YAP İdarə Heyətində parlament seçkisi müzakirəsi

post-img

İyunun 20-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. 

Partiyanın mətbuat xidmətinin mediaya açıqlamasında bildirilib ki, iclasın gündəliyi barədə məlumat verən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər tarixi qələbələr əldə edildiyini, ictimai-siyasi həyatın, dövlət idarəçiliyinin bütün sahələrində çoxşaxəli və məqsədyönlü islahatların uğurla və ardıcıl şəkildə həyata keçirildiyini deyib. YAP sədrinin müavini bildirib ki, bunun nəticəsi olaraq ölkəmiz özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.. 

YAP sədrinin müavini vurğulayıb ki, ölkəmizin dünyada nüfuzunun daha da yüksəlməsinə və beynəlxalq ictimaiyyətin Azərbaycana etimadının daha da güclənməsinə növbəti dəfə 2023-cü ilin dekabrında şahidlik etdik: “Belə ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi mötəbər beynəlxalq tədbirlərin 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib”.

 Tahir Budaqov əlavə edib ki, COP29-un və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda – 2024-cü ilin noyabrında Azərbaycan Konstitusiyasının 981-ci maddəsinin II hissəsinə əsasən Milli Məclisə növbəti seçkilər keçirilməlidir. Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır. 

Sonra YAP sədrinin müavini Əli Əhmədov, YAP İdarə Heyətinin üzvləri Hikmət Məmmədov, Musa Quliyev, Elşad Mirbəşiroğlu, Kamal Cəfərov, Anar İsgəndərov, Tahir Mirkişili və Bahar Muradova parlament seçkilərinin önə çəkilməsinin məqsədəuyğunluğunu əsaslandıraraq məsələyə münasibət bildiriblər.

Sonda YAP-ı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə olunması barədə yekdil qərar qəbul edilib.

XQ

 

Son xəbərlər