Azərbaycan milli teleradiosu hər zaman mədəniyyət, incəsənət və ədəbiyyatımızın təbliğatında böyük rol oynamışdır. Bu missiyanı həyata keçirənlər arasında televiziyada formalaşmış diktor məktəbi təmsilçilərinin də mühüm xidməti olub. Onlardan biri uzun illər Azərbaycan Televiziyasında çalışmış Xalidə Əhmədovadır.
Bu günlərdə “Xalq qəzeti”nin qonağı olan Xalidə Əhmədova (Xalidə Gözəl) 1979-cu ildə M.Əliyev adına İncəsənət İnstitutunu bitirib.1981-ci ildə Azərbaycan Dövlət Televiziyasında diktorluq müsabiqəsinə müraciət edənlər arasından seçilib.
1992-ci ilədək Azərbaycan Dövlət Televiziyasında fəaliyyət göstərib. Bir çox proqramların hazırlanması və geniş tamaşaçı auditoriyasına təqdim edilməsində böyük rol oynayıb. 1992–2005-ci illərdə Xalidə Gözəl Türkiyə Dövlət Televiziyasının Azərbaycan bölümündə çalışıb.
– Milli televiziyadakı fəaliyyətinizi uğurlu karyera başlanğıcı hesab etmək olarmı?
– Əlbəttə. Seçimlərdən qalib çıxmaq özü bir uğur idi. İlk dəfə ekranda kamera qarşısına çıxıb “Xalq yaradıcılığı” verilişini aparmağımla uğur karyeram başlandı. Bölgələrdən gələn bədii özfəaliyyət kollektivlərini həftədə bir dəfə tamaşaçılara təqdim edirdik. Onların səhnə üçün hazırlanması və səviyyəli şəkildə tamaşaçılar qarşısına çıxmasına böyük diqqətlə yanaşırdıq. Ümumiyyətlə, o dövrdə televiziya anlayışı möhtəşəm bir nəsnə idi. Açığı, elə səviyyə də indiki TV kanalları ilə müqayisədə xeyli fərqli idi. Camaat ekrana müqəddəs məkan kimi baxırdı. Və xalqın içindən çıxan qabiliyyətli, istedadlı insanların təqdimatı da bunun hesabına mötəbərlik qazanırdı.
Ümumiyyətlə, o dövrdə zahiri görünüşə, səsə, dilin, diksiyanın qüsursuz olmasına çox ciddi fikir verilirdi. İstər diktor-aparıcı, istərsə də musiqi ifaçıları, müğənnilər seçilən zaman, bütün bunlar mütləq nəzərə alınırdı. Nəticədə, həm diktorlar, həm də istedadlı ifaçılar az bir vaxtda populyarlaşır, ekranların, səhnələrin parlaq simasına çevrilir, xalq məhəbbəti qazanırdılar.
Həmin illərdə Xalidə xanım həm də “Xəbərlər” proqramının aparıcısı idi. SSRİ-nin tənəzzül dövründə, azadlıq hərəkatının, milli ruhun gücləndiyi vaxtlarda əhalinin bir gözü teleekranda olurdu, hamı meydan mitinqlərində baş verənləri izləyirdi. Düşüncələrə hakim kəsilən bir hiss var idi ki, tezliklə imperiyanın buxovlarından azad olaq.
– Belə bir dönəmdə AzTV-nin qadın diktorunun Azadlıq meydanında tribunadan xalqa səslənməsi, hərəkata dəstək olması böyük hünər idi. Xalidə xanım bunu bacarmışdı…
– SSRİ-nin süqutu ərəfəsində Azərbaycan xalqının siyasi oyanışı pik həddə çatmışdı. Meydan qaynayırdı. Mənim içimdə daim bir azadlıq duyğusu var idi və bu proseslərdə həmin duyğu məni meydan hərəkatına cəlb etdi. O dövrdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Elşad Quliyev idi. Onu da xüsusi qeyd etmək istərdim ki, Elşad müəllim televiziya işini yüksək səviyyədə bilən peşəkar olmaqla yanaşı, milli ruhlu insan idi. Əvvəlcə niyyətimi ona bildirdim. Bir söz demədi. Azadlıq meydanına daxil olduğum zaman orada, az qala, yarım milyon insan var idi. Haqq işimiz naminə hamı bir araya gəlmişdi, hər kəsə azadlıq ruhu hakim kəsilmişdi. Mən tribunada görünəndə, sanki, bir canlanma yarandı, hamı mənə irəli çıxıb danışmaq üçün yol verdi. Xalq şairi Sabir Rüstəmxanlı məni təqdim etdi. Atif Zeynallının “Azərbaycanam” şeirini söylədim.
