İstanbulda Etnospor mədəniyyət festivalı keçirilib. Tədbirdə ölkəmizi Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi təmsil edir.
Açılış mərasimindən sonra milli çadırlar, o cümlədən Azərbaycan çadırı da ziyarət edilib. Azərbaycan çadırına maraq böyük olub. Burada xalqımızın tarixinə və mədəniyyətinə dair guşələr nümayiş etdirilib. Azərbaycan çadırında məişətdə istifadə olunan əşyalar, qədim xalçalar, suvenirlər təqdim edilib.
Çadırda İsmayıllı rayonundan Ruhiyyə Süleymanova xalçatoxuma, Bakı şəhərindən rəssam İlahə Cəfərli miniatür rəsmləri, Qəbələ rayonundan ağacoyma üzrə mütəxəssis Şahin Rəhimov canlı olaraq əl işlərinin ustad dərslərini nümayiş etdiriblər.
Azərbaycan çadırında tariximiz, dövlətçiliyimiz və mədəniyyətimizə dair nəşrlər sərgilənib, ölkəmizin tarixi, mədəniyyəti, turizm gözəlliklərinə dair videomaterial mümayiş etdirilib.
Festivalda “Xəzər Xalq Rəqs Ansamblı” milli rəqslərimizi təqdim edib, Ağdam rayonunun Gülablı kənd uşaq musiqi məktəbinin müəllimi Habil Məmmədov və onun şagirdləri milli musiqilərimizi ifa ediblər.
Qeyd edək ki, festivalda Qarabağ atlarının keçidi və şou proqram da təqdim edilib.
Qafar ÇAXMAQLI
XQ-nin Türkiyə müxbiri