Fransada müttəfiqlərin Normandiya sahillərinə desant çıxarmasının 80 illiyi qeyd olunur. Rusiyanın dəvət olunmadığı tədbirdə Qərb ölkələrinin liderləri iştirak ediblər. Ənənəvi siyasi bəyanatlar səsləndirildi, ancaq ən yadda qalan bəyanatı ABŞ prezidenti Cozef Bayden verdi. Ağ evin sahibi Ukraynanın xüsusən də Moskvanı bombalamasına qarşı olduğunu bildirdi.
Çərşənbə günü səhər saatlarında Bretani əyalətinin Plümelek şəhərində bir sıra yubiley mərasimləri keçirilib. Orada 1944-cü il iyunun 5-də bu şəhərdə alman qoşunlarına birgə hücum edən və bununla da müttəfiqlərin Normandiyaya desant enişi olan “Overlord” əməliyyatını hazırlayan fransız yeraltı döyüşçülərinin və Britaniya xüsusi təyinatlılarının xatirəsini yad ediblər. Yüksək vəzifəli qonaqlar Fransaya yalnız cümə axşamı, iyunun 6-da gəlməyə başlayıblar. Anım tədbirləri digər şəhərlərdə də keçirilir. Tədbilərdə həmişə olduğu kimi, 6 iyun 1944-cü il hadisələrinin ildönümündə də siyasi bəyanatlar verilir.
Öncə Fransa prezidenti Emmanuel Makron çıxış edib. O, çıxışında Fransa istehsalı “Mirage-2000” qırıcılarının Ukraynaya təhvil veriləcəyini açıqlayıb. Makronun sözlərinə görə, Fransa bu təyyarələr üçün ukraynalı pilotların hazırlanmasını da öz üzərinə götürəcək. Təlim Fransada keçiriləcək. Bundan əlavə, Fransa prezidenti ukraynalı əsgərlərdən ibarət “Fransız briqadası” yaratmaq niyyətində olduğunu da açıqlayıb: “Fransa 4500 ukraynalı əsgərin təlim və geyimlə təmin olunmasını öz üzərinə götürəcək”. Makron, həmçinin vurğulayıb ki, Ukraynada sülh danışıqlar yolu ilə əldə edilməlidir, lakin “bu məqam hələ çatmayıb, çünki Rusiya irəliləməkdə davam edir”. Fransa prezidenti, eyni zamanda, təsdiqləyib ki, Ukrayna Fransanın raketləri ilə Rusiya ərazisindəki hərbi hədəflərə zərbələr endirə bilər, lakin “mülki əhali hədəfə alınmamalıdır”. Onun sözlərinə görə, Fransa sülh tərəfdarıdır, lakin “sülh Ukraynanın kapitulyasiyası demək deyil”.
Normandiyada ABŞ prezidenti Co Bayden də vacib siyasi bəyanatla çıxış edib. Amerikalı əsgərlərin dəfn olunduğu qəbiristanlıqda ABC televiziyasına verdiyi canlı müsahibədə o, Ukraynanın Qərbin təchiz etdiyi silahlardan istifadə etməsi ilə bağlı mövqeyini açıqlayıb: “Biz Rusiyanın 200 mil dərinliyində zərbələrə icazə vermirik və Moskvaya, Kremlə zərbə endirməyə icazə vermirik”. Müsahibə kontekstindən o qədər də aydın deyil ki, cənab Bayden təkcə Amerika istehsalı olan silahlardan, yoxsa bütün xarici silahlardan danışıb. Siyasi müşahidəçilərin fikrincə, Ağ evin sahibi çox güman ki, xarici silahlardan istifadəni nəzərdə tutub.
Məsələ burasındadır ki, NATO-nun Qərb silahları ilə Rusiya ərazisinə zərbə endirmək məsələsi ilə bağlı birmənalı mövqeyi hələlik yoxdur. Yalnız Avropa Birliyinin ümumi bəyanatı var. Mayın 28-də Brüsseldə keçirilən Aİ ölkələrinin müdafiə və xarici işlər nazirlərinin görüşündə qərara alınıb ki, bütün Rusiya ərazisində qərb silahları ilə zərbələr endirmək mümkündür, ancaq burada təchizatçı ölkələrin fərdi razılığı olmalıdır. Aİ-nin bu mövqeyi NATO-nun baş katibi Yens Stoltenberq raz salmayıb. O hesab edir ki, Rusiyaya qarşı hücumlara dövlət səviyyəsində sanksiya verilməlidir. İndi Co Bayden açıqlama verdi ki, Ukrayna ona izacə verilən məsafələrdəki mövqelərə zərbələr endirə bilər.
Bundan başqa, ABŞ prezidenti telefon danışığı zamanı Makronun təklif etdiyi Qərb təlimatçılarının Ukraynaya mümkün göndərilməsinin nəticələrindən narahatlığını bildirib. “Politico” qəzeti mənbələrə istinadən xəbər verir ki, cənab Bayden Fransa liderinin ideyasını dəstəkləməyib. Co Bayden qorxur ki, Ukraynaya hər hansı NATO hərbçisinin göndərilməsi, hətta Ukrayna ordusuna təlim keçmək belə Qərb qoşunlarının cəbhə xəttində qalması riskini daşıyır. Ağ evin sahibi hesab edir ki, bu, münaqişənin genişlənməsinə gətirib çıxara bilər. Qəzetin mənbələrinin bildirdiyinə görə, iki prezident arasında telefon danışığı heç bir qərar verilmədən başa çatıb.
NATO-nun baş katibi Yens Stoltenberq də bildirib ki, alyans Ukraynaya hərbi personal göndərməyi planlaşdırmır. İyunun 5-də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan da vurğulayıb ki, Vaşinqton Ukraynaya təlimatçılar və hərbi personal göndərmək niyyətində deyil.
Rusiya isə Qərbin Ukraynaya yaxından kömək etməsinə qarşı olduğunu bildirir. Xüsusilə də Kremli Fransa prezidenti Emmanuel Makronun Ukraynadakı müharibədə “birbaşa iştirak”la bağlı açıqlamaları qəzəbləndirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskva bu bəyanatları həddən artıq təxribatçı, qitədə gərginliyi artıran və müsbət heç nəyə şərait yaratmayan hesab edir: “Prezident Makron Kiyev rejiminə mütləq dəstəyi nümayiş etdirir və Fransanın hərbi münaqişədə birbaşa iştirak etməyə hazır olduğunu bəyan edir”. Peskovun sözlərinə görə, Fransa prezidentinin bu bəyanatları “nəzərə alsaq ki, Fransa NATO üzvü, Avropa İttifaqının üzvü, böyük Avropa dövlətidir, o zaman xüsusi əhəmiyyət kəsb edir”.
S.ELAY
XQ