TÜRKPA: Azərbaycanda parlament seçkiləri beynəlxalq standartlara uyğun olaraq azad və demokratik şəkildə baş tutub
Bakı, Şamaxı və Qobustandakı seçki məntəqələrində səsvermə prosesini müşahidə etdik. Məntəqələrdə seçicilərin səsverməsi üçün lazımi şərait yaradılmışdı.
TÜRKPA müşahidə missiyasının rəhbəri Ahmet Zenbilçi növbədənkənar parlament seçkilərinin ilkin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında belə deyib. O bildirib ki, namizədlərin təşviqat dövründə sərbəst şəkildə kampaniya həyata keçirməsinə şərait yaradılıb.
“Növbədənkənar parlament seçkiləri ilk dəfə olaraq ölkənin bütün suveren ərazilərində keçirilib. Müşahidə apardığımız məntəqələrdə fiziki məhdudiyyətli şəxslər üçün pandusların və gözdən əlillər üçün trafaretlərin hazırlanmasını müsbət qiymətləndiririk. Seçkilər beynəlxalq standartlara uyğun olaraq azad və demokratik şəkildə baş tutub”, – deyə Ahmet Zenbilçi qeyd edib.
Pakistan Senatının üzvü: Seçki məntəqələrində insanlar çox rahat şəkildə səs verə bilirdilər
Bu fikri sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında Pakistan Senatının üzvü Afnan Ullah Khan səsləndirib.
Azərbaycan Milli Məclisinin dəvəti ilə seçkiləri müşahidə etmək üçün Bakıya gəldiklərini deyən Afnan Ullah Khan bildirib: “Nümayəndə heyətimiz yeddi nəfərdən ibarətdir. Biz üç seçki məntəqəsində müşahidə apardıq. Prosesi sonadək təhlil etdik. İnsanların sərbəst səs verdiyinin şahidi olduq. Hesab edirik ki, seçki yaxşı təşkil olunub”.
Demokratiyanın hər bir ölkənin inkişafı üçün vacib proses olduğunu söyləyən Pakistan Senatının üzvü Azərbaycana uğurlar arzulayıb. “Ümid edirik ki, Azərbaycan və Pakistan əməkdaşlığı davamlı olacaq”, – deyə o, əlavə edib.
Jakop Eyeru: Azərbaycanda şəffaflıq, legitimlik meyarlarına cavab verən azad və ədalətli seçkilər baş tutub
“Altı qrupdan ibarət nümayəndə heyətimiz Bakıda yerləşən müvafiq məntəqələrdə keçirilmiş seçki prosesində müşahidəçi qismində iştirak edib. Keçirilən müşahidə ölkə qanunvericiliyinə, habelə seçkilərin təşkili və keçirilməsinə dair beynəlxalq standartlara əsaslanan qanunlara və qabaqcıl təcrübəyə uyğun olaraq aparılıb”.
Bunu Qoşulmama Hərəkatı Gənclər təşkilatının müşahidə missiyasının üzvü Jakop Eyeru növbədənkənar parlament seçkilərinin ilkin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, nümayəndə heyətinin üzvləri 7, 15, 16, 17 saylı seçki dairələrinin bir sıra seçki məntəqələrində səsverməni sona qədər izləmiş, ümumilikdə isə 54 seçki məntəqəsində baş tutmuş seçki prosesinin hər bir mərhələsinin monitorinqində yaxından iştirak edib.
“Müşahidəçilər təsdiqləyiblər ki, bütün təyin edilmiş seçki məntəqələrində səsvermə zamanı şəffaflıq və legitimlik meyarlarına cavab verən azad və ədalətli seçkilər baş tutub. Müşahidəçilər həm yerli, həm də beynəlxalq nümayəndə heyətinə obyektiv müşahidələrin aparılması üçün lazımı inzibati dəstəyin göstərildiyini qeyd ediblər”, – deyə müşahidə missiyasının üzvü vurğulayıb.
ASEAN PA-nın üzvü: Seçki prosesində hər hansı siyasi diskriminasiyaya yol verilməyib
“Nümayəndə heyəti olaraq bütün səsvermə prosesini ilk gündən başlayaraq, müşahidə imkanı əldə etmişik. Səsvermə məntəqələrinin açılışından etibarən seçicilərin səsverməyə gəlməsi, ilkin nəticələrin Mərkəzi Seçki Komissiyası tərəfindən elan edilməsinədək hər bir prosesi müşahidə etdik. Səsvermə məntəqələrində MSK-nın səriştəli nümayəndələri səs vermək üçün gələn insanlara öz dəstəklərini göstərirdilər, suallarını cavablandırırdılar”.
Bu fikirləri Cənub–Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlament Assambleyasının üzvü, Kamboca Milli Assambleyasının üzvü Sos Mauzin növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, seçki məntəqələri açılan andan səslər sayılana qədər bütün imkanlardan istifadə edilərək səsvermə prosesi tam azad, ədalətli və şəffaf bir tərzdə həyata keçirilib.
