Milli xalçamızın “Malıbəyli”si

post-img

Milli Xalça Muzeyində kəsim mərasimi keçirilən yeni “Malıbəyli” xalçası orijinala tam uyğunluğu, rəng harmoniyası və mükəmməl toxunuşu ilə insanı valeh edir. 19-cu əsr Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid olan nadir mədəniyyət incisinin muzeydə qorunan nüsxələrinin çeşniləri əsasında, klassik “Svastika” və “Bulud” elementləri saxlanmaqla toxunan bu təzə xalça da “sələf”ləri kimi göz oxşayır. 

Yeni toxuculuq məmulatı – xalçaçı rəssam Sevinc Əliyevanın eskiz müəllifi olduğu sənətkarlıq nümunəsi “Malıbəyli” xalçasının replikası, yəni kopyası, yeni təs­viri formasıdır. Xalçanı texniki çeşni əsa­sında Gülxar Soltanova toxuyub. Kəsim mərasimini xeyli seyrçi, o cümlədən xarici qonaqlar da izləyirdi. Bir neçə dəqiqə da­vam edən proses maraqlı olduğu qədər də həyəcanlı idi. Mədəni irsimizin daha bir sənət nümunəsi ilə zənginləşməsi hər kəsi duyğulandırırdı. Sözün əsl mənasında, incə ornamentləri, zərif və nəfis naxışları ilə heyranlıq doğuran bu nümunə milli xal­ça sənətimizə növbəti ərməğan idi. 

Xalçanın toxunuşu barədə bilgi verən Gülxar Soltanova dedi:

– Xalçaçılıq sənəti bizə nənələrimizdən miras qalıb. Mən də ömrümün xeyli ili­ni bu sevimli sənətə vermişəm. İndiyədək neçə-neçə xalça toxumuşam. Gördüyünüz bu xalçanın toxunması 3 ay çəkib. Bu işin çətin, eyni zamanda, çox maraqlı tərəfləri var. Toxuma prosesi yüksək peşəkarlıq və diqqət tələb edir. Gərək elə edəsən ki, bir ilmə belə yanlış düşməyə, ümumi kompozi­siya bitkin ola. Bu çeşnidə xalçalar əjdahalı xalçalardan bəhrələnməklə yaradılıb. Za­man keçdikcə, stilizasiyaya uğrayıb. Təq­dim olunan xalçanın ara sahəsində əjdahanı xatırladan “bulud” təsviri verilib. Baxanda XIII–XIV əsrlər Azərbaycan incəsənətində geniş yayılmış uyğur türklərinə məxsus de­korativ elementləri xatırladır. 

Xalçaçı rəssam Sevinc Əliyeva da yeni nümunənin özəlliklərindən danışdı: 

– Özünəməxsus rəng çalarları və naxış­ları ilə seçilən bu dəyərli xalçalar Şuşa rayonunun Malıbəyli kəndinin toponimi­kasından ad alıb. Xalçanın orta sahəsinin kompozisiyasını qədim qel tayfalarının et­noniminə aid komponentlər bəzəyir. Bu da ona dəlalət edir ki, ötən əsrlərdən etibarən, bulud təsviri və Çin-uyğur incəsənətinin dekorativ elementləri zaman-zaman Azər­baycan xalq incəsənətinə daxil olub. Milli sənətlərimizi zənginləşdirən bu element­lərin tətbiqi bənzər yerli ictimai şərtlərlə, dini inanclarla və əhalinin həyat tərzi ilə bağlıdır. 

Onu da qeyd edək ki, “Malıbəyli” xal­çalarının yerliyi (fonu) qırmızı rəngdə ol­duğundan, toxunma zamanı istifadə edilən yunun 40 faizi də həmin rəngə boyanırdı. Bu xalçalar çox vaxt kiçik və orta ölçülər­də toxunub. Bəzi hallarda böyük ölçüdə olanlara da rast gəlinib. Bu xalçaların hər kvadratmetrində 140–180 min ilmə olur, xovun hündürlüyü 7–9 mm təşkil edir. 

Xalça kəsimi mərasimində bir daha şa­hidi olduq ki, qədim köklərə malik Azər­baycan xalçaçılıq sənəti ölməzdir və onun yaşadılmasında Milli Xalça Muzeyinin də xidmətləri böyükdür. 

Ceyhun ALIŞLI
XQ

Mədəniyyət