QHT-lər Ermənistanın ekoloji terrorunu kəskin ittiham edib

post-img

Zəngilan rayonundakı Konqres Mərkəzində keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu dünən başa çatıb.

İctimai birliklərdən 200-dək təmsilçinin iştirak etdiyi forumun ikinci günündə “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları” və “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələr keçirilib. 

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyevin moderatorluğu ilə keçən “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”panelində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi Amin Məmmədov, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov, “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov, Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları haqqında ətraflı məlumatlar veriblər. 

Forum iştirakçılarına Ermənistan respublikasının mineral xammal resurslarının – dağ-mədən sənayesinin xəritəsi təqdim olunub. Bildirilib ki, 3 dildə hazırlanan xəritədə Ermənistandan Azərbaycana axan çayların  çirkləndirilməsi faktları öz əksini tapıb. Göstərilən faktlar ekologiya ilə yanaşı, Sədərək rayonunun ərazisində yaşayan 23 min nəfər əhali üçün də ciddi təhlükə sayılır. 

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər Allahverənovun moderatorluğu ilə keçən “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” adlı panel müzakirədə isə COP29-un Təşkilat Komitəsinin üzvü, "Smart Nation" platformasının təsisçisi Şəbnəm Məmmədova, COP29-un Təşkilat Komitəsinin üzvü, "Qadın, İnkişaf, Gələcək" İctimai Birliyinin sədri Gülşən Axundova, COP29-un Təşkilat Komitəsinin üzvü, "EkoSfera Sosial Ekoloji Mərkəzinin sədri Firuzə Sultanzadə, COP-lar üzrə ekspert İsa Əliyevin çıxışları dinlənilib. Çıxışlarda iqlim dəyişməsinə təsir edən amillərdən, ekoloji fəsadların aradan qaldırılması üçün görülən tədbirlərdən söhbət açılıb. Bildirilib ki, Azərbaycanın COP29 kimi möhtəşəm bir tədbirə ev sahibliyi etməsi təqdirəlayiq haldır. 

Panel müzakirələrdən sonra Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə ünvanlanan müraciətdə deyilir: “Sizin Yaşıl Dünya Naminə ardıcıl və məqsədyönlü fəaliyyətinizi yüksək qiymətləndirir və təqdir edirik. Beynəlxalq ictimaiyyətin yekdilliklə COP29-a ev sahibliyini bu dəfə məhz Azərbaycana həvalə etməsi Sizin dünyanı həmrəyliyə dəvət edən yaşıl enerji siyasətinizə olan böyük hörmət və rəğbəti aydın ifadə edir”.

Tədbirin sonunda bədii hissə təqdim olunub.

XQ

 

Son xəbərlər