Əliyalın cəngavərlərin Şuşa şücaəti

post-img

“...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar. Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”. Bu fikirlərin müəllifi ulu öndər Heydər Əliyevdir. 26 İyun Silahlı Qüvvələr Günündə dahi şəxsiyyətin Şuşa ilə bağlı düşüncələrini müasir hərb tariximizin ən şanlı səhifəsi sayılan Şuşa əməliyyatı fonunda yada salmaq isə bir ayrı qürur və fəxrdir. 

Ümummillli lider Heydər Əliyev Şuşanın Azərbaycan xalqının milli mənlik şüurundakı yeri və rolunu son dərəcə incəliklə vurğulamışdı. Bunun nəticəsi idi ki, 44 günlük Vətən müharibəsində ordumuzun başlıca hədəfi məhz Şuşa idi. Nəzərə alaq ki, şəhərin işğaldan azad olunması savaşın taleyini həll etdi, Ermənistanı diz çökdürdü. Prezident İlham Əliyevin bildirdiyi kimi, “Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq qarşımızda diz çöküb, onları diz çökdürmüşük”.

Şuşanın qurtuluşu milli ruhumuzun təntənəsi idi. Heydər Əliyev şəxsiyyətinin böyük dəyər verdiyi ruhun təntənəsi. Ona görə də Prezident İlham Əliyev noyabrın 8-də Şuşa müjdəsini verməzdən əvvəl Fəxri xiyabana yollanmış, ulu öndərin məzarını ziyarət etmişdi. Dövlətimizin başçısı xalqa müraciətində isə bu fikirləri dilə gətirmişdi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

Prezident İlham Əliyevin aşağıdakı fikirləri də 26 İyun Silahlı Qüvvələr Gününün ab-havası ilə səsləşir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”

Bəli, tam qətiyyətlə demək olar ki, Şuşanın düşməndən azad edilməsi yalnız hərb deyil, eyni zamanda, müstəsna ruh işi idi. Heydər Əliyev şəxsiyyətinin siyasi fəhmindəki Vətənin hər qarışına sahiblənməyin, güzəştə getməməyin, barışmazlığın ruhu. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşada olarkən, son dəfə 39 il bundan əvvəl Ümummilli liderin şəhərə tarixi və unudulmaz səfəri zamanı gəldiyini vurğulamış və bildirmişdi ki, qəhrəman Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyat keçirərək, cəsarət, rəşadət, qəhrəmanlıq, güc nümayiş etdirərək, Şuşanı işğalçılardan azad edib, şəhərdə Azərbaycan Bayrağını dalğalandırıb. 

Ümumən, Milli Ordumuzun Şuşa əməliyyatına dəyər verən fikirlər həddən artıq çoxdur. Özü də yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da hərb işinin biliciləri bu əməliyyatın heyrətamizliyindən ağızdolusu danışırlar. Onların səsləndirdikləri fikirlər Şuşa döyüşlərinə tarixdə əbədilik ünvanı qazandırır. Nəzərə alaq ki, şəhər təbii istehkam olduğundan, ora tanklarla, hansısa digər ağır silahlarla daxil olmaq mümkünsüzə çevrilmişdi. 

Doğrudur, Şuşa əməliyyatı reallaşdırılarkən, iki məqbul variant var idi. Bunlardan biri şəhərə hücumu hava zərbələri endirməklə, ərazini ağır artileriyadan atəşə tutmaqla gerçəkləşdirmək idi. Amma belə olduqda dağıntılar qaçılmaza çevrilər, memarlıq abidələri zərər görərdi. Buna görə də alternativ variant seçildi. Son dərəcə çətin variant. Yəni, əlbəyaxa döyüşlə şəhəri azad etmək. Nəinki Azərbaycanın, eləcə də bütün dünyanın hərb tarixinə qızıl hərflərlə yazılan da elə həmin bu variant oldu. 

Bəli, Silahlı Qüvvələr Gününü qeyd etdiyimiz bu gün tam qətiyyətlə onu da deyə bilərik ki, Şuşanın yenidən Azərbaycana çevrilməsində böyük hesabla ən böyük rolu, belə demək mümkünsə, silahsız qüvvələrimiz oynadı. O qüvvələrimiz ki, böyük missiyanı topu, tankı xəncərlərə, bıçaqlara, süngülərə dəyişərək gerçəkləşdirdilər. Qayaları, dağları, dərələri, sındırımları keçərək, düşmənlə üzbəüz döyüşdə şücaət göstərdilər. Erməni komandanlığı bunu qətiyyən gözləmir, ordumuza Qırmızı Bazar ətrafında, habelə Laçın istiqamətində müqavimət göstərməyi planlaşdırırdı. Necə deyərlər, sən saydığını say, görək, fələk nə sayır. Noyabrın 8-də Fələk bizim, yəni haqqın tərəfində idi. 8 noyabr tarixində Haqq həm də gücünü göstərirdi. Elə bir güc ki, doğma yurd həsrətinə son qoymaq arzusundan və sevdasından qidalanırdı.  

Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu barədə söz açarkən, əsgərlərimizin Şuşaya çatmaq üçün yarğanları, meşələri və qayaları keçdiklərini dəfələrlə, özü də böyük fəxrlə vurğulayıb. Ali Baş Komandan öz əsgərləri ilə nə qədər öyünsə, yenə azdır. Qeyd edək ki, onlar noyabrın 4-də strateji Şuşa-Laçın yolunun bir hissəsini nəzarətə götürmüş, noyabrın 6-da yüngül silah-sursat ilə təchiz edilmiş, hərəsi 100 nəfərdən ibarət dörd qrupla müqəddəs şəhərimizə doğru yön almışdılar. 

Ümumi sayı 400 nəfər olan Xüsusi Təyinatlı Qüvvələrimiz Şuşanın sıldırımlarına iplərlə dırmaşaraq, səhər saatlarında şəhərə dörd tərəfdən daxil olmuşdular. Yüzlərlə itki verən erməni silahlıları günortadan sonra şəhərdən tam çıxarılmışdı. Onların Şuşaya nəzarəti bərpa etmək cəhdləri boşa çıxmış, hətta noyabrın 7-də şəhərə atdıqları qadağan olunmuş İsgəndər-M ballistik raketləri də heç bir fayda verməmişdi. 

Sonda onu da bildirək ki, uzun illər Milli Ordu – Silahlı Qüvvələr Gününü indiki qədər böyük qürur və mətanətlə qeyd etməmişdik. Ancaq əsgər, gizir və zabitlərimizin qəhrəmanlığı bizə nəinki torpaq həsrətini unutdurdu, eyni zamanda, 26 iyun tarixini layiqli şəkildə yada salmaq xoşbəxtliyini verdi. Haqqında söz açdığımız Şuşa Qələbəsi bu xoşbəxtliyin böyük, nəsillərə miras qalacaq salnaməsidir. Bu salnamədə xalqımızın birliyinin, Haqq işinin, iradəsinin misilsiz təntənəsi kimi müqəddəslik var. Uca Tanrı müqəddəs bildiyimiz dəyərləri əbədi qılsın! Xalqımız, dövlətimiz və güclü Ordumuz var olsun!

Ə.CAHANGİROĞLU
XQ

 



Ordu