“Gənc aslanlar”ın xatirə turniri

post-img

Hər bir şəhid xalqımızın unudulmaz qəhrəmanıdır. Vətənin azadlığı uğrunda ca­nını qurban verən igid oğul və qızlarımızın yaddaşlarda əbədi həkk olunduğu­nu göstərmək, uşaqlar arasında vətənpərvəliyi təbliğ etmək, qəhrəmanlarımızı tanıtmaq məqsədilə ölkəmizdə mütəmadi olaraq, xatirə turnirləri təşkil edilir. 

Azərbaycan Əsəd Döyüş Növləri Mərkə­zinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhi­di Saleh Məcidzadənin xatirəsinə həsr edil­miş “Gənc aslanlar”ın 24-cü turniri də xüsusi önəm kəsb edən tədbirlərdəndir. 

AFC (Əsəd döyüş çempionatı) yarışına müxtəlif yaş qrupları üzrə qatılan idman­çıların hər biri mübarizliyi, döyüş ruhu ilə fərqlənmək istəyirdilər. Gənc aslanlar ara­sında 15-16 yaş kateqoriyasında mükafat qa­zananlardan biri də Məhəmməd Məmmədli olub. 

Xırdalan şəhər M.Adıgözəlov adına 4 nömrəli tam orta məktəbin şagirdi əzm­karlığı və döyüş bacarığı ilə bu turnirdə də xüsusilə seçilib. Yarışda öz çəkisində II yeri qazanan yeniyetmə idmançı qəze­timizə açıqlamasında məhz şəhidin əziz xatirəsinə həsr olunmuş turnirdə medal qazandığı üçün sevindiyini bildirdi: 

– Yarışlarda tez-tez iştirak edirik. Amma şəhid Saleh Məcidzadənin xatirəsinə həsr edilmiş “Gənc aslanlar” turnirinin bizim üçün böyük önəmi var. Saleh Məcidzadə də idmançı olub. Onun qəhrəmanlığı bizim üçün əsl örnəkdir. Biz də onun kimi güclü idman­çı, xalqımızı, dövlətimizi qoruyan qəhrəman əsgər olmaq arzusundayıq. “Gənc aslanlar”ın mükafatçıları sırasında yer aldığım üçün çox məmnunam. 

Məhəmmədin şəxsi məşqçisi peşəkar döyüşçü Turan Əhmədovdur. MMA (qarı­şıq döyüş sənəti) üzrə 2018-ci ildən məşğul olur. Peşəkar karyerası ərzində artıq 5 dö­yüşün 4-də qələbə qazanıb. Bu turnirdə iş­tirak edən 13 yetirməsindən 10-u qızıl, 3-ü gümüş medal qazanıb. Məhəmməd Məm­mədlidən söz düşəndə T.Əhmədov şagirdi­nin istedadlı döyüş ustası kimi yetişəcəyinə əmin olduğunu dedi:

– Xatirə turnirində iştirak edən yeniyet­mələrin hər biri sonacan mübarizə apardı. Onlar möhkəm iradə, yüksək dözümlülük nümayiş etdirdilər. Gələcəyimiz olan gənc nəslin fiziki cəhətdən güclü yetişməsi ilə yanaşı, Vətənə, xalqa böyük sevgi ruhunda formalaşması da bizim üçün çox önəmlidir. Məhəmməd də yaşıdları kimi xatirə turnirin­də əsl döyüşçü ruhu ilə mübarizə apardı. 

Adına xatirə turniri keçirilən şəhid Saleh Məcidzadəyə gəldikdə isə o, 1994-cü il iyu­lun 16-da Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olub. Universal idman növü üzrə qatıldığı bütün yarışların qalibləri sıra­sında yer alıb. 

2015-ci ildə həqiqi hərbi xidmətə çağırı­lıb, Qusar rayonunda kəşfiyyat bölməsində xidmət edib. 2017-ci ildən xüsusi təyinatlı qüvvələrdə gizir kimi hərbi xidmətini davam etdirib. Saleh 2016-cı il Aprel döyüşlərin­də və Tovuzda düşmən diversiya qrupunun məhv edilməsində iştirak etdiyinə görə ko­mandanlıq tərəfindən təltif edilib. 2020-ci il oktyabrın 11-də Cəbrayıl rayonunun Daş Veysəlli kəndinin düşməndən azad olunması zamanı şəhid olub. 

“Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. 

Əlbəttə, belə bir qəhrəmanın xatirə turni­rində uğur qazanmaq, elə qəhrəmanın yolunu davam etdirməkdir. Yolun uğurlu, qələbən bol olsun Məhəmməd!

L.AZAD
XQ



İdman