Alim və müəllim ömrünün vətəndaşlıq qayəsi

post-img

Əhməd Məmmədov – 75

Qədim Borçalı mahalında doğulmuş, Azərbaycanda yüksək elmi-pedaqo­ji uğurlara nail olmuş, ölkənin tanınmış ziyalıları sırasında yer almış daha bir soydaşımız ömrünün 75 illik hesabatını, yurdsevər və məhsuldar ömür yolunun öyüncünü doğmaları, dostları, həmkarla­rı, çoxsaylı yetirmələri çevrəsində könül xoşluğu ilə paylaşır. Azərbaycan Texniki Universitetinin dosenti, Əməkdar müəl­lim Əhməd Məmmədovun növbəti yubi­leyini ölkənin elmi-pedaqoji ictimaiyyəti, bax, belə bir qədirbilənliklə qeyd edir.

Əhməd Adil oğlu Məmmədov 1949-cu il iyun ayının 9-da Gürcüstan Respub­likası Qardabani rayonunun Kosalı kən­dində anadan olub. Orta məktəbi dogma kəndində gümüş medalla bitirən gənc soydaşımız 1966-cı ildə Bakıya gəlib, Azərbaycan Politexnik İnstitutunun (indi­ki Azərbaycan Texniki Universiteti) elekt­rotexnika fakultəsinə daxil olub. Seçdiyi peşənin incəliklərinə həvəslə yiyələnmiş Əhməd 1974-cü ildə ali təhsilini radiotex­nika ixtisası üzrə başa vurub. 

Əmək fəaliyyətinə ikinci kursdan oxu­duğu ali məktəbin ümumi və nəzəri elek-trotexnika kafedrasında laborant vəzifə­sində başlayan gənc mütəxəssis orduda xidmətdən sonra taleyini birdəfəlik elek-trotexnika fakültəsinə və işlədiyi kafed­raya bağlayıb. Burada əvəlcə assistent, baş müəllim kimi çalışıb. Dissertasiya müdafiə edib texnika elmləri namizədi alimlik dərəcəsi aldıqdan sonra isə do­sent vəzifəsinə seçilib. 

Müəllim, alim, dekan müavini və ka­fedra müdiri kimi Əhməd müəllim ali təh­silli mühəndis kadrları hazırlığına, elek-trotexnika ixtisası üzrə ana dilində dərslik və dərs vəsaitləri yaradılmasına, yeni­liklərlə müşayiət olunan elmi tədqiqatlar aparılmasına samballı töhfələr verib. O, “Naqilsiz rabitə texnologiyaları”, “Radi­otexniki qurğular”, “Analoq elektron va­sitələr” kimi aparıcı ixtisas dərsliklərinin, 40-dan artıq metodik və dərs vəsaitinin, 100-dən artıq elmi məqalənin müəllifidir. Alim respublika və beynəlxalq elmi konf­ranslarda aktual mövzularda məruzələrlə çıxış edib. Ali təhsil sahəsində uzun illər səmərəli fəaliyyətinə görə Əhməd Məm­mədov 2020-ci ildə Əməkdar müəllim fəxri adına layiq görülüb.

Ömrünün bar-bəhrəli çağında Əh­məd müəllimlə müsahib olub, keçdiyi yola vətəndaşlıq və xalqa xidmət prizma­sından baxdıq. Albomunu vərəqləyəndə çoxsaylı şəkillərdə tələbələrin əhatəsində daha xoş əhval yaşadı, məmnun görün­düyü diqqətimizdən qaçmadı. Söhbətə də bu məqamdan başladıq. 

– Əhməd müəllim, baxdığımız fo­tolarda sizi daha çox tələbələrlə nə­yisə müzakirə edən vəziyyətdə görü­rük. Adətən, texniki fənn müəllimləri ciddi, tələbkar olur, tələbələrə zəhmli görkəmləri ilə təsir etməyə üstünlük verirlər. Siz gənclərin əhatəsində şa­irə, rejissora, müsiqiçiyə, rəssama bənzəyirsiniz.

– Doğru tutmusunuz. Mən öz ixtisa­sım qədər də ədəbiyyatı, teatrı, musiqini, rəssamlığı sevirəm. Sabahın mühəndisi­nin sənət zövqü olmasa, onun fəaliyyəti robotdan seçilməz. Yurd sevgisi hər kəsi vətənə daha yaxşı xidmətə həvəsləndirir. Gərək yetirmənə biliklə yanaşı, gözəllik duyğusu da verəsən. Təəssüf ki, tələbə­dən umacağı olan, ona verdiyindən çox tələb edən üzdəniraq, insafsız müəllim­lər də olur. Rabitə sahəsi cəmiyyətə ge­niş ünsiyyət imkanı qazandırdığına görə buradakı kadrlar da gərək həssas qəlbli, insansevər olsunlar. Dediyiniz şəkillər mə­nim tələbələrimlə belə söhbətlərimin yadi­garlarıdır.

