Özünə dönən türkün şairi

post-img

Xalq şairi Sabir Rüstəmxanlının ta gənclik illərindən üzü bəri dostluq etdiyi gözəl şairimiz Məmməd İsmayıl məşhur şeirlərindən birində deyir:

Bir adam yol gedir bizdən qabaqda,

Yaxşı ki, dünyaya cığır açan var.

Onlar birlikdə çox yol gediblər, Yardımlı­da, Tovuzda, Çanaqqalada, dünyanın çox me­ridianlarında olublar və öndə gedən Vətən, millət sevgili sələflərinin açdığı cığırları yola çevirməyi bacarıblar. İndi özləri öndə gedir, məslək, əqidə yolçuluğunda mayaka çevri­liblər. 

Bir neçə ay öncə illərdən bəri Türkiyə­də yaşayan Məmməd İsmayıl səhhətindəki nasazlıq üzündən Vətənə qayıdanda Sabir bəy ona evində ilk baş çəkənlərdən oldu və millət, Vətən, ruh halı, Araz–Kür timsallı ömür-günlə bağlı aralarında olan söhbəti tam mətni ilə mediaya çıxardı. Təsadüfi deyil ki, filoloq-jurnalist, VHP mənsubu Nəsimi Şərəfxanlı Sabir Rüstəmxanlının ömür yolu barədə qələmə aldığı kitabını məhz onun dos­tuna aid misra ilə “Bir adam yol gedir bizdən qabaqda” adlandırıb. Bu həm də Milli Məclis deputatının VHP üzrə partiyadaşlarının qə­naətidir.

Sabir Rüstəmxanlı “sovet cəhənnəmin­də” doğulan, o quruluşun zəhərli havasında boğulmayan, əsir-yesir olmayan, şirin ana dilində, ata mülkündə özünəməxsus, bənzər­siz söz qalasını kərpic-kərpic, daş-daş hörən şəxsiyyətdir. O, “Ruhumuz sərhədsizdir”, – deyə-deyə möhtəşəmliyə yüksəlib: poeziya, publisistika və nəsrdə “qızıl qələm” işlədib, millətinin dərdlərini oxuyub, yaralarına məl­həm axtarıb, ən yüksək tribunalardan çəkin­mədən “mən türk oğlu türkəm, şah nəslin­dənəm!” – söyləyib. 

Bu misraları Sabir Rüstəmxanlı hələ uni­versitet tələbəsi olarkən, 18 yaşında qələmə alıb:

Keçirəm Moskva prospektindən

Təbriz xiyabanı həsrətiylə mən. 

Əlbəttə, gənc şair “Təbriz küçəsi” də deyə bilərdi. Bizcə, məhz “xiyaban” yazmağın bir sətiraltı mənası da Güney Azərbaycanda mil­li-azadlıq hərəkatına rəhbərlik etmiş, quzey­lərdə adına senzura yasağı qoyulmuş Şeyx Məhəmməd Xiyabanini təhtəlşüur xatırlat­maq olub. Kitabda ali təhsil ala-ala “Azər­kitab”da fəhlə, Səhiyyə nazirliyinin dərman anbarında qarovulçu işləyən, tələbə ikən bir məqaləsi ilə “Ədəbiyyat” qəzetinə işə götü­rülən, sonralar həmin “Azərkitab”ın da daxil olduğu Mətbuat və İnformasiya Nazirliyinə rəhbərlik edən, dəfələrlə deputat seçilən Sabir Rüstəmxanlının kimliyindən verilən işıqlı sətirlər də göstərir ki, o, həqiqətən də, tay-tuşlarından və ardıcıllarından qabaqda gedən dəyərli bir ziyalıdır. 

Sabir bəy hər zaman milli mənsubiyyəti ilə öyünə-öyünə bütün çətinliklərə sinə gə­rib, cahanı dolaşıb, əski Turan ellərini gəzib, öyrənə-öyrənə, öyrədə-öyrədə, yaza-yaza böyük əqidə yolunun həmişəlik yolçusuna çevrilib, qələm aləmimizə Rüstəmxanlı mö­hürünü vurub.

Səhifələrində bütün bunlar haqqında ət­raflı danışılan yeni kitab, şair-publisist, yazı­çı, türkoloq, dövlət adamı Sabir Rüstəmxan­lının ömür yoluna tutulan daha bir çıraq kimi maraqlıdır. “Ön söz”də redaktor Samir Əsədlinin yazdığı kimi, dünya türklərini qan yaddaşını unutmamağa, milləti həmrəyliyə çağıran və ona Ulu Tanrıdan kömək diləyən Sabir bəyin ucqar Hamarkənddən gələrək Bakının Azadlıq meydanında milyonlar qar­şısında alovlu çıxışlar etməsi, milli şüuru oyatması yaddaşlardadır. “Meydan sərkərdə­liyi tək onun gücü deyildi, minilliklər boyu yol gələn bir ruh davamçılığının gerçək ifa­dəsi idi – “Titrəyib özünə dönən Türk”ün qırımı idi.

Kitabdakı yazılar “Torpağı ot deyil, kişi göyərdən Vətən”, “Ucqar deyilən ucalıq­dan”, “Alim Sabir Rüstəmxanlı”, “Manifesti – Ömür kitabı”,“Bütöv Azərbaycana doğru” və digər başlıqlarla verilib. Hər biri də böyük maraqla oxunur. 

Şeirlərinin birində şair öz yaradıcılığının ilkin “parolu” və proqramı kimi Vətəni belə tərənnüm edib:

Ələsgərin sazıdı,

Qədim əlyazmasıdı,

Dahilər boylanır sətirlərindən –

Vətən,.. Vətən.

Sətirlərindən Sabir Rüstəmxanlı vüqarı boylanan və ünlü qələm sahibinin layiqincə qoruduğu ruh davamçılığından bəhs edən “Bir adam yol gedir bizdən qabaqda” kitabı həssas oxucu diqqətindən kənarda qalmaya­caq.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət