BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində 60 sənədin qəbul olunması nəzərdə tutulur.
Bu barədə COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “29 İqlim Söhbəti: COP29-a gedən yol”: “COP29 üçün effektiv kommunikasiya strategiyaları” media seminarında jurnalistlərə açıqlamasında deyib.
COP29-un böyükmiqyaslı qlobal proses olduğunu diqqətə çatdıran Yalçın Rəfiyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının proqramını açıqlayıb:
“Noyabrın 11-də Bakıda COP29-un açılış mərasimi baş tutacaq. Noyabrın 12-13-də hökumət rəsmilərinin sammiti keçiriləcək. Noyabrın 14-dən 22-dək artıq tematik günlər olacaq. Bu günlərdə mövzular kənd təsərrüfatı, ərzaq və digər sahələrlə bağlı olacaq. Bununla yanaşı, rəsmi və qeyri-rəsmi platformalar yaradılacaq. Dövlətlərin bu məsələdə konstruktiv yanaşması bizi sevindirir. Bu yaxınlarda COP29-un gündəliyində dayanan əsas məsələlərin müzakirəsi məqsədilə Şamaxıda nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində qeyri-formal məsləhətləşmələr keçirildi. Belə tədbirlər COP29-dək davamlı olaraq təşkil olunacaq. Ümumiyyətlə, noyabrın 11-dən 22-dək keçiriləcək COP29 çərçivəsində 20-dən çox rəsmi nümayəndə ilə enerji məsələləri, kənd təsərrüfatı, texnologiya və digər mövzularda 60-dan çox sənədin qəbul olunması gözlənilir. Bu, baş tutmuş son 5 Tərəflər Konfransı arasında ən çox sənədin qəbul olunacağı COP olacaq”, - deyə Y.Rəfiyev vurğulayıb.
COP29 çərçivəsində maliyyələşmə mövzusunda bir sənədin (Yeni Kollektiv Kəmiyyət Hədəfi) qəbul olunacağını qeyd edən Yalçın Rəfiyev bildirib ki, bu sənəd əksər dövlətlər üçün bir növ Paris Sazişinin əhəmiyyətinin qalıb-qalmaması üçün bir sınaqdır: “Əgər bu sənəd qəbul olunsa, bütün inkişaf etməkdə olan ölkələr zəruri maliyyə ilə təmin olunacaqlar ki, öz iqlim fəaliyyətlərini maliyyələşdirsinlər. Hazırda ambisiyalar böyükdür. Bütün dövlətlər hesab edir ki, 1,5°C hədəfinə nail olmaq üçün ambisiyalı hədəflər seçmək lazımdır, misal üçün emissiyaları azaltmaq və s. Lakin bütün bu ambisiyalı fəaliyyəti reallaşdırmaq üçün maliyyə lazımdır. Buna görə də üç icra forması mövcuddur - maliyyə, texnologiyalar, qabiliyyət quruculuğu”.