Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) süqut edəndən sonra mühacir ömrü yaşamağa məcbur olan qələm sahiblərimizin yaradıcılığı vaxtaşırı tədqiq olunsa da, bu sahədə müəyyən boşluqlar hələ də var və araşdırmaçıların hər bir səyi, tapıntısı maraqla qarşılanır. Bu baxımdan mühacirət poeziyası nümunələri məcmuəsinin “İstiqlal uğrunda” adı ilə toplu halında çap edilməsi təqdirəlayiq olub.
Sözügedən kitab işıq üzü görən zaman onu tapıb oxuya bilməsəm də, bu günlərdə nəşrin redaktoru – Azərbaycan Yazıçılar Birliyinin poeziya seksiyasının rəhbəri şair İbrahim İlyaslı toplunun bir nüsxəsini mənə hədiyyə etdi. Oxuyub xeyli duyğulandım və ürək sözlərimi qələmə almaq istədim.
“İstiqlal uğrunda” almanaxı ilk dəfə 1928-ci ildə Türkiyədə ərəb hürufatı ilə işıq üzü görüb. Azərbaycanın bolşevik əsarəti ilə barışmayıb tərki-vətən olmuş, öz əqidələrindən dönməyərək, mücadilələrini poeziya dili ilə davam etdirmiş mühacirlərimizin həmin əsərlərinin, təxminən, 1 əsr sonra Bakıda latın qrafikasında yenidən nəşr edilməsi, doğrudan, təqdirəlayiq haldır. Kitabın yeganə orijinalını tapıb “Qələmnəşr”ə təqdim edən Əhməd Dərgahquliyevə və çapını reallaşdıranlara – transliterasiyasını hazırlayıb yeni redaktə ilə oxucuların istifadəsinə verən şair-tədqiqatçı Hafiz Rüstəmə, ideya müəllifi İbrahim İlyaslıya minnətdarlıq hissi ilə bildirək ki, toplu, mühacirət ədəbiyyatı ilə maraqlanan, eləcə də poeziya vurğunu olan oxucular üçün dəyərli vəsaitdir və gənclərin milli-vətənpərvərlik tərbiyəsi baxımından önəmlidir.
Qeyd etməyə borcluyuq ki, sovet hakimiyyətinin qadağaları sərt olsa da, Azərbaycanda Abdulla Şaiq, Əhməd Cavad, Əliabbas Müznib, Səməd Mənsur, Cəfər Cabbarlı, Umgülsüm, Gültəkin (Əmin Abid), Davud, Əli Yusif, Əbdürrəhman Dai və başqalarının Cümhuriyyət zamanında artıq formalaşmaqda olan milli ruhlu şeirləri müəyyən mənada sandıq ədəbiyyatına çevrilsə də, müəlliflərin bolşevik quruluşu ilə barışmazlığının təzahürü idi.
Bu kitab isə qürbətdə istiqlal eşqi ilə yanan şair qəlblərinin həyəcanlı döyüntülərindən ibarətdir. Onlar istibdada qarşı etiraz səslərini ucaltmaqdan çəkinməyib, millətin ruhunda parlayan istiqlal atəşini sönməyə qoymayıblar. Toplunun qardaş ölkəyə aid olan ilk çapını ozamankı Milli Azərbaycan Nəşriyyatı həyata keçirib. Ön sözdə qeyd edilib ki, onun tərtibi Kamal bəy adlı vətənpərvər bir soydaşımıza aiddir. Şeirlər, əsasən, mühacirət mətbuatı olan “Yeni Qafqasya” və “Azəri türk” məcmuələrindən seçilərək, ipə-sapa düzülüb. Məcmuə “Bayrağı təbrik”, “İstiqlal məfkurəsi”, “Vətən sevgisi”, “Türk qardaşlığı”, “Qəhrəman mücahidlərə”, “Şanlı istiqlal mücadiləsi”, “Rəmzi parçalar”, “Mücadilə şərqiləri”, “Milli cihad cazibələri” kimi 9 bölümdən ibarətdir.
