ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri ilə görüş

post-img

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyulun 31-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qarşıdan gələn Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşati ilə görüşüb.

Sədr M.Pənahov missiyanın rəhbəri və üzvlərini salamlayaraq MSK-da keçirilən görüşdən məmnunluğunu ifadə edib. Seç­kilərin geniş aşkarlıq və şəffaflıq mühitində hazırlanıb keçirilməsində müşahidəçilik institutunun mühüm rol oynadığını vur­ğulayan M.Pənahov beynəlxalq müşahi­dəçilərin Azərbaycanda keçirilən seçkilərə böyük maraq göstərməsini yüksək qiymət­ləndirib. O, həmçinin rəhbərlik etdiyi ali seçki qurumunun beynəlxalq təşkilatlarla əməkdaşlığa açıq olduğunu, istər MSK, istərsə də aşağı seçki komissiyalarında proseslərin müşahidəçilər və bütün maraq­lı subyektlər üçün şəffaf reallaşdırıldığını diqqətə çatdırıb.

Səmimi qəbul və görüş üçün təşək­kürünü bildirən D.Buşati Azərbaycanda olduqları müddətdə MSK ilə yaxından əməkdaşlıq ediləcəyini deyib. Müşahidə missiyasının rəhbəri, eyni zamanda, MSK sədrindən Milli Məclisə seçkilərə hazır­lıqların gedişi barədə məlumat verilməsini xahiş edib.

M.Pənahov komissiyanın maarifləndir­mə proqramı çərçivəsində seçicilər və aşa­ğı seçki komissiyalarının üzvləri də daxil olmaqla, fərqli statuslu seçki iştirakçıları üçün reallaşdırılan və nəzərdə tutulan ge­nişmiqyaslı layihələr, seçici siyahılarının davam etməkdə olan dəqiqləşdirilmə pro­sesi, namizədlərin irəli sürülməsi və qey­də alınması, seçkiqabağı təşviqatla bağlı yaradılan imkanlar barədə ətraflı məlumat verib. Sədr bildirib ki, 2024-cü il Azərbay­can Respublikası Prezidenti seçkilərindən sonra Milli Məclisə seçkilər də ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcək. Otuz illik işğaldan sonra azad olunmuş regionlardakı səsvermə hüququ­na malik vətəndaşlarımızın konstitusion hüquqlarının təmin edilməsi üçün həmin ərazilərdəki daimi seçki məntəqələrinin sayı daha da artırılaraq 34-ə çatdırılıb. 

Qonaqların suallarını cavablandıran MSK sədri həmişə olduğu kimi, yenə də seçki müşahidə missiyasının üzvlərini istədikləri vaxt komissiyanın fəaliyyətini və həyata keçirilən prosesləri birbaşa iz­ləməyə dəvət edib, bunun üçün hər cür im­kan yaradıldığını diqqətə çatdırıb. 

Görüş zamanı, həmçinin Milli Məclisə seçkilərlə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir müba­diləsi aparılıb.

Son xəbərlər