Məndə bu anlayışı elmin və sənətin insan fəaliyyətində qoşa qanad olduğunu bizim nəsilə anlatmış dünya şöhrətli kri­talloqraf, vətəndaş alim Xudu Məmmə­dov, gənclərə həyata gözəllik prizmasın­dan baxmağın yüksək örnəyini aşılamış görkəmli filosof Camal Mustafayev, elmi fantaziyasını incəsənənətlə qanadlandı­ran akademik Azad Mirzəcanzadə, xalqı­mız üçün yüksək vətənpərvərlik poezi­yası yaratmış Bəxtiyar Vahabzadə kimi ziyalılarımıza olan sevgi, onların örnəyi yaradıb. Onlar tələbələrini mənəvi övlad­ları hesab edirdilər. O insanlar xalqımızı da hədsiz məhəbbətlə sevir və Azərbay­canımıza şərəf gətirirdilər. Mən həmişə çalışmışam ki, belə ali soydaşlarımızı tələbələrimə də sevdirim.

– Gənclik çılğın, bir az təkəbbürlü və tərs olur. Yəqin ki, muğam öyrət­məklə elektrotexnikanın, elektronika­nın quru, kodlarla ifadə olunan aləmin­dən mühazirə oxumaq xeyli fərqlidir.

– İxtisaslarda və onların təlimində fərqlər olsa da, əsas məsələ tələbəyə seçdiyi sahənin “dil”ini öyrətməkdir. Bu­nun üçün gərək onda maraq yaradasan. Tələbə müəlliminin onda yüksək dəyərlər yaratmaq istəyini duymasa qəlbini aç­maz, mühazirəsini dinləməz, heç onun­la şəkil də çəkdirməz. Mənim çoxsaylı tələbələrimin hamısı ilə ata-bala müna­sibətim olub. Yeri gələndə müşküllərinin həllinə də bacardığım köməyi eləmişəm. Onların arasında nazir də var, general da, alim də, Əməkdar mühəndis də. 

Ümumiyyətlə, Azərbaycanda ali ra­bitə təhsili əvvəldən yüksək səviyyədə qurulduğuna görə ölkəmiz bu sahə­də dünya öncülləri sırasındadır. Kənar mütəxəssislərə ehtiyacımız yoxdur. Ək­sinə, dünyanın müxtəlif yerlərində bizim kadrlar uğurla çalışırlar. Gənclərimiz dünən elektrotexnikaya böyük maraq göstərdikləri kimi, bu gün də elektronika və süni zəka sahəsini həvəslə mənimsə­yirlər. 

– Sizi böyük dünyaya qanadlan­dırmış Borçalıya övladlıq borcunuzu necə qaytarırsınız?

– Borçalı əzəli-əbədi sevgi ünvanım­dır. Həmişə sıx əlaqə saxlamışam. Gələ­nini-gedənini qarşılayıb yola salmışam. Müstəqilliyin ilk illərində soydaşlarımız dogma ellərində basqılara məruz qalanda mən də etirazımı bildirib, köçün qarşısını alanlardan olmuşam. Bu qədim diyarda milli-mənəvi dəyərlərimizin qorunması, zənginləşdirilməsi, problemlərin həllinə kömək mənim də fəalı olduğum “Borcalı” cəmiyyətinin əsas hədəflərindəndir. 

Son vaxtlar müəyyən qüvvələrin Bor­çalının yer adlarını dəyişmək cəhdi məni də kəskin hiddətləndirib. Buna yol ver­mək olmaz. O adlar min illərin milli mö­hürləridir. Bu möhür silindisə, Borçalını da Qərbi Azərbaycanın uğursuz taleyi gözləyər. 

Mən Borçalıda doğulub böyümüş bir ziyalı kimi bu yurdun övladlarının Qara­bağ zəfərinin qazanılmsında göstərdik­ləri hünərdən öyünc və məmnunluq du­yuram. Texniki Universitetlə yanaşı, Ali Hərbi İnstitutda dərs deməyim də ölkə­mizin müdafiə qüdrətinin güclənməsinə, hərbi mühəndis kadrları hazırlığına, az da olsa, töhfə verməklə bağlıdır. Ömrü­mün 75-ci ilinin tamamında ən yüksək duyğu-düşüncələrim də Azərbaycanımı­zın qalib ölkəyə çevrilməsi, xalqımızın başını dik tutması ilə bağlıdır.

Tahir AYDINOĞLU
XQ

Sosial həyat