Xeyirxahlıq zirvəsində yaşayan Hacı

post-img

Zeynalabdin Tağıyev ehtiramla anıldı

Neft milyonçusu, böyük messenat Hacı Zeynalabdin Tağıyev xalqın yad­daşında yaşayan şəxsiyyətlərdəndir. Düz bir əsr öncə – 1924-cü il sеntyabrın 1-də Mərdəkandakı bağ еvində vəfat еdən xeyriyyəçi Axund Əbu Turab Ağa­nın məqbərəsində dəfn edilib, amma bu gün də millət atası kimi hörmətlə xatırlanır. 

Bakının Mərdəkan qəsəbəsində unu­dulmaz xeyriyyəçinin anım mərasiminə tanınmış elm xadimləri, ziyalılar, sakinlər toplaşmışdılar. Tarix üzrə fəlsəfə dokto­ru Firdovsiyyə Əhmədova tədbiri açaraq, H.Z.Tağıyеvin hələ sağlığında gördüyü nəcib işlərdən, millət atasının hamıya nü­munə olan şəxsi keyfiyyətlərindən danı­şıb. 

Milli Azərbaycan Tarixi Muzеyinin direktoru, akademik Nailə Vəlixanlı vur­ğulayıb ki, bu gün Hacı Zeynalabdinin həyat yolu xalqa xidmət nümunəsidir, tarix muzеyi onun irsini araşdırıb təbliğ edən əsas elmi və mədəni məkandır. O, təkcə vəfatı günündə deyil, hər zaman xatırlan­malıdır. Tağıyev irsinin tədqiqatçısı, tarix elmləri doktoru Fərhad Cabbarov bildi­rib ki, M.Ə.Rəsulzadə İstanbulda “Yeni Qafqasiya”da çap olunan məqaləsində yazırdı: “Xalqın yaddaşında, qəlbində H.Z.Tağıyev həmişə böyük şəxsiyyət kimi qalacaq. Çünki H.Z.Tağıyev xalqı üçün o qədər böyük işlər görüb ki, xalq onu unut­mayacaq”. 

ADA Universitetinin rektoru, fizika-ri­yaziyyat elmləri doktoru Hafiz Paşayev təhsil sahəsində H.Z.Tağıyevin xidmətlə­rinin əvəzsiz olduğunu söyləyib: “O, ol­masaydı, bu sahədə o zamanla bu günün arasında böyük uçurum olardı. Məhz bizim tələbələrin də təşəbbüsü idi ki, H.Z.Tağı­yevin vəfatının 100 illiyini ehtiramla yad edək. ADA Universitetinin xüsusi proqra­mı da “Hacı Zeynalabdin Tağıyev müka­fatı”dır. Biz tələbələri qruplara bölürük. Hər il ictimai əhəmiyyətli lahiyələri də tələbələrimiz özləri təklif edirlər. Məsələn, yetim uşaqlara diqqət, yol qaydaları və s. lahiyələri də 4–5 ay ərzində tələbələr özlə­ri həyata keçirirlər. Mayın 2-də isə həmin layihələr təqdim olunur, tələbələr müka­fatlandırılır. H.Z.Tağıyevin evi ilə bağlı layihə də olub. Təqdimat mərasimi də H.Z.Tağıyevin Mərdəkandakı bağ evində keçirilib. Həmin mərasimin həmişə burada keçirilməsi qərara alınıb”. 

“Aydınlığa doğru” Milli-Mənəvi Də-yərlərin Qorunması İctimai Birliyinin sədri Solmaz Əmirli çıxışında Hacı Zeynalabdin şəxsiyyətinin gənclərə tanıdılması məqsə­dilə 8 ali məktəbdə tədbirlərin təşkil edildi­yini diqqətə çatdırıb. Buzovna Cümə məs­cidinin axundu Hacı Soltan Əlizadə qeyd edib ki, 1993-cü ildə Kərbəlada olarkən ona oradakı böyük çilçırağın neft milyon­çusu H.Z.Tağıyev tərəfindən hədiyyə olun­duğunu söyləyiblər. Çox illər keçsə belə, Hacının bu hədiyyəsi unudulmayıb. Qəsə­bə ağsaqqalı Altay Mansurov, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov bö­yük messenatın xatirəsinə bəslənən böyük ehtiramı təqdir ediblər. AYB-nin üzvü, şair Mahcamal Babayeva isə ona həsr etdiyi şe­iri söyləyib. 

Tədbirin sonunda H.Z.Tağıyevin nəti­cəsi Nazim Abdullayev ailəsi adından bü­tün iştirakçılara təşəkkür edib. 

Təranə CƏBİYEVA



Mədəniyyət