İyunun 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfəri çərçivəsində Ukrayna Bərpa Konfransında iştirak və çıxış edib.
XİN-dən XQ-yə bildirilib ki, nazir Ukrayna ətrafında vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən göstərilən humanitar yardımlar, reabilitasiya proqramları və yenidənqurma işləri barədə ətraflı məlumat verib, ölkəmizin bundan sonra da müvafiq dəstəyini əsirgəməyəcəyi vurğulayıb.
Azərbaycanın hər zaman Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıran nazir Ceyhun Bayramov ölkəmizin Ukrayna ətrafında yaranmış vəziyyətin ilk günlərindən etibarən hərbi əməliyyatların ən qısa zamanda dayandırılmasını, habelə münaqişənin beynəlxalq hüquq normalarına əsaslanan diplomatik həll yolunun tapılmasını dəstəklədiyini qeyd edib.
Azərbaycanın Ukraynada infrastrukturun bərpası istiqamətində layihələrə dəstək göstərdiyi, bu xüsusda İrpen şəhərindəki məktəb binasının yenidənqurma işlərinin artıq yekunlaşdığı diqqətə çatdırılıb.
***
Dünən Azərbaycanın xarici işlər nazir Ceyhun Bayramov Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşüb.
Nazirlər Azərbaycan–Almaniya münasibətlərinə böyük əhəmiyyət verdiklərini, əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər.
Görüşdə bu il Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində Almaniya tərəfi ilə əməkdaşlıq üçün əlavə imkanların mövcud olduğu vurğulanıb. Bu çərçivədə Petersberq Dialoqunun birgə uğurlu təşkilinin, eləcə də hazırda keçirilən Bonn Konfransının əhəmiyyəti qeyd edilib.
Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən bəhs edərək, sülh prosesi çərçivəsində mövcud problemləri və imkanları diqqətə çatdırıb.
***
Ceyhun Bayramov Berlində Bolqarıstan Respublikasının Baş naziri və xarici işlər naziri Dimitar Qlavçev ilə də görüşüb.
Tərəflər strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə əhəmiyyət verdiklərini, tərəfdaşlığın müxtəlif istiqamətlər, xüsusilə də energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, infrastruktur, innovasiyalar və qarşılıqlı investisiyalar sahələrində daha da gücləndirilməsi üçün səyləri artıracaqlarını vurğulayıblar.
Cənub Qaz Dəhlizindən Azərbaycan təbii qazının Bolqarıstan-Yunanıstan İnterkonnektoru vasitəsilə Bolqarıstana ötürülməsinin, yaşıl enerji daxil olmaqla energetika sahəsində artan əməkdaşlığın, “Həmrəylik Halqası” çərçivəsində birgə səylərin münasibətlərə əhəmiyyətli töhfə verdiyi qeyd olunub.
XQ