İqor Korotçenko: Azərbaycan siyasi sisteminin mükəmməlliyini və sabitliyini bir daha nümayiş etdirdi
“Sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ölkənin siyasi sisteminin sabitliyini bir daha nümayiş etdirdi…” “Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu dünən keçirilən mətbuat konfransında rusiyalı müşahidəçi, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko dedi. O bildirdi ki, Bakı və onun ətraf rayonlarında 15-ə yaxın seçki məntəqəsində olublar. Rusiyalı müşahidəçilər qrupu seçki prosesinin dəqiq təşkilinin, seçki komissiyası üzvlərinin yüksək hazırlıq səviyyəsinin, dürüst, ədalətli, legitim və dünyada mövcud seçki texnologiyaları normalarının bütün meyarlarına cavab verən səsvermə prosesinin qüsursuz təşkilinin şahidi olub. Bu baxımdan Azərbaycan öz siyasi sisteminin mükəmməlliyini və sabitliyini bir daha nümayiş etdirdi.
İ.Korotçenko dedi: “Bir çox dövlətlərin sarsıldığı indiki təlatümlü dünyada Azərbaycan sabitlik və firavanlıq adasıdır. Bunu bir daha təkrar edirəm, mövcud çağırışlara cavab baxımından və Prezidentin rəhbərliyi altında xalqın irəliyə doğru addımlamasının əsasını Azərbaycanın siyasi sistemi təşkil edir”.
Malayziya Parlamenti Senatı Sədrinin müavini: Azərbaycanda demokratik seçkilərin necə keçirildiyinin şahidi olduq
Məntəqələrdə vətəndaşların seçiminə hər hansı müdaxilə aşkarlanmadı, hər şey demokratik şəraitdə keçdi…
“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu Malayziya Parlamenti Senatı Sədrinin müavini Nur Jazlan bin Mohamed növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında dedi.
O bildirdi ki, bu, mənim Azərbaycanda beynəlxalq müşahidəçi kimi iştirak etdiyim ikinci seçkidir. Bundan öncə fevral ayında Azərbaycanda keçirilən prezident seçkilərində də iştirak etmişdim. Ötən dəfəki kimi, bu dəfə də seçkilərin yüksək səviyyədə keçirildiyini şahidi olduq. Biz Azərbaycanda demokratik seçkilərin necə keçirildiyini gördük.
Malayziyalı müşahidəçi əlavə etdi ki, Səbail, Nəsimi və Suraxanıda yerləşən seçki məntəqələrində müşahidə aparıblar.
İƏT PA nümayəndəsi: Seçki prosesi şəffaf və açıq keçib
Azərbaycanda seçki prosesi olduqca şəffaf və açıq keçib… Bu barədə “Seçki 2024” Müstəqil Media Mərkəzində dünən keçirilən mətbuat konfransında İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (İƏT PA) nümayəndəsi, Pakistan Milli Assambleyasının üzvü Malik Saif ul-Maluk Xoxar məlumat verdi.
Onun sözlərinə görə, son seçkilər demokratik dəyərlərə sadiqlik nümayiş etdirilib: "Vətəndaşlar kifayət qədər fəal şəkildə səsvermədə iştirak etdi. Biz bunu müsbət addım kimi qiymətləndiririk. Azərbaycan xalqını seçkilərin uğurla baş tutması münasibətilə təbrik edirəm. Əminik ki, bu seçkilər ölkədəki inkişafa öz töhfəsini verəcək".
GUAM PA-nın Baş katibi: Parlament seçkilərində nəzərəçarpan nöqsanlar aşkar edilmədi
“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) Parlament Assambleyasının Baş katibi Altay Əfəndiyev növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında bildirdi.
Onun sözlərinə görə, GUAM müşahidəçiləri Bakı şəhərinin Yasamal, Səbail və Nərimanov rayonlarında müxtəlif məntəqələrdə olublar: "Müşahidələrimizə görə, parlament seçkiləri milli qanunvericiliyə uyğun keçirilib. Məntəqələrdə həm seçicilər, həm də komissiya üzvləri üçün lazımi şərait yaradılmışdı. Müşahidələrimiz göstərir ki, hansısa əhəmiyyətli dərəcədə nəzərəçarpan uyğunsuzluq aşkar edilməyib. Çox kiçik şərhlər barədə komissiya üzvlərinə qeydlər verilib, amma bunun seçki prosesinə heç bir təsiri yoxdur".
