“Otuz ildən sonra ilk dəfə olaraq ərazi bütövlüyümüz tam təmin edilmiş şəkildə parlament seçkiləri keçiririk. Bu, bütün ölkə ərazisini əhatə edəcək və “Qarabağ Azərbaycandır!” reallığının bir daha dünyaya nümayişi olacaq. Hər birimiz üçün qürurverici haldır ki, keçmiş məcburi köçkün olaraq doğma ata-baba yurdumuzda seçici kimi ikinci dəfə səsverməyə qatılırıq. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin növbəti təsdiqidir”.
Bu fikirləri işğaldan azad edilmiş Laçın rayonu ərazisində ilk dəfə keçirilən növbədənkənar parlament seçkiləri barədə fikirlərini “Xalq qəzeti”nə bildirən 121 saylı Laçın dairə seçki komissiyasının sədri Hüseyn Səfərov bildirdi.
Seçki dairəsinin sədri qeyd etdi ki, parlament seçkilərinin ölkəmizin bütün ərazisində keçirilməsi olduqca qürurverici və əlamətdar hadisədir: “Əlbəttə, xalqımızın yaşadığı bu qürurun memarı möhtərəm Prezidentimiz İlham Əliyevdir. O, uzaqgörən, müdrik siyasəti ilə Azərbaycan xalqına verdiyi bütün vədləri yerinə yetirib. Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarixi torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olundu. Bu gün Azərbaycan bayrağı Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Kəlbəcərdə, Füzulidə, Zəngilanda, Cəbrayılda, eləcə də ölkəmizin işğaldan azad olunmuş digər şəhər və kəndlərində qürurla dalğalanır. Növbədənkənar parlament seçkilərinə də qalib, müzəffər xalq olaraq alnıaçıq, üzüağ gedirik. Parlament seçkiləri də Zəfər seçkisi olaraq müstəqillik tariximizdə əbədi qalacaq. Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımızın otuz ildən sonra doğma ata-baba yurdlarına qayıdırlar. Onların doğma yurd-yuvalarına qayıtdıqları ünvanların sayı getdikcə artır.
“Artıq böyük həvəs və ruh yüksəkliyi ilə parlament seçkilərinə hazırlaşırıq”– deyən seçki dairəsinin sədri seçki kampaniyası başlanandan indiyədək bütün işlərin qanun çərçivəsində, demokratik prinsiplər üzərində qurulduğunu qeyd etdi. Namizədliyini irəli sürənlərin hər birinə bərabər imkanlar yaradılıb. Kimin xalq arasında nüfuzu, hörməti varsa, deputat mandatını da o qazanacaq. Seçkilərin obyektiv, demokratik, şəffaf keçirilməsinin bir səbəbi də Azərbaycanda dərin köklərə malik demokratiyanın təzahürüdür.
H.Səfərov onu da bildirdi ki, Laçın rayonunun mərkəzində 2, Zabux, Sus, Zerti və Qorçu kəndlərin hər birində seçki məntəqələri yaradılıb. Parlament seçkilərində həmin kəndlərin sakinləri dədə-baba yurdlarında səs verəcəklər: “Vaxtilə haqqı tapdanan, səsi eşidilməyən, hərbi təcavüzə məruz qalan, torpaqları işğal edilən Azərbaycan bu gün regionun lideri, dünyanın strateji əhəmiyyətli ölkəsidir. Otuz il yurd həsrəti ilə yaşayan laçınlılar rayon mərkəzində və kəndlərində parlament seçkisinə hazırlaşırlar”.
DSK sədri bildirdi ki, ümumilikdə, dairə 110 seçki məntəqəsini əhatə edir. Həmin məntəqələr laçınlıların məskunlaşdıqları respublikanın təxminən 48 rayonunda yerləşir. Seçki prosesi zamanı tələb olunan ləvazimat vaxtında çatdırılıb. İnanırıq ki, bu seçkiləri də mütəşəkkil şəraitdə keçirəcəyik. Laçınlılar növbəti seçkilərdə hamılıqla doğma dədə-baba yurdlarında səs verəcəklərinə əmindirlər.