Səsim şimşək, ildırım
Nəfəsim tufan olub.
Babəkəm, Koroğluyam,
Nəbiyəm, Səttarxanam!
Mən odlar yurduyam –
Azərbaycanam!
Ölkəmizin azadlığı üçün ayağa qalxmış millətin içində kimlər yox idi? Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Xəlil Rza Ulutürk və başqaları… O anlar bizim birliyimizi nümayiş etdirən bir tarix idi.
– O birliyin nəticəsidir ki, bu gün azad ölkələr sırasında yer almışıq…
– Bəli, meydan hərəkatı dağıdılsa da, başımıza 20 Yanvar müsibəti gətirilsə də, xain ermənilərin torpaq iddiaları baş qaldırsa da, 70 il əsarətində qaldığımız bir imperiyanın tərkibindən çıxaraq öz azadlığımıza qovuşduq. 1992-ci ildə Naxçıvanda görkəmli siyasi və dövlət xadimi ulu öndər Heydər Əliyevlə olan görüşüm, Türkiyə televiziyası üçün ondan aldığım müsahibə daim mənim həyatımın ən mənalı anı olaraq qalacaq. Ali Baş Komandanımız, Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qüdrəti sayəsində, Ordumuzun gücü ilə Qarabağımızı xilas etmişik.
– Həyatınızın Türkiyə səhifələri barədə nə deyə bilərsiniz?
– Mən 1990-cı il yanvar ayının ilk günlərində qardaş ölkəyə yola düşdüm. Yanvar faciəsini Türkiyə televiziyasından eşitdim. Boş dayanmadan, siyasi fəaliyyətə başladım. Ankarada insanlar ayağa qalxmışdılar. Qarsdan, İğdırdan olan azərbaycanlılar sakitləşə bilmirdilər. Mən də onların aksiyalarına qoşulmuşdum. Anadolu meydanında (Tandoğan meydanı) SSRİ-nin dövlət bayrağını yandırıb, heykəlin zirvəsində Azərbaycan bayrağını yüksəltmişdim. Onu da qeyd edim ki, SSRİ-nin bayrağını meydanda yandırmağım barədə türk kanallarında süjetlər verildi. Az bir vaxtda orada hamı məni tanıdı, məndən müsahibələr alırdılar. Günlərin birində qapım döyüldü, “Hörmətli Süleyman Dəmirəl sizi görmək istəyir” dedilər.
Görkəmli siyasi xadim, Türkiyə Cümhuriyyətinin prezidenti olmuş Süleyman Dəmirəllə görüşüm həyatımda yeni səhifə açdı. Ailəmlə birgə Ankaraya köçdüm və orada ictimai-siyasi fəaliyyətə başladım. Fəaliyyətim sonra Qars və İğdır bölgəsində oldu. 15 ilə yaxın Türkiyədə yaşadıq, TRT-nin Azərbaycan bölümündə fəaliyyət göstərdik. Həyat yoldaşım, tanınmış televiziya diktoru Davud Əhmədovla birgə Azərbaycanımızın təbliğatında böyük rol oynadıq. Doğrudan da, Türkiyədə yaşadığımız, fəaliyyət göstərdiyimiz illər ömrümüzün ən gözəl dövrünü əhatə edir…
Bəli, vətənpərvər ruhda yaşayan, özündən daha çox millətini düşünən, daim dövlətçilik ideyalarına sədaqətli olan Xalidə xanımın keçdiyi həyat yolu keşməkeşli, həm də mənalı olub. Çox təəssüf ki, bir vaxtlar tamaşaçıların sevimli diktoru olmuş Xalidə Əhmədova Türkiyədən Vətənə döndükdən sonra bir növ unudulub. Həyat yoldaşı diktor Davud Əhmədov 2015-ci ildə – 74 yaşında qəfil dünyasını dəyişib. Xalidə xanım işsizlik problemi ilə üzləşib, hazırda təqaüdçüdür və müəyyən maddi çətinlikləri də olur. Amma Vətənə, dövlətə sevgisi zərrə qədər də azalmayıb.
Xədicə QİYAS