Sentyabrın 2-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Milli Məclisə növbədənkənar seçkiləri müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Malayziya Senatı sədrinin müavini Nur Cazlan Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Söhbət zamanı Azərbaycan–Malayziya ikitərəfli və çoxtərəfli əlaqələri, Milli Məclisə növbədənkənar seçkilər prosesi və nəticələri, habelə regional məsələlər müzakirə olunub.
Nazir bu ilin əvvəlində keçirilmiş prezident seçkiləri kimi, parlament seçkilərinin də azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl, sistemli və intensiv şəkildə atılan addımlar, eləcə də beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı ilə bağlı tədbirlər barədə qarşı tərəfə məlumat verib.
***
Nazir Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının xarici işlər naziri Marko Curiç ilə də görüşüb.
Təkbətək görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib, Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji, nəqliyyat və kommunikasiyalar, humanitar və digər aspektləri, habelə regional, beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Marko Curiç ölkəmizi Azərbaycanda parlament seçkilərinin şəffaf, azad və demokratik formada təşkili münasibətilə təbriklərini çatdırıb, seçki prosesinin nəticələrinin Azərbaycan parlamenti üçün uğurlu olacağına dair ümidvarlıq ifadə edib.
***
Dünən nazir Ceyhun Bayramov Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin Baş katibinin birinci müavini Leonid Anfimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Söhbət zamanı Azərbaycan və MDB arasında əməkdaşlıq gündəliyi, habelə seçkilərdən irəli gələn məsələlər müzakirə olunub.
Ceyhun Bayramov Azərbaycan ərazisində suverenliyin tam bərpasından sonra sentyabrın 1-də keçirilən ilk parlament seçkilərinin vacib tarixi-siyasi hadisə olduğunu vurğulayaraq seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün görülən tədbirlər, o cümlədən bu prosesdə beynəlxalq müşahidəçilərin iştirakı ilə bağlı atılan addımlar barədə məlumat verib.
MDB Baş katibinin birinci müavini Leonid Anfimov prezident seçkilərində olduğu kimi, bu parlament seçkilərinin də Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycan qanunvericiliyinə və beynəlxalq öhdəliklərə uyğun təşkil olunmuş seçkilərin azad və şəffaf şəkildə keçirildiyini bildirib.
XQ