A.Əfəndiyev bildirib ki, seçicilər yetərincə məlumatlandırılıb: “Səsvermədə iştirak kifayət qədər normal, bəzi məntəqələrdə yüksək idi”.
GUAM rəsmisi vurğulayıb ki, Azərbaycanın illər sonra bütün ərazisində keçirdiyi parlament seçkiləri azad və ədalətli adlandırıla bilər.
TDT baş katibinin müavini: Missiya öz fəaliyyətini beynəlxalq standartlara uyğun aparıb
TDT missiyası Bakı şəhərində, o cümlədən Abşeron və Xızı rayonlarında müşahidələr apardı. Missiya öz fəaliyyətini beynəlxalq standartlara uyğun aparıb.
Bunu Azərbaycanda növbədənkənar parlament seçkilərini izləyən Türk Dövlətləri Təşkilatı (TDT) baş katibinin müavini Ömer Kocaman “Seçki 2024” Müstəqil Media Mərkəzində keçirilən mətbuat konfransında səsləndirdi.
Qeyd etdi ki, missiya Yeni Azərbaycan Partiyası və Demokratik İslahatlar Partiyasının nümayəndələri ilə görüşüb, onların seçki prosesinə hazırlığı ilə tanış olub: "Həmçinin, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla da görüşmüş, ətraflı məlumat almışdıq. Missiya Xarici İşlər Nazirliyində də olub, seçki prosesini müzakirə edib".
Ö.Kocaman əlavə etdi ki, müşahidə aparılan məntəqələr standartlara uyğun olaraq vaxtında açılıb: "Ümumilikdə, 36 məntəqədə olduq. İnsanların azad iradələrini ortaya qoymaları üçün bütün şərait yaradılmışdı. Hansısa neqativ hal qeydə alınmadı".
Rusiya Dövlət Dumasının deputatı: Azərbaycanda güclü seçki kampaniyası aparılıb
Bu seçkilər Azərbaycanda baş verən ən mühüm siyasi hadisələrdən biri idi. Bu hadisə bizə Azərbaycanın gələcəkdə hansı inkişaf vektorunu seçəcəyini göstərəcək…
Rusiya Dövlət Dumasının deputatı Aleksandr Terentyev Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini şərh edərkən bunları dedi.
O, açıqlamasında Rusiya Azərbaycanın müstəqil siyasət yürütməsindən məmnunluğunu ifadə etdi: “Azərbaycanın öz xalqının mənafeyi naminə suveren və müstəqil siyasət aparması bizi valeh edir. Bir çox ölkələr seçkilərdə kənar təsirlərlə üzləşirlər. Şadıq ki, Azərbaycanda güclü seçki kampaniyası aparılıb, bu, Azərbaycan xalqının ölkə hakimiyyətinin seçdiyi siyasi kursdan razı qaldığını göstərir… Seçki məntəqələrində biz çox demokratik ab-havanın şahidi olduq”.
Deputat, həmçinin əlavə etdi ki, Azərbaycanla onun təmsil olunduğu Tatarıstan Respublikasını möhkəm bağlar bağlayır.
ŞƏT nümayəndə heyətinin rəhbəri: Beynəlxalq müşahidəçilərin
dəvət olunması seçkilərin açıq və şəffaf keçirildiyinin göstəricisidir
Növdəbənkənar parlament seçkilərini müşahidə etdik. Beynəlxalq müşahidəçilərin dəvət olunmasının özü seçkilərin açıq və şəffaf şəkildə keçirildiyinin göstəricisidir…
Bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndə heyətinin rəhbəri, ŞƏT baş katibin müavini Nuran Niyazəliyev mətbuat konfransında bildirdi.
“Bizim missiya 16 nəfərdən ibarət idi. Missiyamızın 20 ildən çoxdur ki, seçkiləri müşahidə etmək təcrübəsi var. Azərbaycan tərəfindən dəvət gələn kimi üzv dövlətlər tərəfindən müşahidə missiyası təsdiqləndi. Missiyamız seçki prosesində bir çox görüşlər keçirib.
Məntəqələrə baş çəkdiyimiz zaman bütün lazımi sənədlər təqdim olundu, bizim fəaliyyətimiz üçün hər cür şərait yaradıldı. Azərbaycan bizim monitorinq missiyamız üçün bütün lazımi şəraiti yaratdı. Bu da seçkilərin açıq, şəffaf, demokratik şəkildə keçirildiyini göstərir”.
Şamil Ayrım: Azərbaycanda keçirilən parlament seçkiləri xalqın iradəsini göstərdi
Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı keçirilən konfransda danışan Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım bunları dedi.
