Fransa hakimiyyəti Cənubi Qafqaz regionu ilə bağlı destruktiv, sabitliyi pozan siyasət yürütməkdə davam edir. Parisin bu istiqamətdə atdığı son addım Ermənistanla hərbi əlaqələri daha üstün səviyyəyə qaldırmasıdır. İyunun 17-də Hayastanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı tərəflər arasında “Caesar” (“Sezar”) özüyeriyən artilleriya qurğularının alqı-satqısına dair müqavilə imzalanıb. Bundan əlavə, səfər zamanı Ermənistanla Fransa–Almaniya müştərək silah konserni olan KNDS arasında hərbi-texniki əməkdaşlığa dair sənədə imza atılıb. “Leopard 2”, “Leclerc” tanklarının, “PzH 2000”, “Caesar” haubitsalarının, zirehli transportyorların, hava hücumundan müdafiə sistemlərinin və mühəndis texnikasının istehsalçısı olan şirkətin Ermənistanla imzaladığı müqavilənin detallarını açıqlamaması suallar doğurur.
“Beşinci Respublika”nın müdafiə naziri Sebastyan Lekornu özünün “X” hesabında bildirib ki, ölkəsi Ermənistanla müdafiə sahəsində əlaqələri gücləndirməyə davam edir. “Eurosatory” müdafiə və təhlükəsizlik sahəsi ilə bağlı beynəlxalq sərgi çərçivəsində erməni həmkarı Suren Papikyanla görüşdüyünü xatırladan fransalı nazir görüşü məhsuldar və səmərəli adlandırıb. Deyib ki, iki ölkə “Caesar”ın alqı-satqısı barədə müqavilə imzalamaqla hərbi sahədə əməkdaşlığın yeni mühüm mərhələsinə qədəm qoyub.
İyunun 18-də isə Fransanın məkrli Cənubi Qafqaz planları ilə bağlı daha bir addım atılıb. Həmin gün ölkənin yüzə yaxın tanınmış siması Fransa silahlı qüvvələrinin Ermənistana göndərilməsi xahişi ilə prezident Emmanuel Makrona müraciət edib. Müraciətdə Azərbaycan tərəfindən Ermənistana hansısa təhlükənin mövcud olduğu iddia edilərək, Makrondan “bir çox fransızı və hüquq müdafiəçisini narahat edən çox mühüm məsələyə – Ermənistanın mövcudiyyəti ilə bağlı vəziyyətə diqqət yetirmək” xahiş olunub. Məktubun əsas mahiyyətini isə Fransa hərbçilərinin “sülhməramlı kontingent” şəklində Ermənistana göndərilməsinə çağırış təşkil edib.
Qeyd edək ki, Fransa 44 günlük Vətən müharibəsindən, ələlxüsus, ötən il ordumuzun keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənistanı fəal şəkildə silahlandırır. Paris bundan öncə İrəvana 3 ədəd GM200 radar sistemi, 50 ədəd “Bastion” tipli zirehli texnika tədarük edib. Həmçinin, “Mistral” yaxınmənzilli hava hücumundan müdafiə sistemlərinin alınmasına dair müqavilə imzalanıb. İndi isə həmin siyasətin davamı kimi növbəti təxribatçı addımını atır.
Silah sövdələşməsi Azərbaycanda haqlı və ciddi narazılıq doğurub. Bu da səbəbsiz deyil. Çünki burada söhbət torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlamış ölkənin silahlandırılmasından gedir. Halbuki, Ermənistan tərksilah edilməli ölkədir. Əvəzində biz görürük ki, Hayastanda tez-tez hərbi təlimlər keçirilir, ehtiyatda olan hərbçilərin təlim toplanışları aparılır, yerli hərbi sənaye şirkətlərinə il ərzində 495 milyon dollar dəyərində silah-sursat istehsalına dair sifariş verilib. Son günlərdə Ermənistan–Azərbaycan şərti sərhədinin Naxçıvan istiqamətində atəşkəs rejiminin müntəzəm pozulması halları da bu çərçivədə diqqətdən qaçmır və bütün bunlar təhlükəli tendensiyadan xəbər verir. İndi Fransanın atdığı təxribatçı addım isə yanan ocağa benzin tökməyə bənzəyir.
Fransanın təxribatçı addımı ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilib ki, Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Parisin Cənubi Qafqazda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur. Bildirilib ki, Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamada Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə İrəvanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür. Açıqlamada Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyinin və Makron diktaturasının daşıyacağı bəyan edilib.
Xarici İşlər Nazirliyi isə Ermənistan tərəfinin bu ölkənin silahlanması səylərinə bəraət qazandırmasına dair bəyanatını qətiyyətlə rədd edib. Qeyd edilib ki, guya, sülhü dəstəkləyən və Ermənistanın məhz müdafiə qabiliyyətini artırmağa yönəlmiş bəyanatlarına zidd olaraq, hücum silahları ilə təchiz edilməsində yarışan Fransa kimi ölkələrin Hayastanın yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə xidmət etdiyi bəllidir. Bu siyasətin Ermənistanın növbəti mümkün təcavüzünə töhfə verdiyini nəzərə alaraq, nə qədər ki gec deyil, bu addımlardan geri çəkilməsi əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Fransanın Cənubi Qafqazla bağlı siyasətini səmərəli hesab etmirik, bu, zərərli siyasətdir. Onun sözlərinə görə, Fransanın Ermənistanı silahlandırması indiyə qədər əldə olunmuş nəticələrə, Qafqazda sülhə təhdiddir və regionda sülhə heç bir halda töhfə vermir. Həmçinin, münasibətlərin normallaşması prosesinə ciddi zərbədir. Eyni zamanda, Ermənistan daxilindəki revanşist qüvvələrin bir növ həvəsləndirilməsinə xidmət edəcək bir addımdır: “Ona görə də Fransanın militarizasiya siyasəti, xüsusilə də Ermənistana hücum xarakterli silahları təqdim etməsi və Ermənistan–Fransa hərbi əməkdaşlığının genişləndirilməsi ciddi narahatlıq doğuran haldır. Hesab edirik ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq daha məsuliyyətli bir siyasət həyata keçirməlidir”.
Bu arada Fransadan Ermənistana silah tədarükü ilə bağlı yeni faktlar açıqlanıb. Məlum olub ki, Ermənistan adı çəkilən ölkədən 36 ədəd “Caesar” özüyeriyən artilleriya qurğusu alıb. Fransanın məşhur “Fiqaro” qəzetinin direktor müavini, jurnalist Jan-Kristof Byuisson “X” platformasında bildirib ki, alınan silahlar qarşıdakı 15 ay ərzində çatdırmalıdır.
Göründüyü kimi, əvvəllər aldığı silahları “müdafiə xarakteri” ilə “əsaslandırmağa” çalışan Ermənistan rəhbərliyi hazırda Fransa tərəfinin təhriki ilə açıq revanşizmə sürüklənir. Ancaq görünür, rəsmi İrəvan bunun hansı öldürücü nəticələrinin olacağını dərk etmir. Bölgədə yenidən müharibə olsa, Azərbaycan Ordusu yenə öz gücünü və peşəkarlığını göstərəcək. Ermənistanı qızışdırıb ortalığa atanların isə yenə burunlarının ucu da qanamayacaq. Digər tərəfdən Ermənistan rəhbərliyi hazırda özünü səmimi şəkildə sülhə can atan tərəf kimi göstərməyə çalışır. Lakin İrəvanın bir tərəfdən Azərbaycanın sülh müqaviləsi imzalamaq üçün zəruri şərtlərini qəbul etməkdən boyun qaçırması, digər tərəfdən isə öldürücü silahların alınmasına külli miqdarda vəsait xərcləməkdə davam etməsi fonunda bu səmimiyyət ciddi şübhələr yaradır. Bütün bunlar İrəvanın iç üzünün bir daha aydın göründüyünü söyləməyə əsaslar verir.
Mövzu üzrə söhbətləşdiyimiz Azərbaycan Ordusunun sabiq korpus komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirdi ki, Fransa Ermənistanı mütəmadi şəkildə silahlandırır. Onun sözlərinə görə, hazırda Parisin İrəvana özüyeriyən artilleriya qurğuları verməsindən söhbət gedir. Bunlar nə “Bastion” zirehli texnikaları, nə “GM200” radar sistemləri, nə də “Mistral” yaxınmənzilli hava hücumundan müdafiə sistemləridir. Ermənistana 15 ay ərzində 36 ədəd özüyeriyən artilleriya topunun verilməsi diqqəti kifayət qədər özünə cəlb edən silahlandırmadır.
Hərbi ekspert bildirdi ki, “Caesar” özüyeriyən artilleriya qurğusu “Renault Sherpa 10” zirehli kabinli yük maşınının şassisinə quraşdırılmış 155 mm-lik haubitsadır. “Caesar”ın bir ədədinin qiyməti 4-6 milyon dollardır. Haubitsa 40 kilometr uzaqlıqdakı hədəfləri vura bilir. Reaktiv mərmilərlə isə hədəf vurma imkanları 55 km-dək çoxalır. Bu topların atdığı mərmilərin peykdən idarə olunaraq, dəqiqliklə vura bilmə imkanlarını da nəzərə alsaq, əlbəttə, məsələ diqqətdən kənarda qala bilməz. Azərbaycan da bununla bağlı öz xəbərdarlığını edib.
Ş.Ramaldanov qeyd etdi ki, Ermənistanın silahlandırılması məsələsində qırmızı xətt keçilməməlidir: “Əgər ölkəmiz bu prosesin bizə hansısa təhlükə yaradacağını görsə, dərhal cavab tədbirləri görməli olacaq. Düşünürəm ki, Bakıdan verilən ismarıc ciddi xəbərdarlıqdır. Çünki burada söhbət müdafiə xarakterli silahlardan getmir. 55 km uzaqlıqdakı hədəfi vuran artilleriya topları sırf hücum silahlarıdır. Onlar proseslərə müəyyən şəkildə təsir edəcək silah kimi qəbul olunmalıdır”.
Bununla belə, müsahibimiz bildirdi ki, sırf hərbi cəhətdən götürdükdə Ermənistanın silahlandırılması, əlbəttə, Azərbaycanla paritet yarada bilməz. Bu gün Ermənistanın hansısa revanşist addım atmağa və nəyəsə nail olmağa potensialı yoxdur. Sabah da olmayacaq. Ancaq bu hadisənin regionun təhlükəsizliyinə çox böyük mənfi təsiri var. Fransa Ermənistanı silahlandırmaqla burada öz məqsədini güdür. Bu məqsədlər isə Ermənistan dövlətçiliyinin itirilməsinə gətirib çıxara bilər. Ermənistanda hansı qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, onlar müstəqil siyasət yürütməyə və qərar qəbul etməyə qadir deyil. Onlar hər zaman bu və ya digər güclərin təsiri altında, hətta öz ölkələrinin ziyanına olan qərarlar qəbul edirlər. Belə olan təqdirdə Fransanın Ermənistanda öz maraqlarını təmin etmək və genişləndirmək üçün atdığı addımlar həm erməni xalqı, həm də bütövlükdə, region üçün yaxşı heç nə vəd etmir.
Sabiq korpus komandiri digər tərəfdən diqqəti Ermənistanda Rusiya hərbi bazasının mövcudluğuna yönəltdi. Fransa isə Rusiyaya dost ölkə deyil. İki ölkənin maraqlarının Ermənistanda toqquşmasının nəyə gətirib çıxaracağı və region üçün hansı təhdidlər yaradacağı hər kəsə aydın olduğu üçün bu barədə çox düşünməyə gərək yoxdur. Əlbəttə, Fransanın bizim regionumuzda atdığı addımlar həm də Rusiyanın Afrika qitəsində Parisə qarşı yürütdüyü siyasətə cavabdır. Fransa hazırda Rusiyanın maraqlarının olduğu hər yerdə, o cümlədən, Ermənistanda Moskvaya qarşı çıxmağa, əvəzində öz maraqlarını genişləndirməyə çalışır. Bu isə bütün region ölkələri üçün təhlükəlidir.
Səxavət HƏMİD
XQ