İyulun 25-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ilə görüşüb.
Tərəflər ölkələrimiz arasında mövcud əməkdaşlıq münasibətlərindən danışaraq bu xüsusda ali səviyyədə həyata keçirilən təmasların və görüşlərin dostluq, hörmət və strateji tərəfdaşlığa əsaslanan əməkdaşlığın inkişafına təkan verdiyini qeyd ediblər.
Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, energetika, alternativ enerji, humanitar, təhsil və digər sahələr üzrə ikitərəfli münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında siyasi məsləhətləşmələr mexanizminin, habelə parlament diplomatiyasının əhəmiyyəti qeyd edilib.
Nazir Polşa səfirinin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.
***
Həmin gün xarici işlər naziri Ceyhun Bayramov diplomatik xidmətə qəbul ilə bağlı keçirilmiş sayca ikinci müsabiqə prosesi nəticəsində Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlamış gənc diplomatlarla görüşüb.
Nazir Ceyhun Bayramov çoxmərhələli müsabiqə prosesini uğurla tamamlayaraq diplomatik xidmət orqanlarında işə başlayan gənc diplomatları ürəkdən təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Diplomatik fəaliyyətlərinə dövlətimizin başçısı tərəfindən müəyyən olunan xarici siyasətin icrasına məsul olan Xarici İşlər Nazirliyində başlayacaq gənclərə bu məsuliyyətli fəaliyyətdə malik olduqları akademik, praktiki bilik və bacarıqları tətbiq etmək istiqamətində müvafiq tövsiyələr verilib.
Ölkəmiz tərəfindən aparılan fəal xarici siyasət kursunun uğurlu icrası istiqamətində diplomatlarımızın daim öz bilik və bacarıqlarının artırılması üzərində çalışmalı olduqları bildirilib, bu istiqamətdə Xarici İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək bir sıra proqramlar vasitəsilə prosesin dəstəklənəcəyi qeyd olunub.
***
Dünən Daşkənddə Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Məsləhətləşmələr zamanı Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Özbəkistan nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Bobur Usmanov rəhbərlik ediblər.
Siyasi məsləhətləşmələr zamanı ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, mədəniyyət, humanitar və digər qarşılıqlı maraq kəsb edən sahələr üzrə məsələlər müzakirə olunub, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin ölkənin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olduğu diqqətə çatdırılıb.
Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan ilə Özbəkistan arasında müqavilə-hüquq bazası və baxılmaqda olan layihələr ətrafında fikir mübadiləsi aparılıb, eləcə də iki ölkə arasında imzalanmış sənədlərin inventarizasiyası həyata keçirilib.
XQ