Hürriyyətə susamış ruh çırpıntıları, üçrəngli bayrağımıza sevgi etirafları, Vətən gözəlliklərinin tərənnümü mühacirət şairlərinin imanının heç də zavala uğramadığına dəlalət edir. Məsələn, şair Sənanın “Vətən sevgisi”nə nəzər salaq:
Saçar fırtınalar, atəşlər, qanlar,
Qanımda qərq olar azğın düşmanlar.
İstiqlal uğrunda qanlı bir kəfən
Geymişəm, ölsəm də, yaşasın Vətən!
Məcmuədə Gültəkin (Əmin Abid), Azərizadə, Umgülsüm, H.Həmidzadə, Ə.Dai, S.Bədri, Məsud Səfvət, Ə.Yusif, Əli Usta, Nafe Şükri, İ.Zöhdi və başqa müəlliflərin poetik nümunələri toplanıb. Pessimist əhval da var, istiqbala inam da. Həmin imzaların çoxu ədəbi tənqidin nəzərindən yayınmış olsa da, M.Ə.Rəsulzadə, Ə.Cəfəroğlu, Kamal bəy və başqalarının məqalələrində mühacirət poeziyası ilə bağlı, ilk növbədə, Gültəkinin yaradıcılığından danışıldığı və ona qiymət verildiyi məlumdur. Ümumiyyətlə isə şeirlərin əksəriyyəti klassik mühacirətin ən yaxşı nümunələri kimi dəyərləndirilə bilər.
Topluya Əhməd Cavadın 10 şeiri də daxil edilib. Bunlar “Milli bayrağımıza”, “Nədən yarandın?”, məşhur “Göy göl” və “Sən ağlama”, eləcə də “Al bayrağa”, “Mənəm”, “Bismillah”, “Qalx”, “Bir gül əkdim”, “Bir gün” şeirləridir. Kitab haqqında fikirlərini bölüşən filologiya elmləri doktoru Bədirxan Əhmədli təəssüflə yazır ki, o zaman həm kitaba, həm də elə Əhməd Cavada qarşı ideoloji kampaniya başlanmış, tənqidi məqalələr dərc edilmişdir. Onu da deyək ki, Türkiyədə çıxmış məcmuədə Əhməd Cavadın yazmış olduğu “Azərbaycan” himni müəllifsiz dərc edilib. Bəlkə də, Sovet Azərbaycanında yaşayıb işləyən şairi təqibdən yayındırmaq məqsədilə belə edilib.
Baxın, Umgülsümdən misal gətirdiyimiz aşağıdakı təəssüf və etiraz motivləri Bakıdakı hakimiyyət dairlərinin qəzəbinə və cəza tətbiqinə səbəb olmazdımı?
Yazıq səni, bayrağım,
endirdilər öyləmi?
Səni yıxıb devirən o zəhərli ruzigar,
O haqq deyən haqsızlar, vəhşilər,
tanrısızlar,
Yanar ocağını da söndürdülər,
öyləmi?
Topluda Azərinin “İnqilab nəğmələri və yaxud həbsxana şeirləri” (“Yeni Qafqasya”dan) və M.B.Məmmədzadənin “Əli Usta və şeirləri” (“Azəri Türk”dən) məqalələri də dərc edilib. Həmin yazılarda istiqlal poeziyasının təhlili verilir və poetik parçalar da yer alır. Təhlil edilən, müəllifləri məlum olmayan şeirlər ədəbiyyatşünaslığımız üçün tamamilə yenidir.
...“İstiqlal uğrunda” kitabının latın qrafikasında nəşri, qərib şairlərimizin şeirlərinin yenidən ədəbi dövriyyəyə daxil edilməsi mühacirət poeziyasının tanıdılması yönümündə atılan bir addım kimi önəmlidir.
Ə.DOSTƏLİ
XQ