Rəhbərlik etdiyim müşahidə missiyası Bakı ilə yanaşı, Sumqayıtdakı seçki məntəqələrində də oldu. Məntəqələr beynəlxalq standartlara uyğun yaradılmışdı. İnsanlar rahat şəkildə gəlib səs verirdilər. Bu, bizi sevindirdi.
Ümid edirik ki, yeni parlament regiona sülhün gəlməsinə kömək edəcək və yaxın zamanda Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq. Yeni seçilmiş deputatlar, şübhəsiz ki, Azərbaycanın xarici siyasətinə töhfə verəcəklər.
Ş.Ayrım sonda bildirdi ki, İnşallah, növbəti seçkilərə qədər Qarabağda vəziyyət daha yaxşı olacaq. Daha çox insan öz tarixi torpaqlarında səs verəcəkdir.
AIPA üzvü: Səslərin sayılması beynəlxalq standartlara uyğun aparılıb
Parlament seçkilərində səslərin sayılması beynəlxalq standartlara uyğun aparılıb…
Mətbuat konfransında bu barədə ASEAN Parlament Assambleyasının (AIPA) üzvü Mousine Sos məlumat verdi.
Onun sözlərinə görə, qurumun müşahidəçiləri bütün səsvermə məntəqələrində kifayət qədər avadanlıq və material, o cümlədən, seçici siyahıları, bülletenlər, mürəkkəblər olduğunu və qutuların ilk səsverməyə gələn insanların iştirakı ilə açıldığını və təsdiqləndiyini müşayiət ediblər.
M.Sos Azərbaycan hökumətinin təhlükəsizlik, ümumiyyətlə, ictimai asayişin qorunması sahəsində gördüyü işləri yüksək qiymətləndirdiyini bildirdi: "Azərbaycanın seçki sistemi şəffafdır, müşahidəçilərə səsvermə prosesini izləməyə imkan verilir və bütün müvafiq məlumatların əlçatanlığı təmin edilir. Səslərin sayılması beynəlxalq standartlara uyğun aparılıb".
İtaliyalı deputat: Parlament seçkilərini şəffaf və demokratik adlandırmaq olar
İtaliya Deputatlar Palatasının üzvü Naike Gruppioni növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında dedi: “Azərbaycan növbədənkənar parlament seçkilərinə ciddi hazırlaşıb. Seçkilərdə gənclərin və qadınların fəal iştirakı da diqqətimizi cəlb etdi.
Bundan əlavə, insanlarda gələcəyi əl-ələ verərək qurmaq inamı məni çox sevindirdi. Bu, hökumətin vətəndaşlar üçün yaratdığı siyasi sferanın əlçatanlığıdır. Seçki prosesinin yüksək səviyyədə təşkili, şəffaflığından məmnun qaldım. Xüsusilə də seçki məntəqələrində qadınların olması faktı məni sevindirdi. Məntəqələrdə “exit-poll”ların təşkili göstərir ki, seçkini keçirən qurumlar prosesin şəffaf keçirilməsinə çalışıblar.
Düşünürəm ki, seçicilərə yaradılan imkanlar müsbət dəyərləndirilməlidir. Seçki məntəqələrində heyətlərin tam təşkili prosesin sırf sistemli şəkildə həyata keçirilməsindən xəbər verir. Buna görə də bu seçkiləri şəffaf və demokratik adlandırmaq olar".
APA-nın baş katibi: Bu seçkilər Azərbaycanda seçki prosesində çox böyük irəliləyiş olduğunu nümayiş etdirdi
Asiya Parlament Assambleyasının (APA) baş katibi Məhəmməd Rza Məcidi sentyabrın 2-də növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında dedi:
– Beynəlxalq müşahidəçilər üçün lazımi şərait yaradılmışdı. Biz çox məmnunuq ki, APA nümayəndələri olaraq seçkilərdə iştirak etdik. Eyni zamanda, Mərkəzi Seçki Komissiyasına (MSK) təşəkkür edirəm ki, beynəlxalq müşahidəçi kimi bizə lazımi şərait yaradılmışdı. Məqsədimiz seçkilərin qərəzsiz, demokratik keçirilməsini göstərmək idi. Seçki məntəqələrində seçici fəallığı var idi. MSK şəffaflığı təmin etmək üçün hər cür şərait yaratmışdı. Azərbaycanda keçirilən bu parlament seçkiləri seçki prosesində çox böyük irəliləyiş olduğunu nümayiş etdirdi.
Anar ƏLİ
XQ