhə gəlməkdə qətiyyən maraqlı deyil. O, indiki vəziyyətdə, sadəcə, Azərbaycanla sülh oyununu davam etdirməklə məşğuldur.
Amma biz onu da xatırlayırıq ki, həmin Paşinyan 12 ay bundan əvvəl “artsax institutları”nın İrəvanda mövcudluğunu öz hakimiyyəti üçün təhdid hesab edirdi və bu səbəbdən keçmiş qondarma rejimin bütün atributlarını qeyri-qanuni elan etmişdi. Doğrudur, onun ötən il – sentyabrın 2-də Xankəndidəki daşnak-separatçılara “müstəqillik təbriki” göndərdiyini də unutmamışıq. Sonrası hamımız kimi, Paşinyanın özünə də bəllidir. İldırımsürətli 19–20 sentyabr antiterror tədbirləri ilə Azərbaycan bölgədə erməni separatizminin kökünü kəsdi.
Yerli analitiklərin bəziləri belə hesab edirlər ki, separatçılar “yenidən dirilməyi” və “artsax məsələsini” gündəmə gətirməyi qarşılarına məqsəd qoyublar. Bu isə ikitərəfli sülh prosesinə əngəl törədəcək amillərdən birinə çevrilə bilər.
Bir il bundan əvvəlki hadisələrə qısa nəzər yetirək. Azərbaycanın Qarabağda həyata keçirdiyi 23 saatlıq antiterror əməliyyatından sonra separatçıların nümayəndələri Yevlaxda görüşə gəldilər və bunun ardınca “dqr”in sonuncu “rəhbəri”, quldurbaşı Samvel Şahramanyan bir “fərman” imzaladı. O, bəyan etdi ki, 2024-cü il yanvarın 1-dən etibarən qondarma qurumun bütün “orqanları” buraxılır.
Bununla da Azərbaycan özünün tarixi torpaqları üzərində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi, separatçılar da rədd olub getdilər. Amma onlardan bəzilərinin qollarını qandallamağa məcbur olduq. Özünü və rejimini sənəd-sübutla buraxmış Şahramanyan isə “ana vətənə” gedəndən az sonra “fərman”ını geri oxudu, onu etibarsız elan etdi. Separatçıların İrəvandakı “nümayəndəliyi” onun ofisi oldu.
Bu məqamda hayların baş nazirinə növbəti sualımızı ünvanlayaq: Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını, Bakı ilə sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edən Nikol Paşinyan nədən bu qanunsuz qurumu ləğv etmir? Bundan daha önəmlisi – potensial müharibəyə səbəb ola biləcək, işğalı təşviq edən Ermənistan konstitusiyası beynəlxalq hüquqa, BMT Nizamnaməsinə nə zaman uyğunlaşdırılacaq? Müjdəsini verdikləri və 3 il sonra keçirəcəkləri referendumdan, sülh sazişi kağız parçasına çevriləndən sonramı?
Ermənistan baş naziri onun bu səpkidəki sülh nağıllarının son nəticədə sülhə deyil, altdan-altdan hazırlaşdığı, iqtidarı və ölkəsi üçün sonuncu olacaq müharibəyə apardığını doğrudanmı anlamır?
İ.HƏSƏNQALA
XQ