Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının musiqisinin bir hissəsinin və Azərbaycan musiqi irsinin digər nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi ilə bağlı birgə bəyanat yayıb.
Sənəddə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının musiqisinin bir hissəsi, guya, erməni bəstəkarı Arno Babacanyanın müəllifi olduğu “Vaqarşabat rəqsi” adı altında “Youtube” platformasında yerləşdirildiyi bildirilir və bu mənimsəmə halının haqlı olaraq Azərbaycan cəmiyyəti tərəfindən kütləvi etiraza səbəb olduğu vurğulanır. Bildirilir ki, Üzeyir bəyin “O olmasın, bu olsun” komediyasının musiqisinin və librettosunun müəllifi olması ümumqəbuledilmiş faktdır, onu sübut edən çoxsaylı mənbələr, o cümlədən dövrə aid yazılar, tamaşa afişaları, not yazıları və s. sənədlər mövcuddur. Komediyanın ilk tamaşaya qoyulduğu, yəni kütləvi ifası tarixindən bu günədək əsərin bu və ya digər hissəsi ermənilər tərəfindən mənimsənilib və ifa edilib.
Bəyanatda daha sonra qeyd edilir ki, ermənilərin Azərbaycan musiqi irsini mənimsəməsi yalnız Üzeyir Hacıbəylinin əsərləri ilə məhdudlaşmır. Ermənilər XVII–XVIII əsrlərdən başlayaraq Azərbaycan xalqının mədəni irsini, o cümlədən musiqi irsini sistemli və davamlı şəkildə mənimsəmiş və özününküləşdirmişlər.
Sənəddə erməni mənimsəmələri ilə bağlı konkret faktlar silsiləsi əksini tapıb. Bütün bunlar BMT üzvü olan Ermənistanın əqli mülkiyyət sahəsində də beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam etməsini təkzibedilməz şəkildə sübut edir.
Birgə bəyanatda Ermənistan Respublikasının müvafiq dövlət orqanlarından Üzeyir Hacıbəylinin müəllif hüquqlarının bərpa etmək, Azərbaycan mədəni irsi, xüsusilə də musiqi irsi nümunələrinin kütləvi şəkildə mənimsənilməsi hallarını təcili surətdə araşdırmaq və aradan qaldırmaq, təqsirkarları beynəlxalq hüquqa və daxili milli qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb etmək, görülmüş tədbirlər barədə ÜƏMT-yə məlumat vermək tələb edilir.
XQ