“Nümayəndə heyəti hər hansı bir qayda pozuntusu, zorakılıq və digər bu kimi halların şahidi olmayıb. Səsvermə sahələrində və seçki prosesində hər hansı bir siyasi diskriminasiyaya yol verilməyib. Bundan başqa, biz Azərbaycan hökumətinin təhlükəsizliyin və ictimai asayişin qorunması sahəsində səylərini yüksək qiymətləndiririk”, – deyə Sos Mauzin diqqətə çatdırıb.
Gürcüstanlı müşahidəçi: Parlamentin yeni tərkibi formalaşdırıldıqdan sonra ölkələr arasındakı əlaqələr daha da güclənəcək
Biz bir neçə seçki məntəqəsində müşahidə apardıq. Seçki prosesinin yüksək səviyyədə keçirildiyini gördük.
Bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Albaniyadan olan üzvü Petro Koçi mətbuat konfransında bildirib. O qeyd edib ki, onlar MSK sədri ilə görüşüblər və parlament seçkilərinin heç bir qanun pozuntusu olmadan keçirildiyini bildiriblər.
Serbiya Parlamentinin üzvü İqor Beçiç isə vurğulayıb ki, onlar hər hansı qanun pozuntusu qeydə almayıblar: “Mən Yeni Azərbaycan Partiyasını seçkilərdə qazandığı inamlı qələbə münasibətilə təbrik edirəm. Bu, ölkə vətəndaşlarının Prezident İlham Əliyevə olan etimadının göstəricisidir. Azərbaycanla Serbiya arasındakı strateji əməkdaşlıq yüksək səviyyədədir. Bu da qarşılıqlı etimadın göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç arasındakı münasibətlər ikitərəfli əlaqələrin inkişafı üçün mühüm önəm daşıyır”.
Gürcüstan Parlamentinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının vitse-prezidenti Ramaz Nikolaeşvili qeyd edib ki, hər bir azərbaycanlı seçkidə yalnız öz istədiyi namizədə səs verirdi. “Bunu bizim əldə etdiyimiz nəticələr də sübut edir. Ümumiyyətlə, Azərbaycan xalqı öz qələbəsi ilə qürur duymalıdır. Prezident İlham Əliyevin güclü siyasəti xalqa bütöv bir Azərbaycan qazandırdı. Biz öz tərəfimizdən hesab edirik ki, Azərbaycanda bu cür seçkilərin keçirilməsi çox əlamətdar bir haldır. Azərbaycan işğaldan azad edilmiş torpaqlarda həm prezident, həm də parlament seçkilərini keçirməyə müvəffəq oldu”, – deyə Ramaz Nikolaeşvili vurğulayıb.
Sergey Xomenko: Seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı qayda pozuntusu müəyyən etmədik
Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə biz Füzuli, Şuşa və Xankəndidə olduq, oradakı bütün seçki məntəqələrində müşahidə apardıq. Deməliyəm ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin hər hansı müddəasının pozulmasını görmədik. Bundan başqa, MSK hazırlıq işlərini yüksək səviyyədə təşkil edərək bütün qaydalara əməl olunmasını təmin edib.
Bu sözləri Belarus Respublikası Milli Məclisi Respublika Şurası sədrinin müavini Sergey Xomenko növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında söyləyib.
“Biz bir neçə amilə diqqət yetirdik, Azərbaycan xalqının seçkilərdə öz iradəsini nümayiş etdirməsini, ictimai asayişin qorunmasının təşkilini, ümumilikdə, xalqın bu seçkilərdə iştirak əzmini müşahidə etdik. MDB-nin bu missiyasının bəyanatında qeyd edildiyi kimi, seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı qayda pozuntusu müəyyən edilməyib. Bu da seçkilərin yüksək səviyyədə keçirilməsinə dəlalət verir”, – deyə o, diqqətə çatdırıb.
Mohamed Sabbari: Parlament seçkilərində müşahidəçi kimi iştirak etmək bizim üçün şərəf idi
Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində müşahidəçi kimi iştirak etmək bizim üçün şərəf idi.
Bunu növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında Mərakeş parlamentinin Nümayəndələr Palatası sədrinin birinci müavini Mohamed Sabbari səsləndirib.
O, eyni zamanda bildirib: “Biz Mərakeş nümayəndələri olaraq dünən səhər saatlarından seçki məntəqələrində olduq. Bütün mərkəzlərdə çox gözəl tərtibatlı seçki məntəqələri qurulmuşdu. Seçkilərin uğurlu olması üçün bütün qaydalara əməl edilmişdi. Orada, həmçinin namizədlərin nümayəndələri seçkini izləyirdilər. Məntəqələrdə hər hansı pozuntu olduğunu müşahidə etmədik. Bu demokratik bayram münasibətilə Azərbaycan Prezidentini, hökumətini, xalqını təbrik edirəm”.
O, həmçinin növbədənkənar parlament seçkilərinin Azərbaycanın bütün suveren ərazilərində, xüsusilə, Qarabağda keçirilməsi münasibətilə təbriklərini çatdırıb.